Peskov: "Moskva ABŞ ilə Avropa arasında fikir ayrılığı yaratmağa çalışmır"
Rusiya Ukraynada müvəqqəti atəşkəsin deyil, uzunmüddətli sülhün əldə olunmasının tərəfdarıdır. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Moskva bu məqsədə çatmaq üçün mümkün olan bütün addımları atmağa hazırdır.
Sfera.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Peskov Zelenskinin 60 günlük atəşkəs olacağı təqdirdə Ukraynada seçkilərin keçirilə biləcəyi barədə açıqlamasına münasibət bildirib. O, Rusiyanın mövqeyinin dəyişmədiyini vurğulayıb.
Kremlin sözçüsü ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukraynanın enerji infrastrukturlarına hücumların dayandırılması ilə bağlı razılığa gəldikləri barədə açıqlamasına da öz fikrini bildirib. O, tərəflər arasında təmasların davam etdiyini və məsələ ilə bağlı əlavə məlumat olduqda ictimaiyyətə açıqlama veriləcəyini söyləyib.
Avropa ölkələrinin Ukrayna münaqişəsinə yanaşmasını tənqid edən Peskov onları “müharibə tərəfdarı” adlandırıb. O, ABŞ-nin danışıqlar aparan nümayəndələrinin səylərini daha müsbət qiymətləndirdiklərini və bu səylərin davam etdirilməsinə görə Vaşinqtona minnətdar olduqlarını bildirib.
Peskov əlavə edib ki, Moskva ABŞ ilə Avropa arasında fikir ayrılığı yaratmağa çalışmır, əsas məqsəd sülh yolu ilə təsirli addımların atılması və məsuliyyətli qərarların qəbul edilməsidir.
Fatimə Ələkbər
Sfera.az






