Rusiya Avropanı oyundankənar qoymağa çalışır - Sülh danışıqlarının PƏRDƏARXASI

Rusiya Avropanı oyundankənar qoymağa çalışır - Sülh danışıqlarının PƏRDƏARXASI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya-Ukrayna müharibəsinin başlamasından bəri beynəlxalq siyasətdə diqqətçəkən və geniş müzakirə olunan əsas məqamlardan biri Moskvanın diplomatik təmaslarda seçdiyi strategiyadır.

Müharibənin gedişatında, xüsusilə də mümkün sülh şərtləri və geosiyasi gələcəklə bağlı danışıqlarda Rusiyanın, demək olar ki, yalnız Amerika Birləşmiş Ştatları ilə birbaşa və ya dolayısı ilə dialoq qurmağa üstünlük verdiyi müşahid olunub.

Bunun əksinə olaraq, müharibənin bilavasitə baş verdiyi Avropa qitəsinin aparıcı dövlətləri — Almaniya, Fransa, Böyük Britaniya və digər Avropa İttifaqı ölkələri ilə Rusiya arasında diplomatik əlaqələr ya tamamilə dondurulub, ya da ən aşağı səviyyəyə endirilib.

Maraqlıdır, Rəsmi Moskva niyə ABŞ ilə yanaşı Avropa ilə də danışıq aparmır?

Bu barədə rusiyalı politoloq Boqdan Bezpalko Sfera.az-a açıqlama verib. O, Rusiyanın məhz ABŞ ilə danışıqlar apardığının səbəbini izah edib:

Rusiya Avropanı oyundankənar qoymağa çalışır - Sülh danışıqlarının PƏRDƏARXASI

“Rusiya ABŞ ilə danışıqlar aparır, çünki Vaşinqton bu prosesdə maraqlıdır. Avropa İttifaqının nümayəndələri isə Rusiya üçün əvvəlcədən qəbuledilməz olan şərtlər irəli sürürlər. Məsələn, hərbi əməliyyatlar zonasında dərhal atəşkəs elan edilməsi və ya Rusiya Donetsk və Luqansk Xalq Respublikalarını tam azad edəcəyi təqdirdə Ukraynanın NATO hərbi-siyasi alyansına üzv olmaq hüququnun qorunub saxlanılması kimi tələblər irəli sürülür. Məhz buna görə də Rusiya Avropa ilə danışıqlar aparmır. Rusiya ilə ABŞ arasındakı danışıqlar prosesi həm Moskvanın, həm də Vaşinqtonun xarici siyasətindəki çevikliklə şərtlənir. Halbuki ABŞ əslində bu münaqişədə vasitəçi deyil, onun iştirakçılarından biridir. Çünki Vaşinqton Ukraynaya kəşfiyyat məlumatları, “Starlink” rabitə sistemi və “Piorun” kimi silahlar təqdim edir. Bu, xüsusilə Co Baydenin prezidentliyi dövründə daha qabarıq şəkildə özünü büruzə verirdi. Onu da xatırladım ki, Ukrayna ilk öldürücü silahları hələ Donald Trampın birinci prezidentliyi dövründə əldə etmişdi”.

Politoloq ABŞ-nin özünün də geosiyası maraqları olduğunu açıqlayıb:

“Bu maraqlar çərçivəsində Vaşinqton Avropa İttifaqını açıq şəkildə rəqib kimi görür. ABŞ hesab edir ki, Rusiya, bəlkə də hətta Çinlə əməkdaşlıq qurmaqla bu rəqibi zəiflətmək və ya tamamilə geosiyasi arenadan kənarlaşdırmaq imkanı əldə edə bilər. Məhz buna görə də hazırda ABŞ ilə danışıqlar aparırıq. Çünki Vaşinqtonun həm bu prosesdə iştirak etmək imkanları və çevikliyi, həm də buna marağı var. Amerikalıları danışıqlar aparmağa sövq edən digər amil isə Fars körfəzindəki müharibədir. Hazırda ABŞ bu müharibəyə cəlb olunub. Ölkənin dövlət borcu artıq 43 trilyon dollara çatıb, güclü inflyasiya müşahidə olunur, ABŞ-nin müttəfiqləri isə dövlət istiqrazlarını satışa çıxarırlar. Məhz buna görə də ABŞ mövqeyini qoruyub saxlamaq üçün müxtəlif alətlər və imkanlar axtarır, digər dövlətlərlə əməkdaşlıq variantlarını nəzərdən keçirir. Bu variantlara Rusiya ilə əməkdaşlıq da daxildir. Əgər belə əməkdaşlıq baş tutarsa, Vaşinqton həm Avropa İttifaqını zəiflədə, həm də Qərbdəki rəqiblərinin rolunu aradan qaldıra, onları neytrallaşdıra və ya təsirlərini azalda bilər”.

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov da açıqlama verib. Onun fikrincə, bu məsələnin əsas izahı Moskvanın hərbi güclə yanaşı, diplomatik danışıqlarda da qüvvələr nisbətini öz maraqlarına uyğun formalaşdırmaq istəyindədir:

Rusiya Avropanı oyundankənar qoymağa çalışır - Sülh danışıqlarının PƏRDƏARXASI

“Rusiya üçün ABŞ ilə birbaşa danışıq aparmaq yalnız Ukrayna müharibəsini müzakirə etmək deyil, həm də Avropanın təhlükəsizlik arxitekturası, NATO-nun gələcəyi və Vaşinqtonla ikitərəfli münasibətlər barədə razılaşma imkanlarını yoxlamaq deməkdir. Moskva müharibənin siyasi şərtlərinin müzakirəsində Vaşinqtonu əsas vasitəçi və qərarlara təsir göstərə bilən tərəf kimi önə çıxarmağa çalışır. Bunun birinci səbəbi ABŞ-nin hərbi və siyasi imkanlarıdır. Vaşinqton Ukraynaya hərbi yardım, kəşfiyyat məlumatları, silah sistemləri və diplomatik dəstək baxımından mühüm təsir imkanlarına malikdir. Rusiya hesab edir ki, ABŞ ilə əldə ediləcək razılaşma Ukraynanın gələcək hərbi imkanlarına və Qərbin ümumi siyasətinə ciddi təsir göstərə bilər”.

Politoloq ikinci səbəbi də açıqlayıb:

“İkinci səbəb Avropanın vahid mövqeyinin mürəkkəbliyidir. Avropa İttifaqının üzvləri arasında Ukraynaya dəstəyin həcmi, Rusiyaya qarşı sanksiyalar və gələcək təhlükəsizlik təminatları ilə bağlı fərqli yanaşmalar mövcuddur. Moskva bu fərqlərdən istifadə etməyə, Vaşinqtonla ayrıca razılaşma əldə etməyə və Avropanın vahid diplomatik mövqeyini zəiflətməyə çalışır. Daha bir səbəb isə geosiyasi simvolizmdir. ABŞ ilə birbaşa danışıqlar aparmaq Rusiyaya özünü böyük güclərdən biri kimi təqdim etmək, müharibənin həllini ikitərəfli münasibətlərin daha geniş gündəliyinə bağlamaq imkanı verir. Bu baxımdan Moskva üçün Vaşinqtonla münasibətlər yalnız Ukrayna məsələsi ilə məhdudlaşmır. Amma Avropanın prossesdən tamamilə kənarda saxlanılması da pronsipcə mümkün deyil. Çünki Avropanın Ukraynaya dəstəyi artıq həlledici əhəmiyyət daşıyır.

Avropa Parlamentinin 14 oktyabr 2026-cı ildə yenilənmiş hesabatına görə, Avropa 2025-ci ildə ümumi hərbi, maliyyə və humanitar yardım üzrə ABŞ-ni qabaqlayıb. Bu o deməkdir ki, Moskva ABŞ ilə razılığa gəlsə belə, Avropanın maliyyə dəstəyi, silah tədarükü və təhlükəsizlik təminatları məsələsini nəzərə almadan davamlı sülh qurmaq çətin olacaq. Bunu artıq ABŞ-də kifayət qədər yaxşı başa düşür. Bu gün ABŞ-nin xüsusi nümayəndəsi Vitkoffun Osloda Ukrayna ilə yanaşı, Avropa ölkələrinin, Avropa İttifaqının və NATO-nun nümayəndələri ilə də gözlənilən görüşü bunun bariz sübutudur. Düzdür, Avropanın ABŞ ilə danışıqlar prosesində iştirakı hələ Moskvanın da Avropa ilə ayrıca yüksək səviyyəli danışıqlara razılaşması demək deyil. Amma buna baxmayaraq faktın özü Avropanın sülh təkliflərinin hazırlanmasında rolunun artdığını göstərir”.

R.Bayramov hazırki mərhələdə Moskvanın ABŞ-ni əsas diplomatik tərəf kimi önə çəkməklə həm Ukraynaya dəstək verən qüvvələrə təsir göstərmək, həm də Avropanın vahid mövqeyini zəiflətmək imkanlarını yoxladığını vurğulayıb:

“Avropa isə sülhün şərtlərinin yalnız Vaşinqton və Moskva arasında müəyyənləşdirilməsinə qarşı çıxaraq öz təhlükəsizlik maraqlarını qorumağa çalışır. Əsas ziddiyyət də budur ki, ABŞ danışıqların əsas vasitəçisi ola bilər, amma Avropa razılaşmanın icrasında mühüm rol oynayır. Buna görə də Avropanın iştirakı olmadan əldə ediləcək razılaşmanın nə dərəcədə davamlı olacağı ciddi sual olaraq qalır. Üstəlik, Ukraynanın özünün razılığı və təhlükəsizlik maraqları nəzərə alınmadan heç bir böyük güc razılaşması müharibənin köklü həlli üçün kifayət etməyəcək”.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR