Bakı ilə Hanoy arasında yeni dövr başlayır
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibə iki ölkə arasında tarixi dostluq münasibətlərinin müasir beynəlxalq münasibətlər sisteminin tələblərinə uyğun olaraq yeni strateji məzmunla zənginləşdirildiyini nümayiş etdirir. Müsahibədə səsləndirilən fikirlər Azərbaycanın xarici siyasətinin çoxşaxəliliyini, iqtisadi diplomatiyanın genişləndirilməsi istiqamətində həyata keçirilən siyasəti, ölkəmizin beynəlxalq nəqliyyat-logistika sistemində artan rolunu və milli maraqların təmin olunmasında qarşılıqlı faydalı tərəfdaşlığa verilən əhəmiyyəti aydın şəkildə ortaya qoyur.
Prezident İlham Əliyev Azərbaycan-Vyetnam münasibətlərinin tarixi əsaslarına toxunaraq deyib: “Sözsüz ki, başlanğıc nöqtəsi 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya unudulmaz səfəri idi”. Dövlət başçısının bu tarixi hadisəyə xüsusi diqqət ayırması iki ölkə arasında münasibətlərin təsadüfi siyasi yaxınlaşma deyil, uzun illər ərzində formalaşmış qarşılıqlı etimad və dostluq ənənələrinə söykəndiyini göstərir.
Münasibətlərin inkişafında Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri də mühüm yer tutur.
Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidentinin Azərbaycana cavab səfəri və 2025-ci ildə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə dövlət səfəri bu əlaqələrin ardıcıl inkişafını təmin edən mühüm siyasi mərhələlərdir.
Xüsusilə, 2025-ci ilin mayında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması münasibətlərin yeni hüquqi-siyasi çərçivəsini müəyyənləşdirib. Bu sənəd əməkdaşlığın ayrı-ayrı istiqamətlərini vahid strateji məqsəd ətrafında birləşdirir.
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin qarşılıqlı maraqlar əsasında yeni tərəfdaşlıqlar qurması iqtisadi dayanıqlılıq və diplomatik imkanların genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Prezidentin müsahibəsində BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində əməkdaşlığa toxunması da ikitərəfli münasibətlərin daha geniş beynəlxalq platformada inkişaf etdirildiyini göstərir.
Bu əməkdaşlığın mühüm tərəfi Azərbaycanın suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan mövqeyinin beynəlxalq səviyyədə dəstəklənməsi, qarşılıqlı siyasi anlaşmanın möhkəmləndirilməsidir.
Azərbaycan-Vyetnam iqtisadi münasibətlərinin vəziyyətinə toxunan Prezident İlham Əliyev qeyd edib: “2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dollardan artıq olub”.
Azərbaycan üçün Vyetnam Cənub-Şərqi Asiyanın perspektivli iqtisadi tərəfdaşlarından biridir. Vyetnam üçün isə Azərbaycan Cənubi Qafqaz, Xəzər hövzəsi və Avropa bazarlarına çıxış baxımından əhəmiyyətli imkanlar təqdim edir.
Bu baxımdan iqtisadi münasibətlərin inkişafı qarşılıqlı ticarətin genişləndirilməsi ilə məhdudlaşmamalıdır. Birgə istehsal müəssisələrinin yaradılması, sənaye kooperasiyası, kənd təsərrüfatı məhsullarının emalı, texnologiya transferi və investisiya layihələrinin həyata keçirilməsi əməkdaşlığın real iqtisadi nəticələrini artıra bilər.
Prezident İlham Əliyev enerji sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bildirib: “Bu kontekstdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əlaqələrin dərinləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir”.
SOCAR-ın beynəlxalq təcrübəsi və Vyetnamın enerji sektorunun potensialı qarşılıqlı maraqlara əsaslanan layihələrin həyata keçirilməsi üçün imkanlar yaradır. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumunun neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı kimi sahələri əhatə etməsi əməkdaşlığın konkret istiqamətlərini müəyyənləşdirir.
Müsahibədə xüsusi diqqət çəkən məsələlərdən biri nəqliyyat və logistika sahəsində əməkdaşlıqdır.
Prezident İlham Əliyev Azərbaycanın regional mövqeyini xarakterizə edərək deyib: “Bu gün Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas logistika və energetika habıdır”.
Bu fikir Azərbaycanın coğrafi mövqeyinə yalnız məkan üstünlüyü kimi deyil, iqtisadi və strateji resurs kimi yanaşdığını göstərir.
Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində nəqliyyat bağlantılarının inkişaf etdirilməsi ölkəmizin beynəlxalq ticarət sistemində rolunu artırır. Orta Dəhliz və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Prezidentin açıqladığı məlumata görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan ərazisindən Vyetnamla əlaqəli tranzit daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olub. Bu rəqəm əməkdaşlığın nəqliyyat-logistika istiqamətində artıq konkret nəticələr verməyə başladığını göstərir.
2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində şirkətlə müvafiq sənədlərin imzalanması Vyetnam biznes dairələrinin Azərbaycan bazarına marağının ifadəsidir.
Eyni zamanda, investisiya əməkdaşlığının səmərəsi yalnız imzalanan sənədlərlə deyil, həyata keçirilən layihələrin həcmi, yaradılan iş yerləri, texnologiyaların tətbiqi və ölkə iqtisadiyyatına verdiyi əlavə dəyərlə ölçülməlidir.
Prezident İlham Əliyevin müsahibəsində humanitar əlaqələrə geniş yer ayırması Azərbaycan-Vyetnam münasibətlərinin yalnız siyasi və iqtisadi maraqlardan ibarət olmadığını göstərir.
Dövlət başçısı qeyd edib: “Humanitar əməkdaşlıq xalqlarımızı və dövlətlərimizi birləşdirən möhkəm körpü rolunu oynayır”.
Bu fikrin arxasında uzun illər ərzində formalaşmış təhsil, elm, mədəniyyət və ictimai əlaqələr dayanır.
Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması iki ölkənin humanitar münasibətlərinin miqyasını göstərən mühüm tarixi faktdır.
Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar layihələr, Ha Giang əyalətində məktəb tikintisinə dəstək, təhsil təşəbbüsləri və digər sosial layihələr bu əməkdaşlığın davamlılığını təmin edir.
Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsində səsləndirdiyi fikirləri ümumiləşdirərkən bir mühüm məqam xüsusi qeyd edilməlidir: Azərbaycan xarici siyasətində tarixi dostluqları müasir dövrün siyasi və iqtisadi tələblərinə uyğun strateji əməkdaşlığa çevirmək xəttini davam etdirir.
Azərbaycan və Vyetnam arasında əməkdaşlığın genişlənməsi hər iki ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, Asiya ilə Avropa arasında iqtisadi və humanitar əlaqələrin inkişafına da töhfə vermək potensialına malikdir.
Zamin Zeynal
Müasir İnternet Resurslarının İnkişafı İctimai Birliyinin sədri, Abşeron Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın sədr müavini






