Hindistan-Pakistan münasibətləri yenidən kəskinləşir? - AÇIQLAMA

Hindistan-Pakistan münasibətləri yenidən kəskinləşir? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Hindistan və Pakistan hərbi gəmilərinin Şimal Ərəbistan dənizində toqquşması iki ölkə arasında yeni gərginliyə səbəb olub.

Hadisədən sonra tərəflər bir-birinə etiraz notası göndərib. İnsident iki nüvə dövlətinin münasibətlərində qarşılıqlı ittihamları yenidən gündəmə gətirib.


Bəs dənizdə baş verən toqquşma Hindistan-Pakistan münasibətlərinə necə təsir göstərə bilər? Hadisə iki ölkə arasında hərbi qarşıdurma riskini artıra bilərmi? Yeni münaqişə ehtimalı varmı?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, Pakistan və Hindistan hərbi gəmilərinin Şimal Ərəbistan dənizində toqquşması iki ölkə arasında onsuz da kövrək olan münasibətlər baxımından yeni risklər yaradır.


Politoloqun sözlərinə görə, hadisə qəza xarakterli olsa belə, iki nüvə dövlətinin hərbi-dəniz qüvvələri arasında baş verməsi onun siyasi əhəmiyyətini artırır. Hazırda hər iki tərəf hadisəyə görə məsuliyyəti qarşı tərəfin üzərinə qoyur. Hindistan Pakistan gəmisinin təhlükəli və qeyri-peşəkar manevr etdiyini bildirir, Pakistan isə Hindistan gəmisinin hərəkətlərini təxribatçı və qəbuledilməz adlandırır.


Rəşad Bayramov qeyd edib ki, tərəflərin bir-birinə etiraz notası göndərməsi insidentin artıq yalnız texniki qəza kimi qiymətləndirilmədiyini göstərir.


“Bu hadisə ilk növbədə qarşılıqlı etimadsızlığı daha da dərinləşdirə bilər. Xüsusilə 1991-ci ildə imzalanmış hərbi fəaliyyətlər və manevrlər barədə əvvəlcədən məlumatlandırma razılaşmasının gündəmə gətirilməsi göstərir ki, tərəflər insidentə daha geniş təhlükəsizlik kontekstindən yanaşırlar. Hindistan bu razılaşmanın pozulduğunu bildirir, Pakistan isə hadisəni həmin çərçivə ilə əlaqələndirir. Beləliklə, məsələ adi dəniz qəzasından çıxaraq hərbi davranış qaydaları ilə bağlı mübahisəyə çevrilə bilər”, – politoloq bildirib.


Onun sözlərinə görə, hazırkı mərhələdə Hindistan və Pakistan arasında birbaşa hərbi qarşıdurmanın qaçılmaz olduğunu söyləmək üçün ciddi əsas yoxdur. Tərəflərin ilkin reaksiyalarının diplomatik etirazlarla məhdudlaşması vəziyyətin nəzarətdə saxlanılması imkanının olduğunu göstərir.


“Əsas risk hadisənin özündən daha çox onun sonrakı siyasi və hərbi şəkildə şərh olunmasıdır. Əgər tərəflərdən biri insidenti qəsdən törədilmiş hərbi təxribat kimi qiymətləndirərək buna hərbi cavab verməyə çalışsa, eskalasiya ehtimalı əhəmiyyətli dərəcədə yüksələ bilər”, – R.Bayramov vurğulayıb.


Politoloq əlavə edib ki, Ərəbistan dənizində hərbi gəmilərin, kəşfiyyat və müşahidə vasitələrinin intensiv fəaliyyəti yeni insidentlərin baş verməsi riskini də artırır. Bu baxımdan rabitə kanallarının açıq saxlanılması, gəmilər arasında məsafə və manevr qaydalarına ciddi əməl olunması, həmçinin hadisənin obyektiv araşdırılması vacibdir.
Rəşad Bayramov hesab edir ki, insident Hindistan-Pakistan münasibətlərində gərginliyi artıra bilər, lakin hazırda bunun yeni genişmiqyaslı münaqişəyə çevriləcəyini söyləmək üçün əsas yoxdur.


“Qısamüddətli diplomatik böhran, hərbi qüvvələrin daha yüksək hazırlıq vəziyyətinə gətirilməsi və qarşılıqlı ittihamların sərtləşməsi mümkündür. Yeni münaqişə isə yalnız bu insidentin digər hərbi və ya siyasi hadisələrlə birləşməsi halında daha ciddi xarakter ala bilər”, – politoloq qeyd edib.

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR