Ceyhun Məmmədov: "Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edəcək"

Ceyhun Məmmədov: "Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edəcək"
Kateqoriya məlum deyil
T

Məktəblərdə şagirdlərin geyim qaydalarına dair yeni dəyişiklik edilib. Nazirlər Kabinetinin qərarına əsasən, müəyyən edilmiş məktəb formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəyə icazə verilməyəcək.

Bununla yanaşı, “dünyəvilik prinsipinə uyğun olmayan geyim” anlayışının konkret olaraq hansı geyimləri əhatə etdiyi və bu tələbin tətbiqi zamanı hansı meyarların əsas götürüləcəyi diqqət çəkir.

Qərara əsasən, bu məsələlərlə bağlı qərarların məktəbin Pedaqoji Şurası tərəfindən verilməsi də nəzərdə tutulur.

Bəs “dünyəvilik prinsipinə uyğun olmayan geyim” dedikdə konkret olaraq hansı geyimlər nəzərdə tutulur? Bu qaydanın tətbiqi zamanı subyektiv yanaşmalara yol verilə bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, vahid məktəbli formasının əsas məqsədi təhsil müəssisəsində vahid, səliqəli, rahat və tədris prosesinə uyğun geyim mühitinin formalaşdırılmasıdır.

Deputatın sözlərinə görə, məktəb mühitində şagirdlər arasında bərabərliyin təmin olunması əsas prinsiplərdən biridir:

“Şagirdlər sosial statusundan, ailəsinin maddi imkanlarından, etnik və dini mənşəyindən asılı olmayaraq eyni şərtlərdə təhsil almalı və bərabər imkanlara malik olmalıdırlar. Azərbaycan təhsil sistemi dünyəvi xarakter daşıyır. Bu baxımdan məktəb bütün şagirdlər üçün neytral və inklüziv mühit olmalıdır. Vahid məktəbli forması şagirdlər arasında bərabərliyin və vahid məktəb mühitinin təmin olunmasına xidmət edir. Eyni zamanda, bu, uşaqlarda kollektivə aidlik, məsuliyyət və məktəb kimliyi hissinin formalaşmasına müsbət təsir göstərə bilər. Şagirdlərin eyni mühitdə bir-birindən sosial və maddi baxımdan fərqlənməməsi onların münasibətlərində də mühüm rol oynayır, sosial-iqtisadi fərqlərin və ayrı-seçkilik risklərinin azalmasına şərait yaradır”.

C.Məmmədov qeyd edib ki, məktəbli geyimi məsələsinə yalnız geyim qaydası kimi deyil, həm də təhsil mühitinin formalaşdırılması və sosial adaptasiya baxımından yanaşmaq lazımdır:

“Geyim kodeksinə riayət olunması məktəb-valideyn əməkdaşlığının güclənməsinə də töhfə verə bilər. Təhsil müəssisəsində daxili nizam-intizam qaydalarına riayət etmək həm şagirdlər, həm də valideynlər üçün vacibdir. Burada əsas məqsəd hər hansı ayrı-seçkiliyə yol vermək deyil, ümumi məktəb qaydalarının bütün şagirdlər üçün eyni şəkildə tətbiq edilməsidir. Məktəbli forması tədris prosesinə və şagirdlərin yaş xüsusiyyətlərinə uyğun, rahat və praktiki istifadə prinsipləri əsasında müəyyən edilir.

Bu baxımdan vahid məktəbli formasının əsas hədəfi məktəbə aidlik hissini gücləndirmək, bərabər mühit yaratmaq və təhsil prosesinə uyğun şərait formalaşdırmaqdır”.

Deputat əlavə edib ki, təhsil müəssisəsində müəyyən edilmiş ümumi prinsiplərə və etik çərçivələrə uyğun olmayan geyimlərə yol verilməməlidir.

Onun sözlərinə görə, bu məsələdə əsas diqqət məktəb mühitinin vahidliyinin və təhsil prosesinin normal təşkilinin qorunmasına yönəldilməlidir.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR