Məktəblərimizdə süni intellekt əsaslı qiymətləndirmə olacaq? - EKSPERT RƏYİ

Çin məktəblərində ev tapşırıqlarının yoxlanılması artıq süni intellektə həvalə olunduğu iddia olunub. Bildirilib ki, neyroşəbəkələr şagirdlərin əl yazısı ilə yazılmış dəftərlərini skan edərək səhvləri avtomatik müəyyənləşdirir və qiymətləndirmə aparır.
Qeyd olunub ki, yeni texnologiya əsasən riyaziyyat, fizika və digər dəqiq fənlər üzrə tapşırıqları saniyələr ərzində yoxlamağa imkan yaradır. İnşa və yaradıcı yazı işlərində isə yekun qiymətləndirmə səlahiyyəti hələ də müəllimlərdə saxlanılır. Bunun səbəbi alqoritmlərin məna çalarlarını və yaradıcı yanaşmanı tam dəqiqliklə analiz etməkdə çətinlik çəkməsidir.
Məlumata əsasən, bu sistem artıq Şanxay, Pekin və digər iri şəhərlərdə yüzlərlə məktəbdə tətbiq edilir. “SPARK AI Grader” kimi texnoloji həllər müəllimlərin iş yükünü əhəmiyyətli dərəcədə azaldaraq onların diqqətini mexaniki yoxlamadan daha çox şagirdlərlə tədris və izah prosesinə yönəltməyə şərait yaradır.
Bu cür süni intellekt əsaslı qiymətləndirmə sistemlərinin Azərbaycanda tətbiqi nə dərəcədə realdır və belə bir yenilik təhsil sistemində hansı dəyişikliklərə yol aça bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, süni intellekt hər gün inkişaf edir və informasiya texnologiyalarında sürətli dəyişikliklər baş verir:

“Bu inkişaf artıq müasir dövrün çağırışlarına, tələblərinə uyğunlaşmağı zəruri edir və bütün sahələrdə süni zəkanın, informasiya texnoloji alətlərinin tətbiqini haqq qazandırır. Hazırda Çin məktəblərində bu istiqamətdə artıq işlər görülür. Düşünürəm ki, yaxın gələcəkdə ölkəmizdə də bu kimi tətbiqlər həyata keçirilməyə başlanacaq. Bu tətbiqlər onu vəd edir ki, artıq ev tapşırıqlarına görə müəllim vaxt itirməyəcək. Müəllimin şagirdlərə verdiyi ev tapşırıqları süni intellekt tərəfindən bir növ köməkçi funksiyası çərçivəsində yoxlanılacaq və qiymətləndiriləcək. Yalnız müəllim xüsusi korrektələr edərək qiymətlərdə dəyişikliklər edə biləcək”. Ekspertin fikirinə əsasən, eyni zamanda, süni intellektin inkişafı onu deməyə əsas verir ki, gələcəkdə dərslərin tədrisində məhz interaktiv metodlardan istifadə olunacaq, tədris prosesi daha səmərəli təşkil ediləcək, şagirdlər üçün təhsil standartlarının təmin olunması və müəllimlərə müvafiq dəstəyin verilməsi mümkün olacaq: “Bütün bunlar süni intellektin köməkçi funksiyanı yerinə yetirməsi ilə həyata keçiriləcək. Bütün bunların müsbət tərəfləri çoxdur. Lakin bir neçə il sonra bu proses tam şəkildə idarəni ələ aldıqda, insan əməyini müəyyən mənada sıradan çıxara bilər. Bu isə xoş qarşılanan bir vəziyyət olmasa da, keçdiyimiz prosesin qaçılmaz nəticəsi kimi baş verəcək”.
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli saytımıza verdiyi açıqlamada bildirib ki, Çin təhsil sistemindəki bu inqilabi addım əslində müasir pedaqogikanın ən böyük ağrılı nöqtələrindən birinə– müəllim tükənməsinə qarşı verilmiş ən kəskin reaksiyadır:

“Bu texnologiyanın Azərbaycanda tətbiqi sadəcə "nə vaxtsa" baş verəcək bir xəyal deyil, rəqəmsal transformasiya strategiyamızın məntiqi davamı kimi qiymətləndirilməlidir. Biz artıq "Rəqəmsal Məktəb" və "Virtual Məktəb" platformaları ilə müəyyən bir baza formalaşdırmışıq, lakin “SPARK AI” kimi sistemlərin ölkəmizə gəlişi təhsildə keyfiyyət anlayışını kökündən dəyişə bilər. Azərbaycanda bu sistemin tətbiqi ilk mərhələdə xüsusilə dəqiq fənlər üzrə repetitorluq yükünü və məktəbdaxili rutin yoxlamaları minimuma endirmək baxımından olduqca real görünür. Təsəvvür edin, müəllim hər axşam onlarla dəftəri vərəqləyib mexaniki səhvləri axtarmaq əvəzinə, sistemin hazırladığı analitik hesabatı nəzərdən keçirir. Süni intellekt müəllimə sadəcə "kim səhv etdi" sualının cavabını vermir, o həm də "sinif hansı mövzunu qavramayıb" sualını cavablandırır. Məsələn, əgər sistem bir sinifdə şagirdlərin 80%-nin triqonometrik tənliklərdə eyni növ səhvə yol verdiyini skan edirsə, müəllim növbəti dərsi məhz həmin boşluğu doldurmağa fokuslayır. Bu, təhsildə "data əsaslı idarəetmə" deməkdir”.
Ə.Həsənli bununla belə, Çin nümunəsində qeyd olunan "yaradıcı yazı" məhdudiyyətinin bizim üçün də keçərli olduğunu qeyd edib:
“Azərbaycan dili və ədəbiyyatı kimi fənlərdə şagirdin ruhunu, duyğusunu və orijinal yanaşmasını alqoritmlərə təslim etmək hələ ki, erkəndir. Lakin riyaziyyat və fizika kimi universal dili olan fənlərdə bu texnologiya şagirdlərdə dərhal rəy almaq vərdişini formalaşdıracaq. Şagird səhvini bir həftə sonra yoxlanılmış dəftərdə deyil, elə həmin an tətbiq vasitəsilə görəndə öyrənmə dövrəsi qısalır və effektivlik artır. Azərbaycan təhsilində bu yenilik həm də subyektivlik faktorunu aradan qaldıra bilər. Qiymətləndirmədə şəffaflıq artar və müəllim-şagird münasibətləri "bal kəsmək" üzərindən deyil, mentorluq üzərindən qurulmağa başlayar. Müəllimin rolu bilik ötürücüsündən daha çox, bələdçiyə çevrilər. Əlbəttə, bunun üçün ilk növbədə müəllimlərimizin texnoloji savadlılığı və məktəblərin yüksək sürətli skan texnologiyaları ilə təminatı prioritet olmalıdır. Yekun olaraq, süni intellekt müəllimi əvəz etmək üçün deyil, müəllimi azad etmək üçün gəlir- onu kağız dağlarının arasından çıxarıb şagirdin gələcəyini daha dərindən planlamağa imkan yaradır”.
Fidan Hacızadə
Sfera.az
