"İran Qərb ölkələrini münaqişəyə çəkə bilər" - AÇIQLAMA

Son dövrlərdə İranın nüvə proqramı ətrafında yaranmış gərginlik fonunda ölkənin Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxa biləcəyi ilə bağlı açıqlamalar gündəmə gəlib.
İran rəsmiləri müxtəlif vaxtlarda belə bir addımın mümkünlüyünü müzakirə etsələr də, bunun hansı şəraitdə və hansı formada reallaşa biləcəyi ilə bağlı fərqli fikirlər səsləndirilir. Tehranla Qərb ölkələri arasında nüvə proqramı ilə bağlı fikir ayrılıqları, sanksiyalar və qarşılıqlı təzyiqlər fonunda NPT məsələsi də yenidən diqqət mərkəzinə gəlib.
İran reallıqda belə addımı ata bilərmi? Çıxarsa bu, İrana nüvə silahını yaratmaq hüququ verəcək?
Bu haqda Sfera.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, İranın Nüvə Silahlarının Yayılmaması
Müqaviləsindən çıxması bu ölkəyə nüvə silahı yaratmaq hüququ vermir, sadəcə bu müqavilədən çıxmaqla həmin sənədlə üzərinə götürdüyü öhdəliklərdən imtina etmiş olur:

“Ancaq bu müqaviləyə üzv olmaq, bu müqavilədə təmsil olunmaq da nüvə silahının yaradılmasının qarşısını demək olar ki, almır və ya ən əsası, nüvə silahının yayılma ehtimalını məhdudlaşdırmır. Çünki əsasən güclü dövlətlər, böyük dövlətlər öz hədəflərini müəyyənləşdirərkən bir çox hallarda beynəlxalq hüquq normalarına, beynəlxalq hüquqi bazaya, anlaşmalara və müqavilələrə o qədər də böyük əhəmiyyət vermirlər. Bu proses də ona bənzər prosesdir. Ancaq burada önəmli məqam ondan ibarətdir ki, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin üzvü olsa da, nüvə silahının yaradılması ilə məşğul idi. Amerika Birləşmiş Ştatları, eləcə də digər Qərb ölkələri buna qarşı təsir və təzyiq mexanizmlərindən istifadə edirdilər. Ancaq buna nail olmadıqlarına görə, yəni dinc vasitələrlə nəticə əldə edə bilmədikləri üçün Amerika Birləşmiş Ştatları savaşa başlamış oldu”.
Ekspert nüvə məsələsinin, ümumiyyətlə, İranın istədiyi kimi həll olunmayacağını qeyd edib:
“Çünki Amerika Birləşmiş Ştatları savaşa başlayarkən qarşısına konkret hədəf qoyub və hələlik həmin hədəfə çatmayıb. O hədəf də İranın nüvə proqramlarının ləğvi ilə bağlıdır. Böyük ehtimalla, hazırda gedən danışıqlarda da bu mövzu əsas müzakirə məsələsidir. Ağ Ev bu məsələdə israrlı mövqe tutmaq niyyətində olduğunu büruzə verir. Yəqin ki, yaxın gələcəkdə İranın nüvə proqramlarının ləğv olunması ilə bağlı konkret qərarların qəbul edilməsi istiqamətində yeni bir mərhələ başlaya bilər. Bu situasiya bir daha onu göstərir ki, dünya üçün çox böyük təhlükə var. Nüvə silahı yaratmaq imkanı olan dövlətlər heç bir beynəlxalq hüquq normasına əhəmiyyət vermədən bu istiqamətdə addımlar atmağa çalışırlar və bununla da bəşəriyyəti böyük təhlükə qarşısında qoyurlar. İrana gəldikdə isə, əgər İran bu müqavilədən çıxaraq nüvə silahı yaratmaq məsələsində daha qətiyyətli və prinsipial davranmağa çalışarsa, o zaman Yaxın Şərqdəki savaş daha qəliz bir mərhələyə keçə bilər və Amerika Birləşmiş Ştatlarından başqa digər Qərb ölkələrinin də bu savaşa qatılma ehtimalı arta bilər”.
Bəsti Rəfizadə
Sfera.az






