Bu imtahanlara girmək üçün maaşın yarısı xərclənməlidir - ETİRAZ

Azərbaycanda abituriyentlərin ixtisas seçimi başa çatıb və nəticələr göstərir ki, bu il 86 min 460 nəfər seçim edib, amma cəmi 60 min 489 plan yeri ayrılıb. Yəni ən azı 25 mindən çox gənc ali təhsildən kənarda qalacaq. Belə şəraitdə bir çox gənc xaricdə təhsil almaq məcburiyyətində qalır. Amma bunun üçün IELTS, TOEFL kimi beynəlxalq dil imtahanları tələb olunur. Son illərdə bu imtahanların qiymətlərində kəskin artım müşahidə edilir.
Yalnız bir il ərzində IELTS-in qiyməti 350 AZN-dən 500 AZN-ə yüksəlib ki, bu da 43 faiz artım deməkdir. TOEFL və digər imtahanlarda da oxşar bahalaşma var. Halbuki bu imtahanların keçirilməsi böyük texniki xərclər tələb etmir: bəzi mərkəzlərdə sadəcə kompüter otaqları və qulaqlıqlar, digərlərində isə kağız və qələm istifadə olunur. Avadanlıqlar uzunmüddətli istismara hesablandığından qiymət artımının əsaslandırılması inandırıcı görünmür.
Belə vəziyyətdə, bu kəskin qiymət artımının arxasında hansı səbəblər dayanır?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, mənfi tərəflər aydındır:

“Birincisi, xaricdə təhsil almaq istəyən gənclər üçün əlavə maliyyə baryeri yaranır. Azərbaycanın orta aylıq əməkhaqqı Dövlət Statistika Komitəsinin 2024-cü ilin göstəricilərinə görə 970 manatdır. Deməli, bir tələbənin yalnız imtahan verməsi üçün maaşının yarısını xərcləməsi tələb olunur. Bu isə sosial ədalətsizliyi daha da dərinləşdirir. İkincisi, qiymət artımı dövlətin xaricdə təhsil proqramlarına zərbə vurur. Rəsmi statistika göstərir ki, 2023-cü ildə xaricdə təhsil almaq üçün 15 minə yaxın gənc müraciət edib, amma onlardan yalnız 8 mini tələb olunan dil sertifikatını təqdim edə bilib. Yəni bahalı imtahanlar minlərlə gəncin yolunu kəsir. Üçüncüsü, bu sahədə tamamilə monopol mühit hökm sürür. IELTS yalnız British Council və IDP, TOEFL isə ETS tərəfindən keçirilir. Rəqabətin olmaması qiymətlərin süni şəkildə yüksək saxlanılmasına imkan verir”.
Onun sözlərinə görə, müsbət tərəf yalnız odur ki, bu imtahanlar beynəlxalq etibarlılığa malikdir və nəticələri dünyanın yüzlərlə universiteti tərəfindən qəbul olunur. Amma bu, qiymət siyasətinin əsassızlığını və dövlətin passivliyini pərdələyə bilməz.
Əgər dövlət gənclərinin xaricdə təhsilini prioritet elan edirsə, onda həmin imtahanların qiymətləri ilə bağlı tənzimləyici addımlar da atmalıdır.
Ekspert qeyd edib ki, dünya təcrübəsində vəziyyət tamam fərqlidir:
“Almaniyada TestDaF imtahanının qiyməti 195 avrodur, dövlət isə aztəminatlı tələbələrə 50 faiz subsidiya təqdim edir. Fransada TCF imtahanı 110-130 avro arasında dəyişir və qiymətlər illərlə sabit qalır. Çində HSK imtahanı səviyyədən asılı olaraq 20-90 dollar arasında təşkil olunur. Türkiyədə YDS imtahanı dövlət tərəfindən təşkil edilir və qiyməti cəmi 250 lirədir (təxminən 14 dollar). Azərbaycanda isə IELTS 500 AZN (təxminən 294 dollar), TOEFL isə 475-500 dollar arasında dəyişir. Bu, Avropa göstəricilərindən yüksəkdir, halbuki ölkədə orta aylıq əməkhaqqı onlarla müqayisədə dəfələrlə aşağıdır”.
Mütəxəssisin fikrincə, Elm və Təhsil Nazirliyi bu istiqamətdə tamamilə biganədir:
“Nazirlik nə bu qiymət artımının səbəblərini izah edir, nə də tələbələr üçün alternativ imkanlar yaradır. Halbuki “Təhsil haqqında” Qanunun 5.0.7-ci maddəsində dövlətin beynəlxalq əməkdaşlığı genişləndirmək və gənclərin xaricdə təhsil imkanlarını dəstəkləmək öhdəliyi açıq şəkildə qeyd olunub. Əslində isə nazirlik bu sahədə nə marifləndirmə işi aparır, nə də beynəlxalq tərəfdaşlarla tələbələr üçün güzəştli qiymətlərin əldə olunması barədə danışıqlar aparır”.
K.Əsədov nəzərə çatdırıb ki, xarici dil imtahanları sahəsində dövlət dəstəyi və tənzimləmə mexanizmi tətbiq olunmalıdır:
“İmtahan mərkəzləri ilə danışıqlar aparılaraq qiymətlərin süni şəkildə artırılmasının qarşısı alınmalıdır. Aztəminatlı tələbələr üçün subsidiya mexanizmi yaradılmalı, alternativ olaraq dövlət özünün beynəlxalq etibarlılığa malik dil imtahanlarını təşkil etməlidir. Əks halda minlərlə gənc həm ölkə daxilində plan yerlərinin azlığının, həm də xaricdə təhsilin bahalı şərtlərinin qurbanına çevriləcək”.
“Azərbaycanda ali təhsil siyasəti planlaşdırmasız, xaotik və qeyri-şəffafdır. İxtisas seçimində minlərlə gənc kəsilir, xaricdə oxumaq istəyənlər isə bahalı imtahan baryerləri ilə üz-üzə qalır. Elm və Təhsil Nazirliyi bu məsələdə sükutunu pozmalı, konkret plan və proqnozlar təqdim etməli, gənclərin qarşısındakı süni maneələri aradan qaldırmalıdır. Əks halda, Azərbaycan yalnız bu günün deyil, sabahın intellektual potensialını da itirəcək”,-ekspert sonda vurğulayıb.
Firuzə Əliyeva
Sfera.az






