Jurnalistika ixtisasına qabiliyyət imtahanı lazımdırmı? - AÇIQLAMA

Jurnalistika ixtisasına qabiliyyət imtahanı lazımdırmı? - AÇIQLAMA

Avqust ayının 4-də Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil ocaqlarında jurnalistika ixtisasına (bakalavr) qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib. İmtahanda 900-ə yaxın abituriyent iştirak edib. Cavablar 3-4 gündən sonra bilinəcək.

 

Amma bilinməyən bir şey olacaq ki, bu qabiliyyət imtahanı lazımdırmı, bu imtahanın jurnalistika təhsilinə bir faydası varmı?

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri jurnalist, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru Qulu Məhərrəmli bildirib.

 

“Reallıq belədir ki, indiki halda belə bir imtahanın keçirilməsi abituriyentlər üçün əlavə həyəcan, DİM üçünsə əlavə təşkilati qayğıdır. Ən pisi odur ki, bu imtahanın tədris üçün heç bir praktik faydası yoxdur. Çünki abituriyentin qəbulda yazdığı esse (inşa) ilə onun jurnalist qabiliyyətini aşkar etmək mümkünsüzdür. Digər tərəfdən, axı jurnalistika ədəbi yaradıcılıq (hekayə, şeir və s.) sahəsi deyil, cəmiyyətə bağlı olan sosial institutdur. Amma biz abituriyentə (fantaziyanın gücü ilə) esse yazdırmaqla (publisistika), onu ibarəli, obrazlı ifadə tərzinə yönəltməklə faktiki olaraq indidən jurnalistikanın, ilk növbədə isə fakta əsaslanan xəbərləmənin mahiyyətini təhrif edirik”.

 

Qulu Məhərrəmli bildirib ki, qabiliyyət imtahanının tətbiqindən sonra bu imtahanın xofuna görə jurnalistikaya sənəd verənlərin sayı kəskin şəkildə azalıb, qəbul balları və ümumi səviyyə isə çox aşağı düşüb.

 

“Yəni təcrübə göstərir ki, jurnalistika ixtisasına qəbulda qabiliyyət imtahanı tamamilə artıq bir şeydir və xeyirdən çox zərəri var. Əlbəttə, bu məsələyə başqa yanaşmalar da ola bilər, amma acı reallıq mən dediyim kimidir”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR