"Bu tarixdən "Vahid tələbə kartı"nın verilməsinə başlanılır" - RƏSMİ
"Oktyabrın 15-dən Azərbaycanda tələbələrə "Vahid tələbə kartı"nın verilməsinə başlanılır. Tələbə plus kartının ilkin mərhələdə 170 min tələbəyə, əsasən Elm və Təhsil Nazirliyinə tabe olan müəssisələrin tələbələrinə verilməsi nəzərdə tutulub. Növbəti mərhələlərdə isə digər bütün ali təhsil müəssisələrinin tələbələrinə veriləcək".
Sfera.az bildirir ki, bunu Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Elnur Nəsibov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, kartların təqdim edilməsinə oktyabrın 15-dən başlanacaq:
"Vahid tələbə kartı"nın ilkin olaraq 11 universitetdə təhsil alan tələbələrə təqdim edilməsi nəzərdə tutulub. Sonrakı mərhələdə bu kartlar digər universitetlərə də şamil olunacaq. Tələbə kartları tələbələr üçün xüsusi endirimləri, müxtəlif sahələrdə onların rahat istifadəsini nəzərdə tutur. Gələcəkdə isə bu, nəqliyyat, sosial və s. kimi xidmətlərə də şamil ediləcək".
Qeyd edək ki, "Vahid tələbə kartı" hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Türkiyə-Azərbaycan Universiteti, Fransa- Azərbaycan Universiteti (UFAZ), Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan Dillər Universitetinin tələbələrinə verilir.
Firuzə Əliyeva