Azərbaycan, Türkiyə və Gürcüstan bir araya gəlir - Nələr danışılacaq?
Xəbər verdiyimiz kimi, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşünün İstanbulda keçirilməsi nəzərdə tutulur.
Regionda siyasi və iqtisadi əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyət daşıyan bu formatın gələcək perspektivləri də diqqət mərkəzindədir.
Bəs üç ölkə arasında mövcud əməkdaşlıq Cənubi Qafqazda regional təhlükəsizliyə necə təsir göstərəcək? Gələcəkdə Ermənistanın da bu formata qoşulması mümkündürmü?
Bununla bağlı politoloq Elxan Şahinoğlu Sfera.az-a açıqlamasında bildirib ki, Azərbaycan Türkiyənin strateji müttəfiqi, Gürcüstanla isə strateji tərəfdaşlıq münasibətlərinə malikdir.

Bildirib ki, Gürcüstan və Türkiyə arasında da siyasi, iqtisadi və hərbi sahələrdə sıx əməkdaşlıq mövcuddur:
“Azərbaycan, Gürcüstan və Türkiyə arasında formalaşmış üçtərəfli əməkdaşlıq formatı Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. İstanbulda keçiriləcək görüş üç ölkə arasında siyasi və hərbi əməkdaşlığın aktual istiqamətlərinin müzakirəsi, regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi və ortaq yanaşmaların müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Xüsusilə, regionda mövcud geosiyasi proseslər, nəqliyyat və enerji təhlükəsizliyi, eləcə də qarşılıqlı fəaliyyətin gücləndirilməsi əsas müzakirə mövzuları sırasında yer alır. Bu görüş üç ölkənin strateji tərəfdaşlığının davamlılığını nümayiş etdirmək baxımından da önəm daşıyır”.
Politoloq hesab edir ki, gələcəkdə Ermənistanın da bu əməkdaşlıq formatına qoşulması mümkündür.
“Lakin bunun üçün rəsmi İrəvan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından imtina etməli, yeni konstitusiya qəbul etməli və Azərbaycanla sülh sazişini imzalamalıdır. Bu şərtlər yerinə yetirilərsə, Ermənistan da üçtərəfli əməkdaşlığın iştirakçısına çevrilə bilər. Bu isə Cənubi Qafqazda regional əməkdaşlığın genişlənməsinə və Türkiyə ilə strateji tərəfdaşlığın daha yüksək səviyyəyə çatmasına şərait yaradar”, – politoloq qeyd edib.
İradə Elsevər
Sfera.az






