İran önəmli tərəfdaşını itirir? - AÇIQLAMA

Yəməndə husilərlə hökumət qüvvələri arasında qarşıdurmanın yenidən genişlənməsi bölgədəki hərbi-siyasi vəziyyəti gündəmə gətirib.
Yəmən hökuməti husilərə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlanıldığını açıqlayıb. Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələrinin husilərə qarşı hərbi fəaliyyətini artırması ölkədə uzun müddətdir davam edən qarşıdurmanın yeni mərhələyə keçə biləcəyi ilə bağlı müzakirələri gücləndirib.
Husilərin əsas xarici dəstəkçilərindən biri kimi İran göstərilir. Hazırda İranın regionda üzləşdiyi hərbi və siyasi təzyiqlər fonunda Yəməndəki proseslər də diqqət mərkəzindədir. Husilərin mövcud imkanları, hökumət qüvvələrinin hərbi əməliyyatlarının mümkün nəticələri və İranın husilərlə bağlı mövqeyi regional təhlükəsizlik baxımından əhəmiyyətli məsələlər sırasındadır.
Belə vəziyyətdə Husilər Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələrinə müqavimət göstərə biləcəkmi? Bu əməliyyatda İran önəmli tərəfdaşını itirə bilərmi?
Bu haqda politoloq Taleh Əliyev Sfera.az-a açıqlama verib. Onun fikrincə, husilərin Səudiyyə Ərəbistanına intensiv zərbələri qarşı tərəfin də aktiv hərəkətə keçməsinə səbəb olub:

“Husilərin Səudiyyə Ərəbistanına intensiv zərbələri, heç şübhəsiz ki, qarşı tərəfin də aktiv hərəkətə keçməsinə səbəb olmalı idi. Bildiyiniz kimi, son günlər mediada yayılan məlumatlara görə, həmçinin Məkkə təsdiqinə uyğun olaraq, Pakistan tərəfi də Səudiyyə Ərəbistanı vasitəsilə Yəmənin qanuni hakimiyyətinə xeyli sayda silah və sursat göndərib. Artıq Yəmən cəbhəsində qüvvələr nisbətinin Husilərin deyil, Yəmənin qanuni hakimiyyətinin lehinə dəyişdiyinin şahidi oluruq. Bu prosesin uzunmüddətli olub-olmayacağını və ya yenidən Husilərin əks-hücumlarının baş verəcəyini indidən demək çətindir. Çünki İran cəbhənin daralmasını istəməyəcək”.
Politoloq qeyd edib ki, İran üçün Husilərin mövqelərini qoruması strateji əhəmiyyət daşıya bilər:
“Çünki Hörmüz boğazı vasitəsilə həm Amerika Birləşmiş Ştatlarına, həm də bütövlükdə Qərb dünyasına yaşadılan iqtisadi blokada və bunun doğurduğu iqtisadi böhran Babül-Məndəb boğazının da bağlanması ilə daha ciddi və qlobal xarakter ala bilər. Buna görə İran çalışacaq ki, Husilər ən azı İranın müqəddəratı həll olunana, yəni İran bu müharibəni öz bildiyi və istədiyi şəkildə yekunlaşdırana qədər ayaqda qala bilsin. Yəni Yəməndə, hətta məhdud bir ərazidə belə olsa, xüsusilə boğaz üzərində nəzarəti saxlaya və oradan sərbəst gediş-gəlişi əngəlləyə bilsin.
Ona görə də növbəti mərhələdə İranın bu müharibə prosesinə daha aktiv şəkildə qoşulması kimi ssenarilərin də reallaşmasının şahidi ola bilərik. Lakin bu baş verərsə, heç şübhəsiz ki, daha iri miqyaslı və müsəlman dünyasını əhatə edən bir müharibəyə çevrilə bilər. Çünki İranın müharibəyə aktiv qoşulması Səudiyyə Ərəbistanının, Pakistanın və Türkiyənin də Yəmənin qanuni hakimiyyətinə daha geniş və hərtərəfli dəstək verməsinə gətirib çıxara bilər. Bu isə bütövlükdə arzuolunmaz ssenaridir. Hazırkı çətin və həssas dönəmdə İran tərəfinin belə açıq şəkildə hərəkət edəcəyi inandırıcı deyil. Lakin eyni zamanda, bu ssenarini də tamamilə istisna etmək olmaz”.
Bəsti Rəfizadə
Sfera.az






