Dünyanı yeni müharibə gözləyir - PROQNOZ
Cənubi Koreya Şimali Koreyanın sərhəd boyunca əlavə hərbi qüvvə və silahlar yerləşdirmək təhdidlərinə sərt reaksiya verib.
Rəsmi Seul bildirib ki, Pxenyan sərhəd bölgəsində hərbi fəallığını artıracağı təqdirdə qəti cavab tədbirləri görüləcək. Cənubi Koreya Müdafiə Nazirliyi Şimali Koreyanın əlavə taktiki hücum silahları yerləşdirmək və sərhəddə səsgücləndiricilər vasitəsilə yayımları bərpa etmək niyyətindən ciddi narahatlıq ifadə edib.
Seul sərhəd xəttində xəbərdarlıq atəşlərinin və digər müdafiə tədbirlərinin qanuni xarakter daşıdığını vurğulayıb. Qarşılıqlı ittihamlar Koreya yarımadasında hərbi toqquşma riskləri ilə bağlı narahatlığı artırıb.
Tərəflər müharibəyə yaxınlaşa bilər? Əgər mümkün müharibə baş verərsə, hərbi güc baxımından hansı ölkə daha üstün olar?
Bu barədə hərbi ekspert Anar Şuşalı Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, hazırkı vəziyyətdə genişmiqyaslı müharibənin başlanması qaçılmaz deyil:

“Lakin sərhəddə baş verə biləcək hər hansı ciddi insident vəziyyəti sürətlə dəyişə bilər. Koreya yarımadasında əsas təhlükə məhz lokal toqquşmanın nəzarətdən çıxaraq genişmiqyaslı müharibəyə çevrilməsidir. Bu iki ölkə arasında hərbi balansı qiymətləndirərkən yalnız orduların şəxsi heyətinin sayına baxmaq kifayət deyil. Şimali Koreya böyük sayda hərbi qulluqçuya, geniş artilleriya arsenalına və raket sistemlərinə malikdir. Xüsusilə Seula yaxın ərazilərdə yerləşdirilmiş uzaqmənzilli artilleriya vasitələri Cənubi Koreya üçün ciddi təhlükə yaradır”.
Ekspert Şimali Koreyanın üstünlüklərini açıqlayıb:
“Şimali Koreyanın digər mühüm üstünlüyü isə nüvə silahlarına malik olmasıdır. Pxenyanın nüvə arsenalının dəqiq həcmi məlum olmasa da, ölkənin nüvə və ballistik raket proqramlarını davam etdirdiyi məlumdur. Bu amil istənilən hərbi qarşıdurmanı daha təhlükəli edir. Cənubi Koreya isə texnoloji və iqtisadi imkanlarına görə Şimali Koreyadan əhəmiyyətli dərəcədə üstündür. Seulun müasir hava qüvvələri, yüksək dəqiqlikli raket sistemləri, pilotsuz uçuş aparatları, güclü donanması və inkişaf etmiş müdafiə sənayesi var. Cənubi Koreyanın ən böyük strateji üstünlüklərindən biri isə ABŞ ilə hərbi müttəfiqliyidir. Cənubi Koreyada ABŞ-nin minlərlə hərbi qulluqçusu yerləşdirilib və iki ölkənin orduları birgə təlimlər və inteqrasiya olunmuş müdafiə mexanizmləri vasitəsilə fəaliyyət göstərir. Bu baxımdan, əgər yalnız konvensional silahlarla aparılan uzunmüddətli müharibədən söhbət gedirsə, hərbi-texnoloji və iqtisadi üstünlük Cənubi Koreya və onun ABŞ müttəfiqinin tərəfindədir. Lakin müharibənin ilk mərhələsində vəziyyət fərqli ola bilər. Şimali Koreya sərhədə yaxın yerləşdirilmiş artilleriya və raket sistemlərindən istifadə etməklə Cənubi Koreyanın şəhərlərinə və hərbi obyektlərinə ciddi zərər vura bilər. Yəni Pxenyanın əsas üstünlüyü müharibənin başlanğıcında böyük atəş gücünü qısa müddətdə tətbiq etmək imkanındadır”.
A.Şuşalı Cənubi Koreyanın üstünlüyünü isə müharibə zamanı görmək mümkün olduğunu bildirib:
“İnkişaf etmiş iqtisadiyyat, müasir hərbi texnologiyalar, yüksək səviyyəli kəşfiyyat və ABŞ-nin hərbi dəstəyi Seula ciddi üstünlük qazandırır. Bununla belə, Koreya yarımadasında müharibə ssenarisini digər regional münaqişələrdən fərqləndirən əsas amil nüvə təhlükəsidir. Şimali Koreyanın nüvə silahından istifadə etməsi münaqişənin miqyasını tamamilə dəyişə bilər. Ona görə də hazırkı vəziyyətdə əsas sual “müharibədə kim qalib gələr?” deyil, “tərəflər hərbi eskalasiyanın qarşısını ala biləcəkmi?” sualıdır. Koreya yarımadasında kiçik bir sərhəd insidenti belə sürətlə daha böyük qarşıdurmaya çevrilə bilər. Bu səbəbdən Şimali və Cənubi Koreya arasında gərginliyin artması region üçün ciddi təhlükə olaraq qalır. Genişmiqyaslı müharibə ehtimalı hələ qaçılmaz görünməsə də, tərəflərin hərbi hazırlığı və sərt ritorikası risklərin artdığını göstərir”.
Bəsti Rəfizadə
Sfera.az






