Aİ-dən Ermənistana güzəşt: Rusiyanın mövqeyi zəifləyəcək?

Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsi (INTA) Ermənistandan Avropa İttifaqına idxal olunan geniş çeşiddə məhsullara gömrük rüsumlarının müvəqqəti ləğv edilməsini təsdiqləyib.
Qərar Rusiyanın Ermənistan ixracına tətbiq etdiyi ticarət məhdudiyyətləri fonunda verilib. Güzəştlərin kənd təsərrüfatı məhsulları və içkilər də daxil olmaqla geniş çeşiddə malları əhatə etməsi nəzərdə tutulub.
Bu qərarın əsas səbəbi iqtisadi dəstəkdir, yoxsa Ermənistanın Avropa bazarına daha çox inteqrasiyasına hesablanmış addımdır?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Elçin Xalidbəylinin sözlərinə görə, Avropa Parlamentinin Ermənistanla bağlı qəbul etdiyi ticarət qərarı, əslində, iqtisadi xarakter daşımır və bu, birmənalı şəkildə siyasi xarakter daşıyır:

“Çünki Avropa Parlamentinin Ermənistanla iqtisadi-ticarət münasibətləri Avropa Birliyi üçün elə də ciddi əhəmiyyətə malik deyil. Ermənistan kiçik bazardır və Avropa istehlakçısının maraqlarını təmin edə biləcək ciddi istehsalçı deyil. Eyni zamanda, təbii ki, Ermənistanın istehsal etdiyi məhsullar da Avropa standartlarına qətiyyən uyğun deyil. Təbii ki, bu, siyasi qərardır. Rusiya Ermənistanın Qərbə yaxınlaşma siyasətinə cavab olaraq Ermənistana qarşı sərt iqtisadi-ticarət sanksiyaları tətbiq edir. Ermənistanı Kreml Rusiya bazarlarından məhrum buraxır. Bu da faktiki olaraq Ermənistan iqtisadiyyatının çökdürülməsinə yönələn addımların atılması deməkdir”.
Politoloq Aİ-nin Ermənistana güzəşt etməsinin arxasında hansı səbəblərin və məqsədin dayandığını açıqlayıb:
“İndiki situasiyada Avropa İttifaqı üçün Ermənistanın Qərbə yaxınlaşma siyasəti böyük önəm daşıyır. Ermənistanı Rusiyadan qoparmağa cəhd göstərirlər. Ermənistanı mümkün qədər Kremlin təsir dairəsindən uzaqlaşdırmağa çalışırlar. Belə bir vəziyyətdə Rusiyanın sanksiyaları Ermənistan iqtisadiyyatını çökdürə və rəsmi İrəvanı Qərbə yaxınlaşma siyasətindən imtinaya məcbur edə bilər. Ona görə də Avropa İttifaqı Ermənistan məhsullarına qapını müvəqqəti olaraq açaraq Ermənistanı Rusiya qarşısında geri çəkilmək vəziyyətindən çıxarmağa çalışır. Bu qərar yalnız və yalnız bununla bağlıdır.
Təbii ki, əgər Ermənistan Rusiya bazarlarına alternativ bazarlar tapa bilməzsə, o zaman Paşinyan hakimiyyətinin Qərbə yaxınlaşma siyasəti də uğursuzluqla nəticələnə, iflasa uğraya və ən əsası, Ermənistanı yenidən Rusiyanın orbitinə qaytara bilər. Avropada, təbii ki, bunu istəmirlər. Ona görə də Ermənistana yeni ixrac məkanı açmaqla Paşinyan hakimiyyətinin Qərbə yaxınlaşma siyasətini dəstəkləməyə üstünlük verirlər. Bu baxımdan hesab etmək olar ki, Avropa İttifaqının qərarı iqtisadi-ticarət xarakteri daşımır və məhz geosiyasi hədəfləri reallaşdırmaq məqsədi güdür”.
Bəsti Rəfizadə






