ABŞ sanksiya tətbiq edəcək - Siyahıda Azərbaycan da olacaq?

ABŞ administrasiyası Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi ilə bağlı qərarın oktyabrın 18-dək qəbul edilə biləcəyini istisna etmir.
Bu barədə ABŞ-nin energetika naziri Kris Rayt "CBS News" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp qərarın qəbulunu son ana qədər təxirə sala və mümkün addımların müsbət və mənfi tərəflərini qiymətləndirə bilər. Rayt bildirib ki, administrasiya Ukrayna böhranının həlli məqsədilə təzyiq göstərmək üçün bütün mövcud vasitələri nəzərdən keçirir.
Nazir Rusiyanın ticarət tərəfdaşlarına qarşı sözügedən müddətədək tariflərin tətbiq edilə biləcəyinə dair suala birbaşa cavab verməyib. O qeyd edib ki, Tramp münaqişənin həlli və amerikalılar üçün qiymətlərin aşağı salınması yollarını axtarır.
Bu qərardan Rusiya ilə ticarət əlaqələri olan hansı ölkələr təsirlənəcək? Bunun Azərbaycan və Türkiyə iqtisadiyyatına hansısa təsiri olacaq?
Bu haqda iqtisadçı Asif İbrahimov Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, Azərbaycan üçün əsas məsələ bu prosesin ölkəmizin bank və ticarət əməliyyatlarına təsiridir:

“Rusiya ilə işləyən şirkətlərin ödənişləri daha ciddi yoxlamalardan keçə bilər. Pul köçürmələrinin gecikməsi, bank komissiyalarının, sığorta və daşınma xərclərinin artması sahibkarların fəaliyyətinə təsir göstərə bilər. Rusiya Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biridir. Xüsusilə kənd təsərrüfatı və digər qeyri-neft məhsullarının ixracında Rusiya bazarının böyük rolu var. Bu bazarda yaranan hər hansı məhdudiyyət Azərbaycan şirkətlərinin satışlarına və gəlirlərinə təsir edə bilər”.
Ekspertin fikrincə, Türkiyə də bu prosesdən müəyyən təsirlərlə üzləşə bilər:
“Türkiyənin Rusiya ilə enerji, ticarət və logistika əlaqələri genişdir. ABŞ tərəfindən əlavə məhdudiyyətlərin tətbiqi Türkiyə şirkətlərinin Rusiya ilə əməliyyatlarında xərcləri artıra və bank nəzarətini gücləndirə bilər. Bu proses Azərbaycan-Türkiyə ticarətinə də müəyyən dərəcədə təsir göstərə bilər. Azərbaycan üçün başqa bir istiqamət Orta Dəhlizdir. Rusiya ilə Qərb arasında ticarət əlaqələrinin çətinləşməsi Asiya ilə Avropa arasında alternativ marşrutlara marağı artırır. Bu, Azərbaycan üçün tranzit daşımaları, logistika, anbar, yükdaşıma və emal xidmətlərinin inkişafı baxımından əlavə imkanlar yaradır. İndiki şəraitdə Azərbaycan sahibkarları üçün ən vacib məsələ bazarların şaxələndirilməsidir. Məhsullarımızı daha çox ölkəyə çıxarmalı, alternativ ödəniş və logistika kanallarını genişləndirməliyik. İqtisadiyyatın müxtəlif bazarlara çıxışı nə qədər geniş olarsa, xarici siyasi və iqtisadi qərarların ölkəmizə təsiri də bir o qədər az olar. Bu proses bizə bir daha göstərir ki, iqtisadi təhlükəsizlik yalnız valyuta ehtiyatları ilə ölçülmür. Ölkənin müxtəlif bazarlara çıxışı, güclü bank sistemi, alternativ logistika marşrutları və rəqabətqabiliyyətli yerli istehsalı da iqtisadi dayanıqlığın əsas şərtləridir”.
Bəsti Rəfizadə
Sfera.az






