Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələri açılır? - Deputatdan CAVAB

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşüblər.
Tərəflər 2025-ci il Vaşinqton Sülh Sammitindən sonra əldə olunan razılaşmalar çərçivəsində irəliləyişi, iqtisadi və nəqliyyat əlaqələrinin açılmasını müzakirə edib, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər.
Tərəflər növbəti dəfə harada görüşə bilərlər? Azərbaycan-Ermənistan arasında ticarət və tranzit əlaqələrinin genişlənməsi Azərbaycan iqtisadiyyatına hansı konkret faydaları verə bilər? Nəqliyyat əlaqələrinin açılması nə zaman reallaşa bilər?
Bu haqda Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Zahid Oruc BMT Baş Assambleyasının 81-ci sessiyasının keçirildiyi dövrdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü mühüm hadisə adlandırıb:

“Çünki son dövrlər, xüsusilə də xarici diplomatların azad olunmuş ərazilərə səfərinə verilən reaksiyalar təkcə vətəndaş cəmiyyəti institutları, o cümlədən İrəvan siyasi müxalifəti, şovinist Daşnak çevrələri tərəfindən deyil, həmçinin hökumət qurumları daxilində də fəal şəkildə bu məsələyə pozucu münasibətlərin göstərildiyini ortaya qoydu. Bu, öz-özlüyündə son bir il yarım ərzində qət olunan yolun, Birləşmiş Ştatlarda 8 avqustda Vaşinqton zirvəsində əldə olunan razılaşmaların müddəalarına və prinsiplərinə zidd hərəkətlər idi. Bir çoxları üçün onsuz da məlumdur ki, Ermənistanda son seçkilərdə 34 faizdən artıq deməli vətəndaşlar əks prosesin, yəni Paşinyanın məntiqi ilə söylənsə, düşmənçiliyin, müharibənin, işğalçılıq ideallarının, “Böyük Ermənistan” mifologiyasının tərəfdarı olduğunu göstərmişdi. Razılaşın ki, bu, kifayət qədər çoxsaylı insan kütləsi deməkdir. Əgər yüz minlərlə insan hələ də regional müsbət əlaqələrin, ticarətin və yaxın iqtisadi münasibətlərin tərəfdarı deyil, daha artıq dərəcədə ənənəvi tarixi imperiyaların əlində vasitə olmağa xidmət edən ideologiyanın üzərində dayanırsa, bu, heç şübhəsiz ki, ağır nəticələr doğura bilər”.
Parlamentari Qırğızıstanda, Bişkekdə ölkə rəhbərlərinin görüşü ilə paralel verilmiş müvafiq tapşırıqlar həm delimitasiya komissiyasına, həm xarici işlər nazirlərinə, o cümlədən vətəndaş cəmiyyəti institutlarına, xalq diplomatiyası çərçivəsində kövrək sülhün daha da gücləndirilməsi üçün atılacaq addımlara, düşmənçilik sindromundan çıxarılmasına xidmət edəcək tədbirlərə yönəldildiyini açıqlayıb:
“Hər bir halda, dünənki görüşlə, əminəm ki, həmin xətt üzrə davamlılığına bir zəmanət qazandı. Təxmin etmək çətin deyil ki, qarşı tərəf sonuncu addımların yanlışlığını yəqin ki, bəyan edir və dünən Təhlükəsizlik Şurasının rəhbəri Alen Simonyanın erməni media nümayəndələrinin davamlı, israrlı suallarına verdiyi cavab çox rasional idi, düzgün yanaşma idi. Çünki o, əvvəlki dövrdə parlamentdə yaxşı bilirdi ki, həmin qüvvələr Ermənistanın özünün daxilində necə dağıdıcı bir mövqeyə malikdirlər. O, açıq şəkildə söyləyirdi ki, axır bizim içimizdə bu gərginlik doğuran partiyalar və şəxslər mövcuddur. Və faktiki olaraq, Ermənistan dövlətçiliyi ilk növbədə Koçaryan, Sarkisyan və Moskvadan idarə olunan qüvvələrin zərbəsini yaşayır. Biz onu yaxşı görürük. Və təsadüfi deyil ki, bu, deməli, açıqlamalar indiki artıq gizli, bağlı qapılar arxasında deyil, tribunalardan verilir. Ona görə çox inanırıq ki, əslində BMT sessiyasında dünya liderlərinin beynəlxalq təhlükəsizlik mövzusuna dair, o cümlədən BMT-nin gələcək aqibətinin necə olacağı, Təhlükəsizlik Şurasının 5 daimi üzvünün hansı formada dəyişəcəyi, qərar qəbul etməyə necə yön verilməsi və sair ətrafında mövqeləri var. Bunun üzərində iki dövlətin sülhə daha tez gəlməsi beynəlxalq düzəni, yəni dünya nizamını qurmağa xidmət edəcək addımlardır. Biz çox yaxşı xatırlayırıq ki, 75-ci sessiya, Baş Assambleyanın 75-ci sessiyasının keçirildiyi günlərdən sonra İkinci Qarabağ müharibəsi başlamışdı və Vətən müharibəsi öz-özlüyündə həm də BMT-nin dünyada təhlükəsizliyi təmin edə bilməməsindən və qətnamələrin həyata keçirilməsindəki zəifliyindən, yaxud iradəsizliyindən qaynaqlanmışdı. Biz indi görürük ki, Braziliya lideri Lula da Silva, o cümlədən Finlandiyanın prezidenti Aleksander Stubb, həmçinin başqa ölkə rəhbərləri müxtəlif təkliflər irəli sürürlər ki, hansı formada bu qlobal böhranları həll etmək olar".
Millət vəkili bildirib ki, ən yaxşı cavab reaksiyasını irəli sürən sırf Azərbaycan dövlətidir:
"Ona görə ölkəmizin BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün 6-cısı olmağa mənəvi, siyasi haqqı var. Bu, belə kiçik bir dövlətin xüsusi bir hərisliyi kimi görünməsin. Həqiqətən, artıq Qarabağ qələbəsi buna imkan verir və bu, təkcə regional bir hadisə deyil, qlobal nəticələri var. Ona görə düşünürəm ki, bu əsnada ölkənin xarici işlər nazirinin əsas diqqəti sırf sülhü davam etdirmək, əlaqələri bundan sonrakı dövrdə də kəsməmək, maksimum dərəcədə şovinist dairələrə meydan verməmək üzərində olmuşdur. Digər tərəfdən isə artıq Ermənistanın referenduma hazırlaşdığı bir zamanda maksimum dərəcədə o daxili müqavimətin yarılması, qırılması gələcək dövr üçün sülh müqaviləsinin imzalanmasını mümkün edəcəkdir. O cəhətdən hesab edirik ki, görüşün ümumi, yəni atmosferi və razılaşmaları o xəttdə olacaq ki, Ermənistan öz öhdəliklərini yerinə yetirəcək, Birləşmiş Ştatlarda, Nyu-Yorka yaxın bir şəhərdə Ağ Evdə göstərdiyi, yəni atdığı imzaların, paraflanmış sənədin müddəalarına sadiq qalacaq. Əks halda proseslərin geriyə çevrilməsi, ümumiyyətlə, sülh danışıqlarının iflasa uğramasının ziyanı müəyyən qədər bölgəyə, amma daha çox zərbəsi İrəvana dəyəcək”.
Bəsti Rəfizadə






