ABŞ-İran münaqişəsinin nə vaxt zəifləyəcəyi açıqlandı
Beynəlxalq Valyuta Fondu (BVF) ABŞ ilə İran arasında münaqişənin 2027-ci ilin əvvəlində zəifləyəcəyini, enerji daşıyıcılarının ticarətinin isə il ərzində tədricən normallaşacağını proqnozlaşdırıb.
Sfera.az xəbər verir ki, bu barədə fondun Yaxın Şərq və Mərkəzi Asiyanın iqtisadi inkişaf perspektivlərinə dair növbəti hesabatında bildirilib.
Hesabatda qeyd olunub ki, baza ssenarisinə əsasən, ABŞ-İran münaqişəsi 2027-ci ilin əvvəlində səngiyəcək, enerji daşıyıcılarının ticarəti isə il ərzində tədricən əvvəlki vəziyyətinə qayıdacaq.
BVF-nin proqnozuna görə, regionda iqtisadi artım 2026-cı ildə təxminən 1,3 faiz azaldıqdan sonra 2027-ci ildə 6,6 faizə yüksələcək. Bununla belə, 2026-cı il üçün artım proqnozu fondun aprel ayında açıqladığı göstəricidən təxminən 3 faiz bəndi aşağıdır.
Fondun qiymətləndirməsinə görə, gözlənilən iqtisadi canlanmaya baxmayaraq, Fars körfəzi ölkələrində istehsalın orta müddətli perspektivdə münaqişədən əvvəlki proqnozlaşdırılan səviyyədən aşağı qalacağı gözlənilir.
Hesabatda vurğulanıb ki, Yaxın Şərqdə müharibənin genişlənməsi regiona ciddi zərbə vurub. Münaqişə enerji resurslarının hasilatında, dəniz daşımalarında, turizmdə və ticarətdə fasilələrə səbəb olub, eyni zamanda iqtisadi etimada mənfi təsir göstərib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Vaşinqtonun İranla qarşıdurmanı dərhal dayandıra biləcəyini, lakin bunu etməyəcəyini bildirmişdi. O, həmçinin müharibənin çox tezliklə başa çatacağını bəyan edib.
Bəsti Rəfizadə
Sfera.az






