“Az bal toplayan abituriyentlər pulsuz oxumamalıdır” - Təhsil eksperti

“Az bal toplayan abituriyentlər pulsuz oxumamalıdır” - Təhsil eksperti

"Cəmiyyətimiz universitet ilə peşə məktəbini dəyişik salır. Universitetin, əmək bazarının çevik dəyişikliklərinə uyğunlaşması mümkün deyil. Universitet akademik bilik verir və ən azı elmi tədqiqat işləri nəticəsində əldə edilmiş nəticələri öyrədir. Yəni, universitetin bütün təhsil alanları məzun olan kimi iş tapmalıdır deyə bir mexanizm yoxdur və ola da bilməz. Çünki universitetin verdiyi informasiyalar köhnə informasiyalardır".

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri təhsil eksperti Kamran Əsədov bildirib.

 

Onun sözlərinə görə, peşə təhsili isə, hər gün yenilənə bilər və yenilənir:

 

“Universitet, kompüter mühəndisi ixtisası üzrə kadr hazırlamaq üçün 4 il vaxt və ümumilikdə 12.000 manat sərf edir, peşə təhsili isə kompüter sistemləri üzrə mütəxəssisi 6 aya hazırlayır və 800 manat vəsait xərcləyir. Onu da qeyd edim ki, bir ixtisaslı jurnalist olmaq üçün kimsə 4 il oxuyur, vəsait xərcləyir, kimsə başqa bir sahədən gəlib jurnalist kimi fəaliyyət göstərir”.

 

Ekspert diqqətə çatdırıb ki, Azərbaycan universitetlərinin ciddi şəkildə innovativ yenilik problemi var.

 

“Yenilik universitetlərin təmir olunması deyil, yenilik yaxşı laboratoriyalar, elektron kitabxanalar, tədqiqat və təcrübə mərkəzləridir. Hamı universitetdə pulsuz təhsil almamalıdır. Yəni, 400, 500, 600 bal toplayan da, 180, 200 bal toplayan da pulsuz oxumamalıdır. Kimsə 600 balla pullu tibb, hüquq ixtisasında oxumalı, kimsə də 180 balla başqa bir ixtisasda pulsuz təhsil almamalıdır. Dövlət istedadlı gənclərin təhsilinə dəstək verməlidir”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR