İngilis dili imtahanında yeni model - Valideynlər narazıdır

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin rəhbəri Məleykə Abbaszadə deyib ki, builki IX sinif buraxılış imtahanlarında xarici dil fənni üzrə yeni test modeli tətbiq edilib. O bildirib ki, burada əsas məqsəd şagirdlərin yaradıcı düşünmə, məntiqi ardıcıllıqla fikir ifadə etmə və dil bacarıqlarını daha da inkişaf etdirməkdir. Hazırda IX sinif məzunları üçün tətbiq edilən bu yeniliyin 2027-ci ildən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında da tətbiqi nəzərdə tutulur.
Sfera.az xəbər verir ki, yenilik ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Bir çox valideyn də etirazını sosial şəbəkələrdə bildirib. Onların narazılıq səbəbi övladlarının xarici dildən bu qədər yüksək səviyyədə imtahandan keçirilməsidir. Valideynlərin bəzilərinin fikrincə, belə standartlar İELTS və ya TOEFL strukturuna uyğundur.
Valideynləri narazı salan əsas məqam isə ondan ibarətdir ki, məktəblərdə verilən təhsil ilə imtahan səviyyəsi uyğun gəlmir.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib ki, Azərbaycan təhsil sistemində aparılan islahatlar son illərdə həm Elm və Təhsil Nazirliyinin, həm də Dövlət İmtahan Mərkəzinin fəaliyyətində özünü qabarıq şəkildə göstərir.
Onun sözlərinə görə, təhlil göstərir ki, bu islahatların əsas məqsədi şagirdlərin sadəcə məlumat əzbərləməsi deyil, onların yaradıcı düşüncə, məntiqi ardıcıllıq, analitik təfəkkür və kommunikativ bacarıqlarının inkişafıdır. IX sinif buraxılış imtahanlarında xarici dil üzrə yeni test modelinin tətbiqi də bu istiqamətdə atılmış addımlardan biridir:
“Məleykə Abbaszadənin rəhbərlik etdiyi Dövlət İmtahan Mərkəzi uzun illərdir ki, qiymətləndirmə sistemində şəffaflıq və beynəlxalq standartlara yaxınlaşma istiqamətində mühüm addımlar atır. Bu dəfəki yenilik də dünya təcrübəsinə uyğun olaraq, sadəcə test cavablandırma bacarığından çıxaraq şagirdlərin praktiki və ünsiyyət yönümlü dil bacarıqlarının ölçülməsini hədəfləyir.
Statistikaya nəzər salsaq, 2024-cü ildə ölkə üzrə ümumtəhsil məktəblərində təhsil alan 9-cu sinif şagirdlərinin sayı təxminən 130 min nəfər olub. Onların hər biri buraxılış imtahanı mərhələsini yaşayır. İndiyə qədər tətbiq edilən modeldə xarici dil üzrə əsasən qrammatika və leksik biliklərə üstünlük verilirdi. Yeni model isə şagirdlərdən mətni oxuyub anlama, dinləmə, yazılı ifadə və məntiqi ardıcıllıqla fikir bildirmə bacarığını tələb edir. Bu yanaşma əslində “Təhsil haqqında” Qanunun 18-ci maddəsində əksini tapmış prinsiplərlə üst-üstə düşür. Həmin maddədə göstərilir ki, ümumi təhsil şagirdlərə yalnız bilik verməklə kifayətlənməməli, həm də onların yaradıcı qabiliyyətlərini və tətbiqi bacarıqlarını inkişaf etdirməlidir. Dövlət İmtahan Mərkəzinin bu addımı məhz qanunun tələblərinə cavab verir və beynəlxalq qiymətləndirmə sistemlərinin (PISA, PIRLS, TIMSS) yanaşmalarına uyğunluq yaradır”.

Mütəxəssis qeyd edib ki, Elm və Təhsil Nazirliyinin son illərdə Azərbaycan dilinin mənimsənilməsi ilə bağlı apardığı işlər də diqqət çəkir:
“Nazir Emin Əmrullayev dəfələrlə qeyd edib ki, dövlət dilinin öyrədilməsi və təkmilləşdirilməsi əsas prioritetlərdəndir. Bu istiqamətdə buraxılış imtahanlarına esse tapşırıqlarının daxil edilməsi mühüm yenilik idi. Hazırda xarici dil üzrə tətbiq edilən yeni modelin Azərbaycan dilində də genişləndirilməsi daha güclü nəticə verə bilər. Çünki ana dilində şagirdlərin yazılı və şifahi ünsiyyət bacarıqlarının inkişafı milli kimliyin qorunması və vətəndaş mövqeyinin formalaşması baxımından strateji əhəmiyyət daşıyır”.
K. Əsədov nəzərə çatdırıb ki, valideynlərin narazılığı əsasən məktəblərdə xarici dilin tədrisinin imkanları ilə imtahan tələbləri arasındakı uyğunsuzluqdan qaynaqlanır:
“Tədris planına görə, orta məktəblərdə xarici dilin həftəlik dərs yükü 2–3 saatdan artıq olmur. Bu isə 9 ildən sonra şagirdlərin B1 və ya B2 səviyyəsinə çatmasına tam zəmanət vermir. Müqayisə üçün qeyd etmək olar ki, Avropa İttifaqı ölkələrində şagirdlər məktəbi bitirəndə artıq ikinci və hətta üçüncü dili sərbəst istifadə edə bilirlər, çünki tədris yükü və metodologiya buna imkan yaradır. Azərbaycanda isə bu səviyyə yalnız əlavə hazırlıq kursları və fərdi məşğələlər hesabına təmin olunur.
Dövlət İmtahan Mərkəzinin yeni model tətbiq etməsi müsbət işdir, çünki bu, təhsil alanların real bacarıqlarını ölçməyə imkan verəcək. Bu yanaşma gənclərin universitetdə və ya beynəlxalq mühitdə daha rəqabətqabiliyyətli olmasını təmin edəcək. Elm və Təhsil Nazirliyinin son illərdə kurikulumun təkmilləşdirilməsi, dərs proqramlarının yenilənməsi və müəllimlərin peşəkarlığının artırılması istiqamətində gördüyü işlər də bu prosesi dəstəkləyir. Məsələn, sertifikatlaşdırma imtahanlarının tətbiqi nəticəsində artıq minlərlə müəllim daha yüksək peşəkar standartlara uyğun fəaliyyət göstərir və bu da birbaşa şagirdlərin hazırlıq səviyyəsinə təsir göstərir”.
K. Əsədov hesab edir ki, yeni model həm Elm və Təhsil Nazirliyinin, həm də Dövlət İmtahan Mərkəzinin təhsil keyfiyyətini yüksəltmək istiqamətində mütərəqqi yanaşmasının göstəricisidir:
“Müsbət tərəfi ondan ibarətdir ki, şagirdlər qlobal tələblərə cavab verən dil bilikləri ilə silahlanacaq, mənfi tərəfi isə mövcud dərs saatlarının və resursların kifayət etməməsidir. Buna görə də gələcəkdə bu modelin uğurlu tətbiqi üçün xarici dilin tədrisinə ayrılan saatların artırılması, müəllimlərin müasir metodologiyalarla təchiz olunması və məktəblərdə praktiki dil mühitinin yaradılması vacibdir. Azərbaycan təhsilinin beynəlxalq standartlara uyğunlaşması baxımından bu addım mütləq dəstəklənməlidir, çünki o, həm milli maraqlara, həm də qlobal inteqrasiyaya xidmət edir”.
Firuzə Əliyeva
Sfera.az






