“Bu qərar gənclər üçün çox faydalıdır” – Mütəxəssis
"Xaricdə Təhsil üzrə Dövlət Proqramının 2026-cı ildən 2028-ci ilə qədər uzadılması azərbaycanlı gənclər üçün böyük bir irəliləyişdir".
Sfera.az xəbər verir ki, bunu İnsan resursları üzrə mütəxəssis Rəşad İmanov bildirib.
"Bu qərar gənclərimiz üçün daha geniş imkanlar açmaqla yanaşı, yenilikləri həyata keçirmək və inkişaf etdirmək üçün əmək bazarına daha çox ixtisaslı mütəxəssisin daxil olmasını təmin edir.Gələn iki il ərzində dünyanın ən qabaqcıl universitetlərində təhsil alacaq təxminən 1000 gəncin geri dönərək qlobal bilik və bacarıqları müxtəlif sahələrdə tətbiq etməsi qürurverici haldır" - mütəxəssis qeyd edib.
Rəşad İmanov bildirib ki, proqram çərçivəsində doktorantura təhsilinin dəstəklənməsi isə xüsusilə vacibdir:
"Bu, Azərbaycanın elmə və inkişafına verdiyi əhəmiyyəti vurğulayır. Dövlətin doktorantura səviyyəsində istedadları inkişaf etdirməyə yönəlmiş diqqəti, Azərbaycan elminin qlobal arenaya inteqrasiyasını sürətləndirəcək, yenilik və tərəqqiyə təkan verəcək. Bu dəyişikliklər insan kapitalını artırmağa yönəlmiş geniş bir vizyonu əks etdirir və gənclərimizin təkcə iştirakçı deyil, həm də əmək bazarında və elmi ictimaiyyətdə liderlər olmalarını təmin edir".
Ülkər Abdurahmanlı