ETN və AzTU-dan BİRGƏ ADDIM: Tələbələrin qeydiyyatı rəqəmsal olaraq aparılacaq

ETN və AzTU-dan BİRGƏ ADDIM: Tələbələrin qeydiyyatı rəqəmsal olaraq aparılacaq

Bu il Azərbaycan Texniki Universitetinə qəbul olunanlardan kağız formada heç bir sənəd tələb olunmayacaq.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib ki, ölkədə rəqəmsal hökumət quruculuğu və kağızsız fəaliyyətə keçid istiqamətində ciddi bir addım atılıb.

 

Onun sözlərinə görə, adətən hər il bu vaxtlar ali təhsil müəssisələrinə qəbul olunanlardan xeyli sayda kağız formada sənədlərin tələb olunması haqqında tənqidi fikirlər səsləndirilirdi:

 

“Elm və Təhsil Nazirliyi son 3-4 ildə sənəd qəbulunu rəqəmsal formada portal.edu.az üzərindən aparırdı, paralel olaraq da bütün ali təhsil müəssisələri qəbul olunanlardan eyni sənədləri kağız formada tələb edirdi. Yaxud da paralel olaraq, ali təhsil müəssisəsində də elektron formada qeydiyyat tələb olunurdu.İndi isə bu paralelçiliyin aradan qaldırılması üçün qeydiyyatda tam rəqəmsala keçidlə bağlı  Azərbaycan Texniki Universiteti təşəbbüslə çıxış edib.  

 

AzTU rəhbərliyi ilə RİNN-in İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və ETN-in Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi arasında qeydiyyatla bağlı bir neçə dəfə görüşlər, işgüzar müzakirlələr keçirilib. Bu müzakirələrin gedişində qeydiyyat proseslərinin elm və təhsil nazirinin əmri ilə 2021-ci ildən başlayaraq tam olaraq mərkəzləşmiş qaydada ETN-in portal.edu.az platforması üzərindən aparıldığı, bu informasiya sisteminin isə “Digital Bridge” üzərindən digər aidiyyəti qurumlara inteqrasiyalarının tam işlək olduğu diqqətə çatdırılıb”.

 

Ekspert bildirib ki, son bir neçə ildə Elm və Təhsil Nazirliyində rəqəmsal transformasiya sahəsində ciddi uğurlar əldə edilib:

 

“Bu görüşlərin və müzakirələrin yekunu olaraq, qeydiyyatın rəqəmsal formada aparıldığı ETN-lə AzTU-nun inteqrasiyasının və müsbət iş təcrübəsinin olduğunu nəzərə alaraq, AzTU rektoru Vilayət Vəliyev bu il bütün təhsil pillələri üzrə ali təhsil müəssisəsinə qəbul olunanlardan kağız formada sənədlərin tələb olunmasının dayandırılması haqqında əmr imzalayıb. Düşünürəm ki, bu təcrübəni davam etdirərək, cari ildə digər ali təhsil müəssisələrinə qəbul olanlardan da kağız sənədlərin tələb edilməməsi üçün ETN və RİNN, həmçinin universitetlər tərəfindən müvafiq addımlar atılmalıdır. Bu xidmət on minlərlə vətəndaşımızın hər il istifadə etdiyi kütləvi xarakterli bir dövlət xidmətidir. Atılan addım həm tonlarla kağızdan imtina, həm rahatlıq, şəffaflıq  və əlavə xərclərdən azad olmaq baxımından, həm də ölkədə rəqəmsal hökumət quruculuğunun və rəqəmsal transformasiyanın inkişafı baxımından mühüm əhəmiyyət kəsb  edir”.

 

O.Gündüz son olaraq xatırladıb ki, Elm və Təhsil nazirliyi gələn ildən qanunvericilikdə nəzərdə tutulduğu qaydada bütün təhsil sənədlərinin, o cümlədən attestat və diplomların rəqəmsal formaya keçirilməsini nəzərdə tutub.

 

Günay Rəsulqızı

 

Mövzu: İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;

Qeyd: Məqalə Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


OXŞAR XƏBƏRLƏR