Məktəblərdə rəqəmsal tədrisə keçid: Proqram necə dəyişməlidir?

Məktəblərdə rəqəmsal tədrisə keçid: Proqram necə dəyişməlidir?
Kateqoriya məlum deyil
T

Orta məktəblərdə şagirdlərə rəqəmsallaşma ilə bağlı ilkin biliklərin aşılanması üçün tədris proqramına müəyyən dəyişikliklər edilməlidir. Bu fikri Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirib. Dövlət başçısı çıxışında kadr hazırlığının əsas vəzifələrdən biri olduğunu vurğulayıb.

 

Prezident qeyd edib ki, Azərbaycan təhsil sistemində bu sahəyə daha böyük diqqət göstərməlidir:

 

“Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Ona görə nəzərə alsaq ki, bu, uzunmüddətli proses olacaq və bu proses ancaq və ancaq genişlənəcək, gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Təbii ki, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir".

 

Bəs tədris proqramında hansı dəyişikliklərin edilməsi vacibdir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəiliyev bildirib ki, artıq Azərbaycan rəqəmsal arxitektura üzrə müvafiq addımlar atmağa çalışır.

 

Onun sözlərinə görə, müasir dünyanın aparıcı ölkələri ilə ayaqlaşmaq üçün bu sahədə təməl indidən qoyulmalıdır:

 

 

“Bu istiqamətə cənab prezident çox mükəmməl şəkildə müvafiq qurumlara tapşırıqlar verdi. Hazırda ali təhsil müəssisələrində kadr hazırlığı istiqamətində müəyyən yeniliklər edilməlidir. İlkin olaraq, kadr hazırlığında olan çatışmazlıq gənclərin sadəcə nəzəri biliklərə sahib olamaması, praktiki bacarıqların da öyrəilməsi mütləqdir. Hazırda işəgötürənlər tərəfindən də əsas problem kimi bu göstərilir. Ali təhsil müəssisələrinin rəhbərlərinə bu istiqamətdə böyük məsuliyyət düşür. Digər tərəfdən, orta ümumtəhsil müəssisələrində təhsil proqramının dəyişdirilməsidir. Hazırda tədris proqramı kifayət etmir. Uşaqlar qəbul proqramının sadəcə 10-15 faizini mənimsəyə bilirlər. Bu səbəbdən də uşaqlar repetitor yanına getməyə ehtiyac duyur. Məktəblər müasir dövrün tələblərinə, rəqəmsallaşmaya uyğun olaraq tədrisi həyata keçirməlidir. Dünya nəhəngləri süni intellektə 400 milyona yaxın sərmayə qoyublar. Bu o deməkdir ki, yaxın gələcəkdə süni intellekt bütün sahələri öz caynağına alacaq”.

 

Mütəxəssis qeyd edib ki, orta ümumi təhsil müəssisələrində süni intellekt dərsləri keçirilməlidir:

 

“Bu səbəbdən tədris proqramı mütləq dəyişdirilməlidir. Həmçinin, məktəblərdə əyani dərslik vasitələrindən istifadə olunmalıdır, artıq əlində qlobusla sinifə girən müəlimin, hansısa kağız daşıyıcı ilə sinifdə dərs izah edən müəllimin dövrü getdi. Biz sinifdə Nizami Gəncəvinin portretini göstərib “Bu Nizami Gəncəvidir” deyiriksə, tədris prosesində müasir dövrün metodikasından istifadə olunmur. Müasir dövrün metodikası elektronikadır, şagird “Google”a Nizami Gəncəvi yazan kimi avtomatik məlumatlara çıxış əldə edə bilir. Bu, şagirdə də qəribə gəlir. Uşaq telefonda dünyanın necə döndüyünü real olaraq müşahidə edə bilir. Məhz bu səbəbdən də cənab prezident bu işlərin görülməsi ilə bağlı tövsiyələrini müvafiq qurumlara bildirib”.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