Tədris ilinin tarixləri dəyişdirilir? - AÇIQLAMA

Tədris ilinin başlama və başa çatma tarixləri ilə bağlı müzakirələr son illərdə yenidən aktuallaşıb.
Xüsusilə sentyabr ayında havaların isti keçməsi, iyunda isə bir sıra məktəblərdə kondisioner probleminin qalması mövcud tədris təqviminin nə dərəcədə əlverişli olduğu sualını gündəmə gətirir.
Bundan başqa, sentyabr ayında Bakıda keçirilən Formula 1 yarışları zamanı tətbiq olunan nəqliyyat məhdudiyyətləri də şagird və müəllimlərin məktəbə gediş-gəlişində müəyyən çətinliklər yaradır.
Bu səbəbdən tədris ilinin fərqli tarixlərə keçirilməsi ilə bağlı təkliflər səsləndirilir.
Bəs tədris təqviminin dəyişdirilməsi problemin həlli ola bilərmi? Tədris ilinin iyul ayına qədər uzadılması isti hava ilə bağlı çətinlikləri aradan qaldıracaq, yoxsa əksinə, şagird və müəllimlərin onsuz da uzun olan tədris prosesindən daha çox yorulmasına gətirib çıxaracaq?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, tədris ilinin tarixlərinin dəyişdirilməsi məsələsinə yalnız hava şəraiti və nəqliyyat problemləri prizmasından yanaşmaq düzgün deyil.

Ekspertin sözlərinə görə, son illərdə iqlim dəyişiklikləri səbəbindən sentyabr və iyun aylarında temperaturun əvvəlki illərlə müqayisədə yüksək olması məsələnin yenidən müzakirəyə çıxarılmasını zəruri edir:
“Ənənəvi olaraq tədris ilinin sentyabrın 1-də başlayıb mayın 31-də başa çatması modeli müzakirə olunub. Lakin son dövrlərdə iqlim dəyişiklikləri sentyabr ayında havaların daha isti keçməsinə səbəb olur. Eyni zamanda, iyun ayında da yüksək temperatur müşahidə edilir. Bu isə xüsusilə kondisionerlə təmin olunmayan məktəblərdə tədris prosesini çətinləşdirir. Digər tərəfdən, Bakıda sentyabr ayında keçirilən Formula 1 yarışları zamanı şəhərin müəyyən ərazilərində nəqliyyatın hərəkəti məhdudlaşdırılır, tıxaclar yaranır. Bu da şagirdlərin və müəllimlərin vaxtında məktəbə çatmasına və tədris prosesinin normal təşkilinə müəyyən çətinliklər yaradır. Bəzi hallarda distant tədrisə keçidlə bağlı zərurət də yaranır. Lakin tədris ilini oktyabrın 1-dən iyulun 1-dək uzatmaq avtomatik olaraq problemin həlli demək deyil. Çünki burada başqa ciddi məsələ ortaya çıxır. May ayının sonlarından etibarən həm müəllimlər, həm də şagirdlər artıq tədris ilinin başa çatdığı psixologiyasına köklənirlər. Nəticədə davamiyyət və tədris prosesində iştirak əvvəlki dövrlə müqayisədə aşağı düşə bilir. İndi təsəvvür edək ki, tədris ili iyulun 1-dək uzadılır. Bu halda isti hava ilə yanaşı, tədris prosesinin iştirakçılarının motivasiyası və davamiyyəti ilə bağlı əlavə problemlər yarana bilər. Yəni sadəcə tədris ilinin müddətini artırmaqla təhsilin keyfiyyətini yüksəltmək mümkün deyil”.
Elçin Əfəndi hesab edir ki, alternativ tədris təqvimi modelləri müzakirə oluna bilər. Lakin bunun üçün ilk növbədə məktəblərin infrastrukturu buna uyğunlaşdırılmalıdır:
“Əgər tədris ilinin iyun ayının sonunadək davam etdirilməsi müzakirə olunursa, ilk növbədə təhsil müəssisələrində normal soyutma sistemləri təmin edilməlidir. Şagird və müəllimləri isti, havasız sinif otaqlarında uzun müddət saxlamaqla effektiv təhsil prosesindən danışmaq mümkün deyil. Dünyanın müxtəlif ölkələrində tədris ilinin başlanma və bitmə tarixləri fərqlidir. Bəzi ölkələrdə dərslər oktyabr ayında başlayır, bəzi ölkələrdə isə daha erkən tarixlərdə. Buna görə də bir ölkədə tətbiq olunan modeli digər ölkəyə olduğu kimi köçürmək düzgün yanaşma deyil. Azərbaycan üçün qərar verilərkən həm iqlim, həm təhsil infrastrukturu, həm də şagird və müəllimlərin real imkanları nəzərə alınmalıdır. Əgər sentyabr ayının turizm baxımından əhəmiyyətini, Bakıda Formula 1 yarışları zamanı yaranan nəqliyyat problemlərini və digər amilləri nəzərə alsaq, oktyabrın 1-dən tədris ilinin başlanması variantını müəyyən şərtlərlə müzakirə etmək olar. Lakin bu halda tədris ilinin iyunun sonunadək uzadılması da ciddi şəkildə hesablanmalıdır. Çünki təqvimdə dəyişiklik yalnız tarixlərin yerini dəyişməkdən ibarət deyil. Qəbul və buraxılış imtahanları, müəllimlərin məzuniyyəti, şagirdlərin istirahət dövrü və digər proseslər də buna uyğun yenidən qurulmalıdır”.
Ekspertin fikrincə, tədris təqviminə dəyişiklik edilərkən əsas məqsəd sadəcə dərslərin başlama və bitmə tarixlərini dəyişmək olmamalıdır. Bunun üçün hava şəraiti, məktəblərin texniki imkanları, nəqliyyat, imtahan və qəbul qrafiki, eləcə də şagird və müəllimlərin tədris yükü kompleks şəkildə qiymətləndirilməlidir.
Firuzə Əliyeva






