Qəbul imtahanına qeydiyyatı məktəblər təşkil edəcək? - AÇIQLAMA

Ali təhsil müəssisələrinə qəbul imtahanı üçün qeydiyyat bu gün başlayır. Abituriyentlər üçün ərizə qəbulunun I mərhələsi 18 fevral-5 mart tarixlərində aparılacaq. Bu mərhələdə bütün iştirakçılar qeydiyyatdan keçməli və imtahana qatılmaq üçün lazımi məlumatları təqdim etməlidirlər.
Qeydiyyatın forması ilə bağlı sual yaranır: abituriyentlər özləri şəxsən qeydiyyatdan keçməlidirmi, yoxsa bu proses onların təhsil aldığı məktəb tərəfindən həyata keçiriləcək?
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Sfera.az-a açıqlamasında bildirib ki, ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək istəyən abituriyentlər üçün məktələr texniki dəstək göstərə bilər:

“Yəni proses tam şəkildə Dövlət İmtahan Mərkəzinin (DİM) elektron sistemi üzərindən aparılır və bu qeydiyyat mərhələsi qəbul prosesinin ən əsas başlanğıc hissəsidir. Qeydiyyatla bağlı ən önəmli məsələ odur ki, abituriyentlərin məlumatları artıq sistemdə mövcud olsa da, hər bir şagird özü şəxsi kabinetinə daxil olaraq ərizəsini təsdiqləməlidir. Əks halda, o, qəbul imtahanı müsabiqəsində iştirak edə bilməyəcək. Burada məktəblərin rolu daha çox texniki və təşkilati dəstək xarakteri daşıyır. Yəni məktəb şagirdin yerinə qeydiyyatı tam şəkildə həyata keçirmir, sadəcə bəzi hallarda şagirdlərə kömək edə, istiqamət verə və prosesin düzgün tamamlanmasına nəzarət edə bilər. Xüsusilə 11-ci sinif şagirdləri üçün məktəblərdə məsul şəxslər vasitəsilə dəstək mexanizmi olur”.
Ekspertin sözlərinə görə, ümumi qayda belədir:
“Qeydiyyat şagirdin özünün şəxsi kabineti vasitəsilə aparılır və son təsdiq mütləq abituriyentin özü tərəfindən edilməlidir. Bu mərhələdə abituriyentlərin diqqətli olması vacibdir, çünki məlumatlarda edilən hər hansı səhv sonradan imtahan və müsabiqə mərhələsində ciddi problemlər yarada bilər. Ona görə də valideynlər və məktəb rəhbərliyi də şagirdlərə dəstək olmalı, amma əsas məsuliyyət yenə də abituriyentin üzərində qalır. Bu qeydiyyat mərhələsi 18 fevral-5 mart tarixlərini əhatə etdiyindən, tövsiyə edərdim ki, abituriyentlər prosesi son günlərə saxlamasınlar və ərizələrini vaxtında təsdiqləsinlər”.
Niyaz Hacıyev
Sfera.az
