ABŞ İranı nə vaxt vuracaq? -Bu ölkələrə xəbərdarlıq edildi
ABŞ Prezidenti Donald Tramp administrasiyasının Körfəz ölkələrini noyabrın 4-də İrana qarşı “qısa və intensiv hücum dalğası”nın başlaya biləcəyi barədə xəbərdar etdiyi iddia olunub
Sfera.az xəbər verir ki, bu barədə Körfəz ölkələrindən olan üç rəsmi şəxs Amerikanın MS NOW telekanalına açıqlama verib.
Onların iddiasına görə, Tramp administrasiyası Körfəz ölkələrinə ABŞ və İran arasında gərginliyin yenidən artması ehtimalı ilə bağlı məlumat verib və noyabrın əvvəlində İrana qarşı “qısa və intensiv hücum dalğası”na hazır olmaları barədə xəbərdarlıq edib.
Rəsmilər bildiriblər ki, ABŞ administrasiyası mümkün hücumların noyabrın 3-də ölkədə keçiriləcək Konqresə aralıq seçkilərindən cəmi bir gün sonra – noyabrın 4-də başlaya biləcəyini də çatdırıb.
Digər bir rəsmi isə Körfəz dövlətlərinin ABŞ-nin öz ərazilərində yerləşən hərbi bazalardan İrana qarşı hücumlar həyata keçirməsinə etiraz edə biləcəyini istisna etməyib.
Ağ Evin ictimaiyyətə açıqlama vermək səlahiyyəti olmayan nümayəndəsi isə məsələ ilə bağlı açıqlamasında bildirib ki, mövcud olub-olmadığı belə təsdiqlənməyən həssas hərbi planlar barədə şərh vermirlər.
“Prezident Tramp İranın heç vaxt nüvə silahına sahib olmaması üçün bütün variantları masada saxlayır”, – deyə Ağ Evin nümayəndəsi qeyd edib.
Xatırladaq ki, “The Wall Street Journal” qəzeti də daha əvvəl ABŞ-nin Körfəz ölkələrini İranla hərbi gərginliyin artması ehtimalına qarşı hazırlıqlı olmaları barədə xəbərdar etdiyini yazıb.
Bəsti Rəfizadə






