Tramp narahatdır: impiçment gözlənilir?

Tramp narahatdır: impiçment gözlənilir?
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Trampın Demokratlar Partiyasının noyabrda keçiriləcək Konqresə aralıq seçkilərində qalib gələcəyi təqdirdə yeni impiçment prosesi ilə üzləşə biləcəyini deməsi Vaşinqtonda siyasi mübarizənin yenidən sərtləşə biləcəyi ilə bağlı suallar yaradıb.

Tramp daha əvvəl iki dəfə impiçment proseduru ilə üzləşib.

Bəs Demokratların Konqresdə üstünlük əldə etməsi Trampa qarşı yeni impiçment prosesinin başlanması üçün kifayətdirmi? Belə bir proses başlasa, bu, Trampın prezidentliyi üçün real təhlükə yarada bilərmi?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, Trampın bu tip açıqlamalarına siyasi manipulyasiya kontekstində də yanaşmaq mümkündür.


Onun sözlərinə görə, Tramp ilk növbədə öz elektoratına, eyni zamanda müəyyən mənada xarici oyunçulara mesaj verir:


“Demək istəyir ki, bu proses həm mənim üçün, həm də ABŞ üçün, ABŞ vətəndaşları üçün çox əhəmiyyətlidir. Demokratlar qalib gəlsə, mənim üçün artıq daha çətin mərhələ başlaya bilər. Bu, eyni zamanda, mənim elektoratımı da maraqlandıran məsələdir. Yəni vermək istədiyi mesaj təxminən bundan ibarətdir”.


Siyasi şərhçi qeyd edib ki, impiçment məsələsinin yenidən gündəmə gəlməsi mümkündür. Onun fikrincə, Trampın ikinci prezidentlik dövründə, xüsusilə xarici siyasət istiqamətində atdığı bəzi addımlar ABŞ siyasi elitasında müəyyən narazılıq və qarşıdurmalara səbəb olub.


“Artıq xarici siyasətdə atılan müəyyən qərarların təsirini xalq və cəmiyyət hiss etməyə başlayıb. Ona görə də Donald Trampın reytinqi stabil deyil. Təbii ki, qarşı tərəf – Demokratlar da bundan istifadə edir. Bu baxımdan impiçment məsələsi gündəmə gələ bilər”, – şərhçi vurğulayıb.


O bildirib ki, Trampın daha əvvəl iki dəfə impiçment proseduru ilə üzləşməsinə baxmayaraq, ikinci dəfə prezident seçilməsi və hazırda həm ölkə daxilində, həm də xaricdə müəyyən dəstəyə malik olması nəzərə alınmalıdır.


“Ən pis ssenaridə belə, Trampa qarşı impiçment məsələsi gündəmə gəlsə, bunun onun hakimiyyətinə ciddi təsir edib-etməyəcəyi sual olaraq qalır. Çünki Tramp artıq iki dəfə belə proseslə üzləşib və buna baxmayaraq, ikinci dəfə hakimiyyətə gəlib”, – K.Novruzov bildirib.


Aralıq seçkilərində hansı partiyanın üstünlük qazanacağına gəlincə, şərhçi hesab edir ki, bu məsələdə hələlik qəti fikir söyləmək çətindir. Onun fikrincə, Respublikaçılar Konqresdəki üstünlüklərini qoruyacaq, Demokratlar isə onlara çata bilməyəcək.

Qeyd edək ki, ABŞ-də Konqresə aralıq seçkiləri 3 noyabr 2026-cı ildə keçiriləcək. Seçkilərdə Nümayəndələr Palatasının bütün 435 yeri və Senatın yerlərinin təxminən üçdə biri uğrunda mübarizə aparılacaq. Konqresdə hansı partiyanın çoxluğa sahib olacağı qarşıdakı iki il ərzində qanunvericilik prosesinə və prezident administrasiyasının fəaliyyət imkanlarına təsir göstərə bilər.


Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR