"ABŞ İranın həmin tələblərini yerinə yetirməyəcək"

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff İran tərəfi ilə vasitəçilər üzərindən aparılan məsləhətləşmələri uğurlu adlandırıb.
Sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən danışıqlarda tərəflər arasında uzunmüddətli əlaqələrin olduğu bildirilib.
Donald Tramp da daha əvvəl İranla münaqişənin dayandırılmasına dair razılaşma üçün zəmin yarandığını açıqlayıb.
Pərdəarxası danışıqlar tərəflər arasında razılaşmanın əldə olunmasına gətirib çıxara bilərmi? Bu sessiya həqiqətən də müsbət nəticələrlə sonlana bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Sultan Zahidov bildirib ki, BMT Baş Assambleyasının 81-ci iclası çərçivəsində keçirilən görüş xüsusi əhəmiyyət kəsb edir:

“Ötən gün ABŞ və İran nümayəndə heyətləri arasında görüş baş tutdu. Nümayəndə heyətlərinə ABŞ tərəfindən Stiv Uitkoff, İran tərəfindən isə xarici işlər naziri Abbas Əraqçi başçılıq edirdi. Məlum olduğu kimi, danışıqlardan əvvəl Donald Trampın BMT Baş Assambleyasındakı çıxışında İran mövzusuna geniş yer ayrıldı. Tramp bildirdi ki, “ya İran inkişaf edib sülh yoluna qədəm qoyacaq, ya da biz onları tamamilə məhv edəcəyik”. Bu, açıq-aşkar hədələyici tonda yazılmış çıxış idi. Eyni zamanda ABŞ Prezidenti qeyd etdi ki, böyük ehtimalla aralıq seçkilərindən sonra Vaşinqton və Tehran arasında müəyyən razılaşma əldə oluna bilər”.
Politoloq vurğulayıb ki, Vaşinqtonun Tehranla bağlı siyasətində heç bir fundamental dəyişiklik yoxdur:
“Bir tərəfdən “koersiv diplomatiya”, yəni məcburetmə siyasəti yürüdülür; sanksiyalar və blokada vasitəsilə İranı sülhə vadar etmək istəyirlər. Digər tərəfdən isə diplomatiya üçün qalan bütün imkanlardan istifadə etməyə çalışırlar. Ötən gün baş tutan görüşdən sonra Stiv Uitkoff danışıqların konstruktiv olacağına ümid etdiyini, Donald Tramp isə prosesi ümumiyyətlə məhsuldar adlandırdı. İran XİN-in mətbuat katibi İsmayıl Bəqayi isə bəyan etdi ki, danışıqlar Qətərin vasitəçiliyi ilə həyata keçirilib və İran öz şərtlərini ABŞ tərəfinə təqdim edib”.
S.Zahidov Tehranın irəli sürdüyü şərtləri və onların reallaşma ehtimalını belə dəyərləndirib:
“Bir neçə gün öncə İran Ali Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai də bu şərtləri açıqlamışdı. Söhbət ABŞ və İsrailin bütün cəbhələrdə, o cümlədən Livan istiqamətində hərbi əməliyyatları dayandırmasından, İranın dondurulmuş aktivlərinin bərpasından və Hörmüz boğazının blokadasına son qoyulmasından gedir. Açığı, bu şərtlər yeni deyil. ABŞ-nin indiki mərhələdə həmin tələbləri yerinə yetirməsi qeyri-real görünür. Çünki Vaşinqton hələlik hərbi kontingentini regiondan çıxarmaq niyyətində deyil və öz məqsədlərinə tam nail olmayıb. Livan cəbhəsində də döyüşlər əvvəlki intensivlikdə olmasa da, davam edir. Digər tərəfdən, ABŞ aktivlərin bərpasını yalnız İranın real sülh addımları atacağı təqdirdə nəzərdən keçirə biləcəyini deyir. Bu da tərəflər arasında dərin mövqe fərqinin olduğunu və yaxın gələcəkdə sülh ehtimalının aşağı düşdüyünü göstərir. Düşünürəm ki, diplomatik təmaslar hələ bir müddət davam edəcək. Lakin ABŞ-nin şərtləri icra olunmazsa və təzyiqlər artarsa, Vaşinqton və Tehran arasında növbəti eskalasiya dalğasının da şahidi ola bilərik”.
Firuzə Əliyeva
Sfera.az






