ABŞ-İran danışıqlarında əsas maneələr nədir? – AÇIQLAMA

ABŞ-İran danışıqlarında əsas maneələr nədir? – AÇIQLAMA
Kateqoriya məlum deyil
T

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib ki, Vaşinqton Tehranın danışıqlara başlamaq üçün irəli sürdüyü şərtlərin bir hissəsini qəbul etsə də, cavabı yetərli deyil.

Onun sözlərinə görə, ABŞ İranın şərtlərinin bir qismini qəbul edib, lakin bəzi məsələlər üzrə qeyri-müəyyənlik qalır.


“Amerikalılar bizə cavab veriblər və biz bu cavabı yetərli hesab etmirik. Növbəti mərhələlərə keçmək üçün həmin qeyri-müəyyənliklərin aradan qaldırılıb-qaldırılmayacağına baxmaq lazımdır”, – deyə Rzayi bildirib.


Şura katibi qeyd edib ki, son iki ay ərzində Vaşinqton diplomatik əlaqələri bərpa etmək təklifləri ilə vasitəçilər üzərindən dəfələrlə Tehrana müraciət edib. Onun sözlərinə görə, bu təkliflər Pakistan, Qətər və İraq vasitəsilə çatdırılıb.


Rzayi bildirib ki, İran ABŞ-yə yeddi şərt təqdim edib və onların yerinə yetirilməyəcəyi halda nə Hörmüz boğazının Vaşinqton üçün açılacağını, nə də danışıqların keçiriləcəyini bəyan edib. O, həmçinin İranın ABŞ ilə diplomatik əlaqələrə yanaşmasının dəyişdiyini və əvvəlki danışıqlar modelinə qayıtmaq niyyətində olmadığını söyləyib.

Rzayinin iddiasına görə, əvvəlki üç danışıqlar raundunda ABŞ tərəfi hər dəfə prosesi yarımçıq dayandıraraq İrana hücum edib.

Hazırda ABŞ və İran arasında danışıqların bərpasına mane olan əsas məsələlər hansılardır? Rzayi hansı şərtlərin qəbul edilməsini önə çəkir? Əvvəlki danışıqlar modelinə qayıtmaq istəməməsi hansı mesajı daşıyır?


Bu barədə politoloq Tofiq Abbasov Sfera.az-a danışıb.


Onun sözlərinə görə, İranın əsas tələbləri arasında dondurulmuş maliyyə vəsaitlərinin qaytarılması, ABŞ-nin danışıqlarda diktə mövqeyindən imtina etməsi və tərəflər arasında bərabərhüquqlu münasibətlərin qurulması yer alır:


“İran istəyir ki, onun avuarları, yəni dondurulmuş maliyyə resursları açılsın və ölkəyə qaytarılsın. Digər tərəfdən, Amerika ilə danışıqlarda diktə tonunun aradan qalxmasını istəyirlər. Yəni deyirlər ki, əgər danışıqlara gedirsinizsə, bizimlə bərabərhüquqlu tərəf kimi danışın. Bizi aşağılamayın. Biz bu yekəxana ritorikanı qəbul etməyəcəyik”.


Ekspert İranın nüvə proqramı ilə bağlı məsələlərin müzakirəsinə yalnız ilkin tələblərinin yerinə yetirilməsindən sonra hazır ola biləcəyini vurğulayıb:


“İran bildirir ki, nüvə proqramı danışıqların mövzusu ola bilər, amma yalnız ilk tələblər yerinə yetirildikdən sonra. Burada Amerikanın özünün də ikili standartları var. Məsələn, hazırda Səudiyyə Ərəbistanına nüvə tədqiqatları ilə bağlı imkanlar yaradır. Həm texnologiyaların verilməsi, həm maliyyə, həm də elmi-texniki yardım sahəsində dəstək göstərməyə hazır olduğunu bildirir. Əgər siz bir tərəfdən bu bölgədə nüvə silahının aradan qaldırılmasını istəyirsinizsə, bəs niyə Səudiyyə Ərəbistanına belə imkanlar yaradırsınız? Niyə İsrailə də bu istiqamətdə özünüz dəstək verirsiniz? İran deyir ki, əgər siz bizə bunu başa salsanız, arqumentləriniz bizi qane etsə, onda biz bütün nüvə tədqiqatlarımızı dayandırarıq. İran tərəfi isə bu barədə heç nə eşitmək istəmir. Deyir ki, bu, bizim milli işimizdir. Çünki birincisi, biz silah hazırlamırıq. İkincisi, elmin inkişafı, tibb sahəsinin tərəqqisi, dərmanların hazırlanması, onkoloji dərmanların istehsalı və izotoplarla təminat üçün bunlar bizə lazımdır. Biz bu məsələləri sizinlə müzakirə etməyəcəyik, çünki bu, bizim daxili işimiz, milli məsələmizdir”.

T.Abbasovun fikrincə, Tehran əvvəlki danışıqlar təcrübəsinə əsaslanaraq Vaşinqtona etimadsızlığını nümayiş etdirir və ABŞ-nin şərtləri diktə etməsinə qarşı çıxır. Bununla yanaşı, politoloq regionda hərbi qarşıdurma ehtimalını da istisna etməyib:


“İranın mövqeyi belədir: əgər bütün bunları nəzərə almışıqsa və bu qədər təzyiqə davam gətirmişiksə, deməli, sizdən çəkinmirik. Hazırlığımız var, cəbbəxanamız var. İran deyir ki, biz istənilən varianta hazırıq. Müharibədirsə, müharibədir və danışıqdırsa, danışıqdır. Çox güman ki, toqquşma olacaq. Amma burada ilk növbədə məsələ ondan ibarətdir ki, bu toqquşmanın miqyası necə olacaq? Başqa dövlətlər bu prosesə qoşulacaqlar, ya yox? Ümumiyyətlə, regionda nə baş verəcək? Çünki bu, çox həssas və zəngin bir bölgədir. Burada hər bir dövlətin öz maraqları, gözləntiləri və planları var. Amma hələlik bütün bu planlar pauzaya qoyulub. Əsas məsələ də budur: bu pauza nə qədər davam edəcək?”.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR