Paşinyanın babası nasistlərlə əməkdaşlıq edib? - MARAQLI FAKTLAR

Ermənistanın baş naziri Nikol Paşinyanın siyasi fəaliyyəti, keçmişi və ailəsi illərdir mediada diqqət çəkən mövzulardandır.
Paşinyanın şəxsi həyatı ilə bağlı çoxsaylı məlumatlar yayılsa da, onun ata-baba kökü barədə məlumatlar çoxsaylı ziddiyət təşkil edir.
Sfera.az xəbər verir ki, Nikol Paşinyan 1 iyun 1975-ci ildə Ermənistanın Tavuş vilayətinin İcevan şəhərində anadan olub. Ermənistan Baş nazirinin rəsmi bioqrafiyasında da onun İcevan şəhərində doğulduğu qeyd edilib. Paşinyanın atası Vova Paşinyan 1940-cı ildə doğulub və 2020-ci ilin dekabrında 80 yaşında vəfat edib. O, uzun illər fiziki tərbiyə müəllimi kimi çalışıb, eyni zamanda futbol və voleybol məşqçiliyi ilə məşğul olub. Ermənistan mətbuatının məlumatına görə, Vova Paşinyan İcevan ətrafındakı Haghartsin kəndindəki orta məktəbdə fiziki tərbiyə müəllimi işləyib. Vova Paşinyan 2018-ci ildə oğlu baş nazir seçildikdən sonra mediaya verdiyi müsahibələrdən birində ailəsi barədə danışıb.
Onun sözlərinə görə, üç oğlu olub: Artak, Armen və Nikol. O, Nikolun adını öz atasının şərəfinə qoyduqlarını bildirib. Vova Paşinyanın dediyinə görə, Nikol dünyaya gələndə özü İcevanda olmayıb və oğluna babasının adının verilməsi qərarını onun anası verib. Nikol Paşinyanın bioloji anasının adı müxtəlif mənbələrdə Svetik-Svetlana Hovhannisyan kimi göstərilib. Ermənistan mətbuatında yayılan bioqrafik məlumatlara görə, o, evdar qadın olub və İcevan bölgəsindəki həmin ərazidən, indiki Haghartsin kəndindən və keçmiş adı ilə Carkheçdən olub. Svetik Hovhannisyan 1987-ci ildə, Nikol 12 yaşında olarkən xəstəlikdən vəfat edib. Bundan sonra Vova Paşinyan ikinci dəfə evlənib və uşaqların tərbiyəsində onun ikinci həyat yoldaşı Yerjanik Çibuxçyan mühüm rol oynayıb. Ermənistan mediasının yazdığına görə, Yerjanik Nikolun bioloji anası olmayıb, lakin o və iki qardaşı ilə birlikdə üç uşağı böyüdüb.
2018-ci ildə "Sputnik Armenia" Paşinyanın atasının və ögey anasının İcevandakı evinə baş çəkib. Həmin materialda Yerjanik Çibuxçyanın Vova Paşinyanın ikinci həyat yoldaşı olduğu və üç oğlanı böyütdüyü qeyd edilib. Nikol Paşinyanın özündən böyük iki qardaşı var. Armen və Artak Paşinyan. Beləliklə, Vova Paşinyanın ilk evliliyindən üç oğlu Artak, Armen və Nikol dünyaya gəlib. Lakin ikinci evliliyindən övladının olub-olmaması ilə bağlı heç bir məlumat yoxdur.
Paşinyanın atasının müsahibəsində də bu məlumat birbaşa təsdiqlənir. Vova Paşinyan oğullarının adlarını çəkərək Nikolun adının babasından götürüldüyünü bildirib. Nikolun hərbi xidmət keçməməsi də ailədəki qardaşları ilə əlaqələndirilib. Məlumatlara görə, onun iki böyük qardaşı ondan əvvəl hərbi xidmət keçib və bu səbəbdən Nikol qanunla hərbi xidmətdən azad edilib. Bəzi Ermənistan bioqrafik mənbələrində Paşinyan ailəsinin Carkheçin ilk sakinləri arasında olduğu və onların 1815-ci ildə Açajur kəndindən bu əraziyə köçdüyü yazılıb. Bu məlumatlara əsasən, Paşinyanın ailəsinin məlum ata tərəfi və ana tərəfi əsasən Tavuş–İcevan–Haghartsin xətti ilə bağlı görünür.
Bəzi mənbələr Nikolun babasının İkinci Dünya müharibəsi zamanı alman tərəfinə keçdiyini və Ermənistan legionunda xidmət etdiyini iddia edib. Ancaq bu iddia sonradan ciddi şəkildə mübahisələndirilib. 2026-cı ildə “CivilNet”in fakt-yoxlama araşdırmasında bildirilib ki, nasist Almaniyasının legionunda xidmət etdiyi deyilən Nikol Vardan Paşinyan ilə Paşinyanın babası olan Nikol Arakel Paşinyan eyni şəxs deyil.
Arxiv sənədlərinə əsasən, Paşinyanın babası Nikol Arakel oğlu Paşinyan 1913-cü ildə Yenokavan kəndində yaşayıb, 1941-ci ildə Qızıl Orduya çağırılıb və Kerç istiqamətində döyüşlər zamanı itkin düşüb. Yəni Paşinyanın babasının nasistlərlə əməkdaşlıq etdiyi barədə illərdir yayılan məlumatı fakt kimi təqdim etmək doğru deyil.
Hazırda mövcud arxiv araşdırmaları bu iddianı təkzib edir. Açıq mənbələrdə Paşinyan nəslinin daha qədim, məsələn, XIX əsrdən əvvəlki genealogiyası barədə geniş və müstəqil şəkildə təsdiqlənmiş məlumat çox azdır. Həmçinin, ata babası Nikol Arakel Paşinyanın İkinci Dünya müharibəsi zamanı Qızıl Orduda xidmət etdiyi də məlumdur.
Bəsti Rəfizadə






