Tramp Pezeşkianla görüşmək istədi - Sülh yaxındır?

Tramp Pezeşkianla görüşmək istədi - Sülh yaxındır?
Kateqoriya məlum deyil
T

Sentyabrın 23-də BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələri başlayır.

Sessiyada İran rəsmilərinin də iştirakı gözlənilir. ABŞ Prezidenti Donald Tramp isə İran Prezidenti Məsud Pezeşkianla görüşmək istədiyini bildirib.

Tərəflər arasında Nyu-Yorkda təkbətək görüşün keçirilməsi mümkündürmü və belə bir görüş hansı nəticələrə səbəb ola bilər?

Bu barədə Sfera.az-a danışan siyasətçi Cavanşir Abbaslı bildirib ki, hazırkı vəziyyətdə Tramp və Pezeşkian arasında təkbətək görüşün keçirilməsi gözlənilmir, lakin belə bir görüşün baş tutması da istisna deyil.

Onun sözlərinə görə, görüş baş tutsa belə, bundan ciddi nəticələr gözləmək çətindir.

“Hazırkı baxış bucağından hər hansı ciddi nəticənin əldə olunacağı real görünmür. Bununla belə, tərəflər arasında son günlərdə söz savaşının səngiməyə doğru getdiyini də müşahidə edirik. Tərəflər arasında atəşkəs əldə olunduqdan sonra əsasən qarşılıqlı bəyanatlar və siyasi ritorika müşahidə edilib. Son günlərdə isə bu ritorikanın nisbətən səngiməsi diqqət çəkir”.

Siyasətçi hesab edir ki, ABŞ-də keçiriləcək aralıq seçkilər də Tramp administrasiyasının İran siyasətinə təsir edən amillərdən biri ola bilər.

Onun sözlərinə görə, noyabrın 3-də keçiriləcək seçkilər ərəfəsində İranla bağlı hər hansı nəticənin nümayiş etdirilməsi Tramp üçün siyasi baxımdan əhəmiyyət daşıya bilər.

“Seçkilər ərəfəsində Tramp görüş keçirə, daha sonra isə əvvəlki kimi çıxışlar edə, hədələyə və ya görüşün özünə fərqli siyasi görüntü verməyə çalışa bilər. Məsələn, İran rəhbərinin onunla hesablaşdığı və ya məhz onun təşəbbüsü ilə görüşə razılaşdığı görüntüsünü yaratmağa cəhd göstərə bilər”, – C.Abbaslı qeyd edib.

O əlavə edib ki, BMT Baş Assambleyasının sessiyası çərçivəsində dünya siyasətində mühüm görüşlərin keçirilməsi gözlənilir.

Siyasətçinin fikrincə, əsas diqqət Ukrayna müharibəsi və İran ətrafında gedən proseslərə yönəlsə də, bu məsələlərin hər ikisi üzrə yaxın zamanda yekun nəticə əldə olunması real görünmür.

C.Abbaslı Çin rəhbərinin də ABŞ-yə səfərinin gözlənildiyini xatırladaraq bildirib ki, böyük dövlətlər arasında pərdəarxası diplomatik təmasların intensivləşməsi mümkündür:

“Bu görüşlərdə tərəflər ilk növbədə öz maraqlarından çıxış edirlər. Bu görüş baş tuta bilər, amma hansı nəticələrin əldə olunacağı əsas məsələdir. Hazırkı reallıq İran istiqamətində ABŞ-nin hər hansı üstünlüyünün açıq şəkildə göründüyünü deməyə əsas vermir. Yaxın aylarda da bunun dəyişəcəyini düşünmürəm. Pezeşkian prezident seçildikdən sonra bir dəfə ABŞ-yə səfər etmişdi. Nə dəyişdi? Həmin səfərdən sonra ötən ilin yayında 12 günlük müharibə baş verdi, ardınca isə məlum savaş yaşandı”.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR