Sovet liderləri hansı alkoqollu içkilərə üstünlük verib? – Lenindən Qorbaçova qədər...
14:19 / 13.12.2021
1686
Rusiyanın
istehsal etdiyi alkoqollu içkilər, xüsusilə "vodka” adı ilə təqdim olunan
araqlar dünyanın bir çox ölkələrində məşhurdur. Bu məşhurluğun
iki səbəbi var -
birincisi onun keyfiyyəti ilə bağlıdırsa, ikincisi də rusların özünün arağa
olan münasibətindən, öz məhsullarını böyük "sevgi” ilə təqdim etməsindən irəli gəlir.
Çoxları rus arağının kəşfində "günah”ı Mendeleyevdə
görür.
Belə ki, o, 1885-ci ilin yanvar ayında "Spirtin su ilə birləşməsi” mövzusunda
dissertasiya işi yazıb. Əslində isə hələ kimyaçı alimin elmi yaradıcılığından
çox-çox əvvəllər ruslar çörəkdən spirt düzəldərək, üzərinə su əlavə etməklə araq
hazırlayıblar və ilk dəfə Moskvada içki verilən iaşə müəssisəsi 1533-cü ildə
açılıb.
Rusların alkoqollu içikilərə "xoş” münasibəti bütün
dövrlərdə özünü biruzə verib. Məsələn, dünyada yeganə olan "Araq Muzeyi” də Rusiyada, Sankt-Peterburq şəhərində
yerləşir. Hazırda rus araqlarının çeşidləri (zavod istehsalı) 3 mindən
artıqdır. Bu rəqəm isə rus arağını sevənlər üçün dünyanın ən "yaxşı” göstəricisidir.
Tarixə nəzər salsaq sovet dövründə də SSRİ liderlərinin
alkoqollu içkilərə münasibətinin normal olduğunun şahidi olarıq. Düzdür, baş
katiblər "əndazəni” keçənlər üçün dəfələrlə antialkoqol kampaniyalar həyata
keçiriblər. Xüsusilə 1918, 1929, 1958, 1972 və 1985-ci illərdə bu cür tədbirlər
dövlət səviyyəsində daha sərt və daha geniş miqyasda keçirilib. Amma bu tədbirlər,
kütləvi inzibati
cəza və tənbehlər alkoqol ehtirasının qarşısını ala bilməyib, kütləvi
narazılıqlardan başqa heç bir nəticə verməyib.
Maraqlı məqamlardan biri odur ki, bu tədbirlərə imza
atanların özləri, birncilər "antialkoqol” qadağalarını özlərinə tətbiq etməyi rəva
bilməyiblər...
Nadejda
Krupskayanın yazdığına görə, Vladimir İliç Lenin səsli-küylü məclisləri
çox da sevməyib. Amma buna baxmayaraq, süfrəsindən qədəhi də əskik olmayıb.
Lenin ən çox sevdiyi və demək olar ki, hər gün süfrəsinə təqdim olunan qoyun ətinin
qızartması ilə 1-2 qədəh ev şəraitində çəkilmiş "samoqon”dan imtina etməyib.
Nəzərə
alsaq ki, "samoqon” 70-80 faiz spirtdən ibarətdir, demək bu təxminən 250-300
qram adi araq deməkdir. Lenin alkoqollu içkilər arasında pivəyə də üstünlük
verib. 1907-ci ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Londonda keçirilən
5-ci qurultayında məhz Leninin təşəbbüsü ilə qurultay iştirakçıları fasilə
zamanı "yorğunluqları”nı pivə ilə çıxarıblar. Vladimir İliç Lenin spirtli içkilərin
qəbulundan sonra da siyasi mövzuda diskusiya aparmağı xoşlayıb.
İosif
Stalin tez-tez ziyafətlərin təşkil olunmasının tərəfdarı olub. O müntəzəm
olaraq öz bağında məclislər təşkil edib. Bu, bir tərəfdən onun qafqazlı
olmasından irəli gəlibsə, digər tərəfdən Stalin bu məclislərdə özü üçün bir çox
məsələlələrə aydınlıq gətirib. Belə məclislərdə rəhbər süfrəyə istənilən sayda
və istənilən çeşiddə içkilər düzdürüb və məclisdə olanların hamısının spirtli
içki içməsinə tam şərait yaradıb, bəzən isə yumşaq formada məcbur edib. Stalin əsasən
onun üçün Gürcüstanda məxsusi hazırlanmış çaxırdan istifadə edib. Bəzi hallarda
isə Stalin üçün süfrəyə ayrıca qrafində araq qoyulub.
Həmin qrafindən yalnız
Stalinin qədəhinə araq süzülüb. Məclislərin birində ordu generalı Ştemenko təsadüfən
Stalinin qrafinindən öz qədəhinə araq süzüb və içəndə görüb ki, bu təmiz soyuq
sudur. Stalin bu məsələyə simasında az-az görünən təbəssümlə reaksiya verib.
Spirtli içkilərin qəbulundan sonra özlərini bir az sərbəst aparan Kreml məmurlarının
ən kiçik hərəkətləri belə Stalinin diqqətindən yayınmayıb və belə məclislərdə rəhbər
öz silahdaşları haqqında müəyyən nəticələr çıxarıb. Bəzən gecə saat 4-5-ə qədər
davam edən məclislərdə mühüm dövlət qərarları da qəbul olunub. Stalinin məclislərini
əyləndirənlər isə əsasən Mikoyan və Jdanov olub. Müasir dildə desək, baş şoumen
rolunda Anastas Mikoyan çıxış edib.
Xruşovun
içkiyə meylli olması ilə bağlı lətifələrdən tutmuş həqiqətlərə qədər bir çox
maraqlı məqamlar mövcuddur. SSRİ Nazirlər Sovetinin keçmiş işlər idarəsinin
müdiri Smirtnyukov öz xatirələrində bu mövzuya da toxunub:
"Mən
1930-cu ildən Kremldə işə başlamışam. Bir çox hadisələrin canlı şahidiyəm.
Xruşovun SSRİ-yə rəhbərliyi dövründə içki içmək ən adi hala çevrilmişdi. Özü də
möhkəm içirdi. Ancaq çalışırdı ki, sərxoş olduğunu hiss etməsinlər. Hətta bir dəfə
Bulqaninlə adama bir şüşə konyak içdikdən sonra, üstündən bir-iki qədəh də araq
vurub hər ikisi iclasda rəyasət heyətində əyləşmişdilər”.
Xruşovun
şəxsi fotoqrafı və həm də yaxın dostu Krimerman isə öz xatirələrində yazıb ki,
Xruşov rəsmi ziyafətlərdə, məclislərdə içkidən heç vaxt imtina etməyib. Xruşov
bütün məclislərdə, hətta xarici səfərlərdə belə, eyni qədəhdən istifadə edib.
Almaniyada ona bağışlanan bu qədəhin sirri ondan ibarət olub ki, qədəhin dibi əlavə
büllurla cilalanıb və onun tutumu kənardan göründüyündən az olub. Yəni, bununla
da Xruşov məclislərdə bu aldadıcı fəndlə az içməyini təmin edə bilib.
Leonid
İliç Brejnev gənclik illərində alkoqola qarşı çox da meylli olmayıb. Amma
Kremldə birinci kürsüyə sahib olduqdan sonra qədəhi həkimlər də onun əlindən
ala bilməyiblər. 1972-ci ildə "zəhmətkeşlərin xahişi ilə” Sov.İKP MK-nın qərarına
və SSRİ Nazirlər Sovetinin "alkoqolizm və sərxoşluğa qarşı mübarizənin gücləndirilməsi
ilə bağlı tədbirlər haqqında” plana imza atılsa da, Leonid İliç başda
olmaqla siyasi elita qədəhlərini boş qoymayıblar.
Deyilənlərə
görə, "Zubrovka” arağının həvəskarı olan Brejnevin qədəhinə rəsmi dövlət
bayramlarında zəhmətkeşləri Mavzoley tribunasında salamlayan zaman da 100 qram
süzməklə könlünü xoş ediblər.
Yuri
Andropov səhhəti ilə bağlı içki məsələsinə məhdudiyyətlə yanaşıb. Keçmiş
"KQB” şefi maksimum 200 qram araq və ya konyakla kifayətlənib. Ən çox sevdiyi
içki isə pivə olub.
Konstantin
Çernenko qısa müddətli hakimiyyəti dövründə alkoqoldan uzaq olsa da,
Kremldə digər vəzifələrdə çalışdığı dövrlərdə içkidən imtina edə bilməyib.
Brejnevin ən yaxın silahdaşlarından biri sayılan və onun sayəsində siyasi pillələri
sürətlə qalxan Çernenko qaraciyərində serroz olmasına baxmayaraq Leonid İliçin
süzdüyü qədəhlərdən vaz keçə bilməyib. Çernenkonun ən çox əziyyət çəkdiyi vaxt
isə Brejnevin təmtəraqlı ad günləri olub. O, bu ad günlərindən yayınmaq üçün
Baş katibə tutarlı bəhanələr gətirməyi də bacarıb.
Alkoqolizmə
qarşı mübarizə ilə bağlı ən böyük fərmana
imza atan Mixail Qorbaçovun öz qədəhi bu fərmana zidd gedib. Rəsmi və
qeyri-rəsmi ziyafətlərdə sonuncu Baş katib nəinki sona qədər içib, hətta əlavə
içki də sifariş edib.
İlham Cəmiloğlu
Sfera.az