Parlament terrorizmin maliyyələşdirilməsinə qarşı qanun qəbul etdi
Terrorizmin maliyyələşdirilməsinə qarşı hüquqi mübarizə mexanizmləri təkmilləşdirilir.
Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət və Cinayət-Prosessual məcəllələrə dəyişikliklərdə əksini tapıb.
Qanun layihəsi terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi, hüquqi şəxslərin bu sahədə məsuliyyətinin dəqiqləşdirilməsi, eləcə də Azərbaycanın beynəlxalq öhdəliklərinin və Maliyyə Tədbirləri üzrə İşçi Qrupun (FATF) standartlarının milli qanunvericilikdə daha səmərəli tətbiqinin təmin edilməsi məqsədilə hazırlanıb. Dəyişikliklərə əsasən, terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizədə əsas məqsəd yalnız qanunsuz gəlirlərin aşkar edilməsi və müsadirəsi deyil.
Eyni zamanda, terror aktlarının, terror təşkilatlarının və terrorçuların fəaliyyətinin maliyyələşdirilməsində istifadə oluna biləcək vəsaitlərin vaxtında müəyyən edilməsi, qarşısının alınması, dondurulması və müsadirə edilməsi nəzərdə tutulur. Qeyd olunub ki, terrorizmin maliyyələşdirilməsini digər iqtisadi cinayətlərdən fərqləndirən əsas cəhət maliyyə və ya digər iqtisadi mənfəət əldə etmək deyil, vəsaitləri terror fəaliyyətinin maliyyələşdirilməsinə yönəltmək məqsədidir.
Layihədə hüquqi şəxslərin məsuliyyətə cəlb edilməsi üzrə icraatın xüsusiyyətləri nəzərə alınmaqla, müvafiq müddəaların uyğunlaşdırılması da nəzərdə tutulub. Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Bəsti Rəfizadə






