Heydər Əliyev Fondundan yeni dərs ili hədiyyəsi - FOTOLAR
İmişli rayonu Aranlı kənd 1 nömrəli tam orta məktəb üçün inşa olunan 624 şagird yerlik bina istifadəyə verilib. Yeni məktəb binasında şagirdlərin təlim-tədrisi üçün müasir standartlara cavab verən şərait yaradılıb.
Sfera.az xəbər verir ki, yeni məktəb binasının açılış mərasimində Heydər Əliyev Fondunun, Elm və Təhsil Nazirliyinin nümayəndələri, İmişli Rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhid ailələri, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər şagird və müəllimləri yeni tədris ili münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar. Dövlətimizin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan, təhsil sahəsində qazanılan uğurlardan, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsindən danışılıb. Göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci Mehriban Əliyevaya minnətdarlıq ifadə edilib.
Qeyd olunub ki, 1972-ci ildə inşa edilmiş Aranlı kənd 1 saylı tam orta məktəbin binası ötən müddətdə istifadəyə yararsız vəziyyətə düşmüşdü. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihə çərçivəsində inşa olunan 624 şagird yerlik məktəb binası yeni tədris ilindən şagird və müəllimlərin ixtiyarına verilib.
Məktəbin direktoru Anar Ələkbərov AZƏRTAC-a bildirib ki, əvvəlki məktəb binasındakı çətin şərait, köhnə sinif otaqları, istilik sisteminin sıradan çıxması təhsilə mənfi təsir göstərirdi. Çünki bina istismar müddətini başa vurmuşdu. Lakin indi Heydər Əliyev Fondunun dəstəyi ilə məktəb üçün müasir standartlara uyğun yeni bina inşa edilib. “Hazırda məktəbdə 504 şagird təhsil alır. Onlardan 44-ü məktəbə hazırlıq qrupuna, 34-ü isə birinci sinfə qəbul olunanlardır. Göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya kollektiv adından minnətdarıq”, - deyə məktəb direktoru söyləyib.
X sinif şagirdi Təyyubə Quliyeva da yeni tədris ilinə yeni məktəb binasında başladıqları üçün çox sevinclidir. Deyir ki, əvvəllər məktəbdə təhsil almaq üçün əyani vəsaitlər yox idi, bu da bir sıra çətinliklər yaradırdı: “İndi laboratoriya otaqlarından, avadanlıqdan istifadə edə biləcəyik. Bu şərait biz şagirdlərin daha keyfiyyətli təhsil almasına imkan verəcək. Hər birimiz çox sevinirik ki, artıq bizim də belə gözəl məktəbimiz var”.
Üçmərtəbəli 4 korpusdan ibarət məktəb binası zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə tam təchiz edilib. Məktəbdə 29 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb və əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, açıq idman meydançası var. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.