Təhsil eksperti məktəblərdə yayılan “İltizam” sənədi barədə : "Hüquqi deyil"

Xəbər verdiyimiz kimi, son vaxtlar bir çox məktəblərdə valideynlərdən “İltizam” adlı sənədi imzalamaq tələb olunur. Sənədə əsasən, valideynlər övladlarının məktəbdəki davranış və nizam-intizam qaydalarına əməl etməsinə görə tam məsuliyyəti üzərlərinə götürürlər.
Sənəddə geyim forması, dərsə davamiyyət, məktəb əmlakına zərər vurmaq, dərsdən qaçma, həmçinin pedaqoji heyətə qarşı hörmətsizlik kimi hallara görə valideynin məsuliyyət daşıdığı qeyd olunur. Hətta bəzi hallarda məktəbin rəhbərliyinin uşağa qarşı qəbul etdiyi qərarlara valideynin etiraz etməyəcəyi bəndi də yer alır.
Bu praktika valideynlər arasında ciddi müzakirələrə səbəb olub. Bəziləri sənədi məktəbdə intizamın qorunması üçün zəruri hesab etsə də, digərləri bunun hüquqi əsasının olmadığını və valideynlərin təzyiq altında imza atmağa məcbur qaldığını bildirir. Bu suallar ətrafında müzakirələr davam edir.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, “İltizam” sənədinin imzalanması qanuni tələbat deyil. Onun sözlərinə görə, məktəblərdə valideynlərdən “İltizam” adlı sənədin imzalanması təhsil sistemində son illərdə müşahidə olunan yeni intizam və məsuliyyət mexanizmlərinin bir formasıdır:

“Təhlil göstərir ki, bu sənədin məqsədi uşaqların davranışına, geyiminə, davamiyyətinə və məktəb qaydalarına riayətinə görə valideyn məsuliyyətini formallaşdırmaqdır. Lakin bu cür sənədlərin hüquqi əsası, pedaqoji səmərəliliyi və praktik nəticələri fərqli tərəflərdən qiymətləndirilməlidir. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 34.1-ci maddəsinə əsasən, valideyn (və ya qanuni nümayəndə) uşağın təhsil alması, onun məktəbə davamiyyəti, tədris prosesində iştirakı və davranışı ilə bağlı məsuliyyət daşıyır. Bu məsuliyyət qanunvericiliklə artıq müəyyən olunub və əlavə sənədlərlə təsdiqlənməsinə hüquqi ehtiyac yoxdur. Yəni “İltizam” sənədi hüquqi baxımdan yeni bir öhdəlik yaratmır, sadəcə mövcud qanunvericilikdəki məsuliyyətləri yazılı şəkildə xatırladır və konkretləşdirir. Bu baxımdan o, formallaşdırılmış xatırlatma sənədi funksiyasını daşıya bilər. Lakin məsələnin digər tərəfi olan hüquqi məcburilik ciddi müzakirə tələb edir.
Valideynin belə bir sənədi imzalamaqdan imtina etməsi onun hüquqlarını pozmur və uşağın təhsil almaq hüququna (Konstitusiyanın 42-ci maddəsinə əsasən) heç bir məhdudiyyət gətirə bilməz. Məktəb dövlət təhsil müəssisəsi olduğu üçün valideynin imzası təhsil hüququnun təmin olunması üçün şərt ola bilməz. Bu baxımdan, “İltizam” yalnız tövsiyəvi və etik razılaşma xarakteri daşıya bilər, lakin məcburi inzibati sənəd hesab edilə bilməz”.
Ekspert qeyd edib ki, Elm və Təhsil Nazirliyi 2022-ci ildən etibarən “Məktəb daxili intizam qaydaları” model sənədini təsdiq edib:
“Həmin sənəddə qeyd olunur ki, məktəbin nizam-intizam qaydaları pedaqoji şurada müzakirə olunaraq direktorun əmri ilə təsdiqlənir və valideynlər bu qaydalarla tanış edilməlidir. Yəni valideynin məktəb qaydalarından xəbərdar olması zəruridir, lakin bunun üçün ayrıca “İltizam” sənədinin imzalanması qanuni tələbat deyil. Təhlillər göstərir ki, “İltizam” sənədlərinin tətbiqi bəzi məktəblərdə intizamın qorunmasına və valideyn–məktəb əlaqələrinin güclənməsinə müəyyən qədər müsbət təsir göstərib. 2023-cü ildə Bakı və Gəncə şəhərlərində 60 məktəbdə aparılan daxili monitorinqlərin nəticələrinə əsasən, valideynlərlə bu cür razılaşmaların olduğu məktəblərdə şagirdlərin dərsə davamiyyətində 7–10% artım müşahidə olunub, davranış pozuntularının sayı isə 15%-ə qədər azalıb. Bu, sənədin maarifləndirici və motivasiyaedici təsirini göstərir”.
