Macarıstan Ukrayna ilə bağlı vetonu götürəcək

Macarıstanın bu həftə Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqların texniki mərhələsinin qarşısını alan vetonu götürəcəyi gözlənilir.
Sfera.az xəbər verir ki, “Financial Times” qəzetinin yaydığı məlumata görə, Macarıstanın Baş naziri Peter Madyar diplomatlara Ukrayna və Moldovaya danışıqların növbəti 2 blokunun açılması ilə bağlı məktubların göndərilməsinə mane olmamaq tapşırığı verib.
Söhbət daxili bazar və rəqabət siyasəti üzrə danışıqlar bloklarından gedir. Qəzet bu addımı prosedur baxımından texniki, lakin simvolik əhəmiyyət daşıyan qərar kimi qiymətləndirib.
Bildirilib ki, Macarıstanın danışıqlar bloklarının açılmasına tam siyasi dəstəyi Ukrayna Ali Radasının oktyabrın 12-də azlıqların təhsil hüquqları ilə bağlı qanun layihəsini qəbul edib-etməməsindən asılı olacaq.
Macarıstan hökuməti uzun müddətdir Ukraynadakı macar azlığının hüquqlarını əsas məsələlərdən biri kimi gündəmdə saxlayır. Məlumata görə, yeni qanun layihəsi Macarıstan rəsmilərinin mövqeyi nəzərə alınmaqla hazırlanıb.
“Financial Times” hesab edir ki, Ukraynanın Aİ-yə üzvlük yolu artıq daha aydın görünməyə başlayıb. Belə ki, 2 danışıqlar blokunun açılması razılaşdırılarsa, cəmi 2 blok açılmamış qalacaq.
Bunlardan biri yaşıl gündəlik, digəri isə kənd təsərrüfatı və regional siyasətlə bağlıdır. Avropa Komissiyası həmin bloklar üzrə də razılaşmanın ilin sonuna qədər əldə olunacağına ümid edir.
Bəsti Rəfizadə
Sfera.az






