Rusiya-Ukrayna müharibəsi qışadək bitəcək? - Politoloqdan AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsi qışadək bitəcək? - Politoloqdan AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Nyu-Yorkda keçirdiyi görüşdən sonra Kiyev və Vaşinqtonun Rusiya-Ukrayna müharibəsinin qışdan əvvəl başa çatmasını istədiyini açıqlayıb.

Tərəflər diplomatiyaya yol aça biləcək addımları, Ukraynanın hava hücumundan müdafiəsini və enerji obyektlərinə qarşı hücumları da müzakirə ediblər.

Həqiqətən də müharibənin qışdan öncə bitmə ehtimalı varmı?

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, mövcud şərtlər daxilində savaşın yaxın vaxtlarda başa çatması ehtimalı aşağıdır, lakin müəyyən diplomatik şanslar hələ də qalır.

Politoloqun sözlərinə görə, əsas şans ABŞ-nin hər iki tərəflə danışıq aparmaq imkanının olmasındadır:

"Müharibənin bitməsi ehtimalı azdır. Amma şanslar var. Əvvəla, burada şansın əsası odur ki, Amerika tərəflər arasında danışıq apara bilir. Yəni üçüncü bir dövlət hər iki tərəflə masa arxasında otura bilir və tərəfləri hətta masa arxasına gətirə bilir. Ehtimal var ki, təxminən oktyabr ayında üçtərəfli bir görüş baş tuta bilər. Amma tərəflərin şərtləri kifayət qədər sərt olduğuna görə, xüsusilə ərazi məsələsində anlaşma olmadığına görə, bu tərəflərin razılaşması demək olar ki, alınmır”.

Ekspert tərəflərin mövqelərindəki fərqlərə də diqqət çəkib:

"Verilən siqnallarda Ukrayna tərəfi sanki daha kompromisli görsənir, Ukrayna sülhə daha yaxın görünür. Yəni Zelenski açıqlamasında bildirir ki, o, enerji obyektlərinə hücumların qarşılıqlı dayandırılmasına razıdır. Bundan sonra da atəşkəs olarsa, ona da razıdır. Danışıqların aparılmasına, yəni müzakirələrin getməsinə də etirazı yoxdur və üçtərəfli görüşə də razıdır. Rusiya tərəfi isə hələlik ərazi məsələləri ilə bağlı şərtlərini irəli sürür və hesab edir ki, onun istədiyi əraziləri Ukrayna verərsə, yəni onların hüquqi olaraq Rusiyaya verilməsinə razı olarsa, o halda atəşkəsin olması və danışıqların başlaması mümkündür. Burada, təbii ki, fikir ayrılıqları var. Hər halda, bu yaxın günlərdə Rusiyanın mövqeyini biləcəyik və alınacaqsa, üçtərəfli görüşün keçirilməsini istisna etmirəm.

Nəzərə alsaq ki, Ukraynanın enerji obyektləri qışda Rusiyanın əsas hədəfləri olur və bu da Ukrayna üçün çox ciddi narahatlıqlar vəd edir. Yəni bu baxımdan müttəfiqlər də, Ukrayna da maraqlıdırlar ki, heç olmasa enerji obyektlərinə münasibətdə bir atəşkəs razılaşması olsun. Rusiyanın isə hələlik məsələyə kəskin mövqeyi yoxdur. Yəni anlaşılan odur ki, Rusiya ərazi məsələlərində güzəştə gedilməzsə, görünür, belə bir atəşkəsə razı deyil. Amma rəsmi olaraq hələlik bunu bildirməyib. Yəqin ki, amerikalılarla rusların görüşündə bu məsələ müzakirə olunacaq. Ehtimal var ki, oktyabr ayında belə bir görüş baş tutsun. Orada bütövlükdə atəşkəs, yaxud da enerji obyektlərinə münasibətdə qarşılıqlı hücumların dayandırılması ilə bağlı bir atəşkəs barədə razılaşma ehtimalları ola bilər. Amma mən düşünürəm ki, təəssüf ki, bu savaşın dayanması ehtimalı çox azdır".

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR