Dövlət bağçalarında yer azlığı: Problemin kökü nədədir?

Dövlət bağçalarında yer azlığı: Problemin kökü nədədir?
Kateqoriya məlum deyil
T

Azərbaycanda hər il bağçalarda yer problemi ilə üzləşən valideynlərin sayı artır. Dövlət bağçalarına övladını yerləşdirmək istəyən valideynlərin adları növbələrə yazılır, lakin bir çox hallarda onlar aylarla gözləməli olurlar. Bəzi ailələr isə çıxış yolunu ödənişli özəl bağçalarda görür. Bu isə hər ailənin maddi imkanları daxilində deyil. 2025-ci ilin iyulunda açıqlanan məlumata görə, 1–5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi 38 faiz təşkil edir. Halbuki 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında bu göstəricinin 50 faizə çatdırılması nəzərdə tutulub. Digər tərəfdən, ölkədə əhalinin, o cümlədən uşaqların sayının artması fonunda məktəbəqədər təhsil müəssisələrinə tələbat da gündəmdədir.

Dövlət yeni bağçaların tikilməsi, alternativ təhsil modellərinin tətbiqi və özəl bağçalarla əməkdaşlıq istiqamətində addımlar atsa da, valideynlərin dövlət bağçalarında yer tapmaqla bağlı narazılıqları davam edir.Bəs problem nədən qaynaqlanır? Ölkədə bağça yaşında uşaqların sayı ilə mövcud bağça yerləri arasında nə qədər fərq var?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Leyla Gəncivanqızı bildirib ki, məsələni yalnız bağçaların sayı ilə əlaqələndirmək düzgün deyil.

Onun sözlərinə görə, problem bir neçə amilin birləşməsindən yaranır:

“Əsas səbəblərdən biri, əlbəttə ki, ərazi bölgüsünə görə məktəbəqədər yaşda uşaqların sayının artmasıdır. Xüsusilə böyük şəhərlərdə əhali sıxlığı daha yüksəkdir və valideynlər uşaqlarını evlərinə yaxın bağçaya yerləşdirmək istəyirlər. Nəticədə bəzi bağçalarda növbə çox uzun olur, digər ərazilərdə isə imkanlar nisbətən fərqli ola bilər. Qarşıya qoyulan hədəfə çatmaq üçün sadəcə yeni binaların tikilməsi yox, sistemli yanaşma lazımdır. Çünki məktəbəqədər təhsil uşağın gələcək təhsil həyatının ilk təməlidir. Uşaq bağçaya yalnız nəzarət olunması üçün getmir. Orada sosiallaşır, ünsiyyət qurur, özünü ifadə etməyi və kollektivdə davranmağı öyrənir”.

L.Gəncivanqızı qeyd edib ki, hər bir sahədə inkişaf getdiyi kimi, təhsilin məktəbəqədər pilləsində də xeyli inkişaf var:

“Dövlət başçısı cənab İlham Əliyev və birinci Vitse-prezident Mehriban Əliyeva yeni uşaq bağçalarının açılışında şəxsən iştirak ediblər. Əsas məsələ yeni bağçaların tikilməsi ilə yanaşı, bu təhsil müəssisələrinin imkanlarından daha səmərəli istifadə edilməsidir. Problemin hər iki tərəfi var, amma bunu dəqiq rəqəmlərlə qiymətləndirmək üçün uşaqların sayı, dövlət və özəl bağçaların real tutumu, növbədə olan uşaqların sayı və ərazilər üzrə bölgü birlikdə nəzərdən keçirilməlidir. Əgər bir ərazidə yüzlərlə uşaq növbədədirsə, amma həmin ərazidə yeni bağça sayı azdırsa, bu, artıq infrastruktur məsələsidir. Digər tərəfdən, elektron növbə və qəbul sistemimiz var ki, şəffaf formada işləyir və mövcud yerlərdən maksimum səmərəli istifadə olunur. Təbii ki, valideyn bağça axtararkən aylarla növbə gözləməməlidir. Çünki burada söhbət təkcə valideynin rahatlığından getmir. Vacib məsələ uşağın erkən inkişafından, sosiallaşmasından və gələcək təhsil imkanlarının bərabərliyindən gedir. Müəyyən faizə yüksəltmək sadəcə statistik göstəricini artırmaq deyil, daha çox uşağın keyfiyyətli məktəbəqədər təhsilə çıxışını təmin etmək deməkdir”.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR