Hikmət Babaoğlu: “Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir”
Miqrasiya siyasəti və xaricdə yaşayan azərbaycanlıların vətəndaşlıq məsələsi Milli Məclisin plenar iclasında müzakirə olunub.
Sfera.az xəbər verir ki, deputat Hikmət Babaoğlu çıxışı zamanı miqrasiyanın xaricdə yaşayan soydaşlarımız üçün qorxulu görünməməli olduğunu bildirib.
“Miqrasiya xaricdə yaşayan soydaşlarımızın gözündə o qədər də qorxulu görünməməlidir. Çünki miqrasiya məsələsi xaricdə yaşayan soydaşlarımız üçün hər hansı bir ölkənin miqrasiya qanunlarının nə dərəcədə sərt olması ilə bağlı göstərici deyil. Xüsusilə, ölkəmizin miqrasiya siyasəti xaricdə yaşayan soydaşlarımıza da təsir göstərir. Vətəndaşlıq məsələsində soydaşlarımız üçün yenidən açıq qapı siyasətinin tətbiq olunması müsbət tendensiyadır”.
H.Babaoğlu vurğulayıb ki, xaricdə yaşayan soydaşlarımızla yanaşı, Azərbaycanda da demoqrafik baxımdan mühüm proseslər gedir:
“2026-cı ildə bu məsələdən danışarkən Azərbaycan vətəndaşlarının köçünü də nəzərə almalıyıq. Miqrasiya kontekstində soydaşlarımızın tarixi torpaqlarına qayıtması, doğma yurdlarına köç etməsi həm statistik göstərici, həm də tarixi əhəmiyyət daşıyan prosesdir. Bu, Azərbaycan xalqının tarixi, milli və mədəni yaddaşının qorunması deməkdir. Eyni zamanda, Qarabağda milli kimliyin, dilin və mədəniyyətin yenidən dirçəldilməsi üçün imkanlar yaradır”.
Deputat əlavə edib ki, hazırda Azərbaycanda demoqrafik proseslər və köç davam edir.
Bəsti Rəfizadə






