Gedənlərin 63 faizi qayıtmır - Azərbaycandan beyin axını güclənir

Gedənlərin 63 faizi qayıtmır - Azərbaycandan beyin axını güclənir
Kateqoriya məlum deyil
T

Azərbaycanlı gənclərin xaricdə təhsilə marağı son illər nəzərəçarpacaq dərəcədə artıb. Xüsusilə Avropa və region ölkələrinin universitetlərində təhsil alan tələbələrin sayı ildən-ilə çoxalır. 


Tendensiya göstərir ki, gənclər təkcə xarici təhsil mühitinə çıxış əldə etmək deyil, həm də qlobal əmək bazarında rəqabətədavamlı olmaq xarici ölkələrin universitetlərinin diplomunu və praktiki bilik qazanmağa üstünlük verirlər. Eyni zamanda, xaricdə təhsil seçimi artıq yalnız prestijli universitetlərlə məhdudlaşmır, tələbələr təhsil xərcləri, yaşayış şəraiti, qəbul tələbləri və məzun olduqdan sonra iş imkanları kimi amilləri də əsas götürürlər.


Bugünlərdə Macarıstanın Azərbaycandakı səfiri bildirib ki, hazırda bu ölkədə 1500-dən artıq azərbaycanlı tələbə təhsil alır. Səfir son illərdə Macarıstanda təhsil alan Azərbaycan vətəndaşlarının sayının artdığını qeyd edib. 

 

Azərbaycan tərəfinin məlumatına əsasən isə onların təxminən 400-ə yaxını dövlət proqramları çərçivəsində təqaüdlə təhsil alan şəxslərdir. Qalan tələbələr fərdi imkanları hesabına Macarıstanda oxuyurlar.


Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycan gənclərinin xaricdə təhsilə marağı son onillikdə davamlı şəkildə artıb və bu, həm qlobal əmək bazarına inteqrasiya, həm də yerli təhsil sisteminə alternativ axtarış kimi qiymətləndirilə bilər. 

 

Onun sözlərinə görə, Dövlət Statistika Komitəsinin və Elm və Təhsil Nazirliyinin 2024-cü il məlumatlarına əsasən, hazırda 30 mindən çox azərbaycanlı tələbə müxtəlif ölkələrin ali məktəblərində təhsil alır. Onların təxminən 20 faizi dövlət xətti ilə, yəni ikitərəfli hökumətlərarası sazişlər və “2007–2025 Xaricdə Təhsil üzrə Dövlət Proqramı” çərçivəsində, qalanları isə öz vəsaiti hesabına oxuyur.

 

Ekspert qeyd edib ki, ən çox tələbə Türkiyə, Rusiya, Gürcüstan, Macarıstan, İtaliya, Polşa, Almaniya və Böyük Britaniyada təhsil alır:

 

“Türkiyə ən populyar istiqamət olaraq qalır. Burada 10 mindən çox azərbaycanlı tələbə təhsil alır. Bu üstünlük ilk növbədə dil və mədəni yaxınlıq, təhsil xərclərinin münasib olması və diplomların Azərbaycanda tanınması ilə bağlıdır. Üstəlik, Türkiyə təhsil sisteminin sisteminin struktur baxımından Bolonya prosesinə uyğunluğu, tədrisin çevikliyi və tələbə həyatının sosial baxımdan əlçatan olması Türkiyəni Azərbaycan gəncləri üçün ən real seçim edir.

Rusiya ikinci əsas istiqamətdir. Burada təxminən 6 minə yaxın azərbaycanlı tələbə təhsil alır. Rusiyanın texniki və mühəndislik ixtisasları üzrə qədim akademik ənənələri, həmçinin MDB məkanında diplomların tanınması bu seçimi stimullaşdırır. Lakin son illər Qərb ölkələrinə miqrasiya tendensiyasının artması Rusiya istiqamətində nisbətən azalma yaradıb”.

 

K.Əsədov nəzərə çatdırıb ki, Macarıstan son illərdə xüsusi diqqət çəkən yeni istiqamətdir:

 

“Burada hazırda 1500-dən çox azərbaycanlı tələbə təhsil alır ki, onlardan 400-ə yaxını dövlət xətti ilə “Stipendium Hungaricum” təqaüd proqramı çərçivəsində oxuyur. Bu proqram tələbələrə pulsuz təhsil, yaşayış xərclərinin qarşılanması və Avropa diplomu əldə etmək imkanı yaradır. Macarıstanın Avropa İttifaqına üzv olması və təhsil sisteminin Bolonya standartlarına tam uyğunluğu bu ölkəni azərbaycanlı gənclər üçün strateji təhsil mərkəzinə çevirib".