K.Əsədovun fikrincə, bu praktikanın mənfi cəhətləri də az deyil. Müsahibimiz bu xüsusda dünya təcrübəsində də nümunə gətirib:
“Birincisi, bəzi hallarda “İltizam” sənədi məktəbin öz üzərinə düşən məsuliyyətin valideynə ötürülməsi kimi anlaşılır. Halbuki “Təhsil haqqında” Qanunun 16.2-ci maddəsinə əsasən, məktəb rəhbərliyi şagirdin təhlükəsizliyinə, psixoloji və pedaqoji rifahına görə məsuliyyət daşıyır. Bu məsuliyyətin valideynlərlə bölüşdürülməsi mümkün olsa da, onun tam şəkildə ötürülməsi hüquqi baxımdan əsassızdır. İkincisi, bəzi “İltizam” formalarında şagirdin geyimi, saç düzümü və ya estetik görünüşü kimi məsələlərdə sərt tələblər irəli sürülür ki, bu da fərdi azadlıqların məhdudlaşdırılması kimi qiymətləndirilə bilər. Təhsil qanunvericiliyi yalnız təlim mühiti ilə bağlı ümumi qaydaları müəyyən edir, şagirdin şəxsi estetik seçiminə müdaxilə hüquqi əsas kimi tanınmır.
Dünya təcrübəsində bu cür razılaşmaların fərqli modelləri mövcuddur. Məsələn, Böyük Britaniyada “Parent-School Partnership Agreement” adlı sənədlər var, lakin onlar hüquqi öhdəlik deyil, etik razılaşma formasındadır. ABŞ-da bəzi ştatlarda “Student Conduct Contract” adlandırılan sənədlər tətbiq olunur, amma bu sənədlər yalnız intizam pozuntusu hallarında tətbiq edilir və şagirdin təhsil hüququnun məhdudlaşdırılması məqsədi daşımır. Finlandiya və Estoniyada isə bu cür sənədlər yoxdur, amma məktəb–valideyn əlaqələri müntəzəm valideyn şuraları və geribildirim mexanizmləri üzərindən qurulur. Bu, məsuliyyət bölgüsünü hüquqi deyil, sosial və etik səviyyədə tənzimləməyə imkan verir. Azərbaycan kontekstində isə “İltizam” sənədi əgər etik razılaşma, qarşılıqlı məsuliyyətin möhkəmləndirilməsi və valideynlə məktəb arasında əməkdaşlıq üçün vasitə kimi istifadə edilirsə, o zaman müsbət nəticə verə bilər. Amma bu sənəd şərti təzyiq və ya təhsil hüququnun məhdudlaşdırılması vasitəsinə çevrilərsə, məqsədindən uzaqlaşır”.
Mütəxəssis hesab edir ki, “İltizam” sənədlərinin tətbiqi niyyətcə düzgün, lakin hüquqi cəhətdən məhdud sənəddir:
“Onun məqsədi valideynləri maarifləndirmək, uşağın məktəbdəki davranışı və inkişafı üçün ortaq məsuliyyət yaratmaq olmalıdır. Elm və Təhsil Nazirliyi bu prosesə nəzarəti sistemləşdirməklə, məktəblərə vahid “məsuliyyət razılaşması” forması təqdim etməklə, həm hüquqi, həm də pedaqoji balansı qoruya bilər. Bu, məktəbin intizamını təmin etməklə yanaşı, valideynin hüquqlarını da qoruyar. Beləliklə, “İltizam” mexanizmi cəza və nəzarət vasitəsi kimi deyil, əməkdaşlıq və qarşılıqlı inamın formalaşdırılmasına yönəlmiş bir maarifləndirici mexanizmə çevrildiyi halda təhsildə məsuliyyət bölgüsünün sağlam modelinə gətirib çıxara bilər”. Firuzə Əliyeva Sfera.az






