"Leyla Nəcəfquliyeva vəzifəsini yerinə yetirmədiyi üçün işdən çıxarılıb" - AÇIQLAMA
İmişli rayonu Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyevanın sosial şəbəkələrdə yayılan videosu müzakirələrə səbəb olub.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda bildirilib ki, Leyla Nəcəfquliyeva 16 sentyabr 2024-cü il tarixində saat 08:00 radələrində sinif rəhbəri olduğu IIIb sinif şagirdlərinin bir qismini təhsildən yayındırıb.
Leyla Nəcəfquliyevanın həmin gün məktəbin həyətinin giriş qapısı qarşısında şagirdləri yerdə əyləşdirərək dərs keçməsi onun şəxsi mənafeyi naminə şagirdlərdən alət kimi istifadə etməsi kimi qiymətləndirlib. Onun “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud şəkildə pozduğu da vurğulanıb. Buna görə də müəllimlə bağlınmış əmək müqaviləsinə 17 sentyabr 2024-cü il tarixdə xitam verilib.
Sfera.az-ın məlumatına görə, təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib ki, müəllimin şagirdləri təhsildən yayındıraraq, bu prosesi sosial mediada, xüsusən də "TikTok" platformasında canlı yayım şəklində paylaşması bəzi müəllimlərin öz vəzifələrini və öhdəliklərini bilməməsinin göstəricisidir.
“Bu, müəllimin məsuliyyətsiz və peşə davranışlarına uyğun olmayan hərəkətləri ilə yanaşı, şagirdlərin hüquqlarını və onların sağlam təhsil mühitində böyümə, təhsil alma hüququnu açıq şəkildə pozur”, - ekspert qeyd edib.
O bildirib ki, bir müəllimin, xüsusən də ibtidai sinif müəlliminin vəzifəsi şagirdlərə bilik vermək, onları maarifləndirmək və eyni zamanda onların təhlükəsizliyini təmin etməkdir:
“Müəllimin şagirdləri təhsildən yayındıraraq, sosial mediada şəxsi mənafeyi üçün bu vəziyyətdən istifadə etməsi isə tamamilə qəbuledilməzdir. Dərsin, öyrətmənin və öyrənmənin yeri sinif otağıdır”.
K.Əsədov qeyd edib ki, təhsil ciddi bir fəaliyyətdir və bu prosesin sosial şəbəkələrdə şouya çevrilməsi, xüsusən də uşaqların alət kimi istifadə olunması qəbuledilməzdir:
“Bu, həm təhsil alanlara qarşı hörmətsizlikdir, həm də cəmiyyətin təhsilə olan inamını zəiflədir. Uşaqların və valideynlərin bu vəziyyətdən mənfi təsirlənməsi qaçılmazdır və bu cür davranışlar təhsilin əsas məqsədindən uzaqlaşmağa səbəb olur.
Azərbaycan Respublikasının "Təhsilverənlərin etik davranış Qaydaları"na əsasən, müəllimlərin şagirdlərin hüquqlarını qorumaq, onların təhlükəsizliyini təmin etmək və təhsil mühitinin keyfiyyətinə hörmətlə yanaşmaq borcudur. Leyla Nəcəfquliyevanın bu hərəkətləri isə bu qaydalara tamamilə ziddir. "Təhsil Qanunu"nun 44-cü maddəsində müəllimlərin davranışlarında məsuliyyətli və etik olmağı vurğulanır. Bu qaydaların pozulması müəllimin fəaliyyətinə son qoyulmasına tam əsas verir”.
Ekspert vurğulayıb ki, Azərbaycan Respublikasının "Təhsil haqqında Qanun"un 12-ci maddəsinə əsasən, hər bir təhsilalanın sağlam və təhlükəsiz şəraitdə təhsil almaq hüququ var. Şagirdlərin məktəb qapısının qarşısında yerdə oturdulması və onların təhsildən yayındırılması bu hüquqların kobud şəkildə pozulmasıdır. Müəllimin sosial şəbəkələrdə bu prosesi canlı yayım şəklində paylaşması isə məsuliyyətsizlik nümunəsidir.
O sonda bildirib ki, məktəb rəhbərliyinin bu məsələyə dərhal müdaxilə edərək Leyla Nəcəfquliyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verməsi tamamilə qanunauyğundur:
“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işçinin vəzifə öhdəliklərini pozduğuna görə xitam verilə bilər. Bu cür hallarda işçi ilə bağlanmış müqavilənin dayandırılması, təhsil sahəsində etik qaydaların pozulması və şagirdlərin hüquqlarının qorunması üçün lazımi addımdır.
Bundan əlavə, Azərbaycan Respublikasının "Təhsil haqqında Qanun"unun 42-ci maddəsi müəllimlərin təhsil prosesi zamanı və ya təhsildən kənar fəaliyyətlərdə şagirdlərin təhlükəsizliyini təmin etməyi onların əsas vəzifəsi olaraq müəyyən edir. Müəllimin bu vəzifəni yerinə yetirməməsi onun işindən çıxarılmasına tam əsas verir”.
Beləliklə, Leyla Nəcəfquliyevanın şagirdləri təhsildən yayındırması, onlarla bağlı prosesi sosial mediada canlı yayımlaması və təhsil mühitini etik çərçivədən çıxarması təhsil sisteminin prinsiplərinə və qanunlarına ziddir. Məktəb rəhbərliyinin onunla bağlanmış əmək müqaviləsinə xitam verməsi qanunidir və bu addım təhsilin keyfiyyətini qorumaq, uşaqların hüquqlarını müdafiə etmək üçün atılan düzgün addımdır.
Fidan