 

Mütəxəssis nəzərə çatdırıb ki, Polşa, Almaniya və İtaliya da son illərdə populyarlığını artırıb:

 

“Polşada təxminən 2000 azərbaycanlı tələbə təhsil alır. Burada əsas üstünlük aşağı təhsil haqqı və Avropa kredit sisteminin (ECTS) çevikliyi ilə bağlıdır. Almaniya daha çox yüksək akademik keyfiyyət və təcrübə əsaslı tədris sistemi ilə fərqlənir, lakin dil baryeri və qəbul tələbləri səbəbindən yalnız akademik hazırlığı güclü tələbələr bu ölkəni seçir.

Qərb ölkələrinə üz tutan tələbələrin motivasiyası təkcə təhsil səviyyəsi deyil, həm də gələcək karyera perspektivləri və sosial təhlükəsizliklə bağlıdır. Böyük Britaniya və Kanada kimi ölkələrdə tələbələr təhsildən sonra 2–3 il qalaraq işləmək imkanı əldə edirlər, bu da onları daha çox cəlb edir. Məsələn, “Graduate Route” və “Post-Graduation Work Permit” proqramları azərbaycanlı gənclər üçün real karyera imkanı yaradır”.

 

 

K.Əsədov əlavə edib ki, Azərbaycanın “Xaricdə Təhsil üzrə Dövlət Proqramı” bu prosesi istiqamətləndirən əsas dövlət mexanizmidir:


“2007–2025-ci illəri əhatə edən proqram çərçivəsində indiyədək 6 mindən çox tələbə dünyanın aparıcı universitetlərinə göndərilib. Bu proqramın əsas məqsədi yalnız gənclərin xaricdə təhsil alması deyil, həm də onların ölkəyə qayıdaraq əldə etdikləri bilik və təcrübəni milli inkişafın xidmətinə yönəltməsidir. Elm və Təhsil Nazirliyinin 2024-cü ildə başladığı “Geri dönüş” təşəbbüsü bu məzunların yerli əmək bazarına inteqrasiyasını gücləndirmək məqsədi daşıyır və bu, müsbət istiqamətdə addımdır".


Ekspert öz hesabına təhsil alan tələbələrin isə əksəriyyətinin Azərbaycana qayıtmadığını da qeyd etdi:

 

"Öz hesabına xaricdə təhsil alan tələbələrin böyük qismi təhsilini bitirdikdən sonra Azərbaycana qayıtmır. 2023-cü ilin rəsmi göstəricilərinə əsasən, xaricdə təhsil alan azərbaycanlıların yalnız 37 faizi vətəndə işləməyə başlayıb. Bu isə “beyin axını” problemini aktuallaşdırır. Həmin tələbələrin qayıdışını stimullaşdırmaq üçün dövlət səviyyəsində karyera dəstəyi, vergi güzəştləri və elmi layihələrdə iştirak imkanlarının genişləndirilməsi vacibdir.

Dünya təcrübəsində Koreya, Sinqapur və Estoniya kimi ölkələr xaricdə təhsil alan gənclərin geri dönüşünü təmin etmək üçün maraqlı mexanizmlər tətbiq edir. Məsələn, dövlət təqaüdü alan tələbə təhsildən sonra müəyyən müddət ölkəsində işləməlidir və bu, milli insan kapitalının itkisinin qarşısını alır. Azərbaycanda da “dövlət təqaüdü ilə oxuyan tələbələrin məcburi xidmət müddəti” ideyası müzakirəyə çıxarıla bilər”.

 

Ekspert söylədi ki, azərbaycanlı tələbələrin xaricdə təhsil coğrafiyası genişlənir və bu, ölkənin beynəlxalq akademik inteqrasiyası üçün müsbət tendensiyadır:

 

“Türkiyə, Macarıstan və Polşa kimi ölkələrin populyarlaşması göstərir ki, gənclər həm keyfiyyət, həm də əlçatanlıq balansına önəm verirlər. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə apardığı siyasət  beynəlxalq təqaüd proqramlarının genişləndirilməsi, diplom tanınması mexanizmlərinin sadələşdirilməsi və gənclərin geri dönüş strategiyasının hazırlanması, ölkənin insan kapitalını qorumaq və gücləndirmək baxımından mühüm və strateji addımdır”.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR