İranın TRIPP-lə bağlı şərt kəsdi: Paşinyanın cavabı nə olacaq?

İranın TRIPP-lə bağlı şərt kəsdi: Paşinyanın cavabı nə olacaq?
Kateqoriya məlum deyil
T

İran TRIPP təhlükəsizliyi ilə bağlı Nikol Paşinyana şərtlər irəli sürüb. Məlumata görə, İran Ermənistandakı TRIPP layihəsinin təhlükəsizliyinin yalnız Ermənistan Silahlı Qüvvələri və ya ölkədə artıq mövcud olan üçüncü ölkənin silahlı qüvvələri tərəfindən təmin edilməsini tələb edib.

İranda Rusiyanın hərbi bazasının olması Moskvanın da bu məsələyə necə yanaşacağı ilə bağlı suallar doğurur.

Maraqlıdır, İranın bu təklifinə Paşinyanın cavabı nə olacaq? Rusiyanın bu məsələdə iştirakı real görünürmü?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri bildirib ki, İranın son narahatlığına dair açıqlamalar qətiyyən təsadüfi deyil:

“Doğrudur, İranda hər zaman belə bir narahatlıq olub. Ancaq diqqət etdinizsə, bir neçə gün öncə Rusiya tərəfindən bununla bağlı xüsusi fikirlər, xüsusilə də Rusiya Baş nazirinin müavini səviyyəsində açıqlamalar səsləndirildi. Bildirildi ki, guya TRİPP layihəsinin təhlükəsizliyini ABŞ hərbi qüvvələri təmin edə bilər. Bunun tamamilə real olduğu bəyan edildi. Dolayısıyla da İrana mesaj ötürüldü ki, belə bir potensial ABŞ hərbi təhlükəsi realdır və İran bununla bağlı tədbirlər görməlidir. Mənə görə, bu narahatlığı bir də məhz bu kontekstdə dəyərləndirmək lazımdır. Çünki bu məsələdə artıq İran və Rusiyanın ortaq fikirləri mövcuddur”.

Ekspert layihə çərçivəsində ABŞ qoşunlarının iştirakının ümumiyyətlə planlaşdırılmadığını qeyd edib:

“Bütün bu proseslərin Ermənistanın suveren hüquqları çərçivəsində baş verəcəyi açıq şəkildə bildirilib. Bundan başqa, Ermənistan dəfələrlə İran rəhbərliyinin diqqətinə çatdırıb və onları əmin edib ki, heç bir xarici hərbi qüvvə bu layihənin təhlükəsizlik prosesində iştirak etməyəcək. Ancaq İranın tələblərindən biri Ermənistanın silahlı birləşmələri ilə əlaqəlidirsə, digərində açıq şəkildə bildirilməsə də, dolayısıyla Ermənistan ərazisində yerləşən Rusiyanın 102 nömrəli hərbi bazasındakı qoşunlar nəzərdə tutulur. Yəni burada Rusiya ilə İranın mövqeləri bir-birini tamamlayır. Rusiya dolayısıyla bu yolu hər zaman öz nəzarətində saxlamaq istəyib. Hələlik isə buna imkan verilmir. İndiki şəraitdə Rusiya bunu İranın vasitəsilə etmək istəyir.

Düşünürəm ki, Paşinyan buna razılıq verməyəcək. Çünki bu məsələ ilə bağlı qərarlar birtərəfli qaydada qəbul oluna bilməz. Layihədə istənilən səviyyədə iştirak mütləq şəkildə tərəflərin hər ikisinin razılığı ilə mümkündür. Belə bir vəziyyətdə Rusiyanın hərbi iştirakını, yəni bu layihənin Rusiya qoşunları tərəfindən mühafizə olunmasını ABŞ tərəfindən qəbul etmək mümkün deyil. Düşünürəm ki, bunu Ermənistan da qəbul etməyəcək. Çünki TRİPP layihəsi beynəlxalq layihə olduğu üçün, eyni zamanda bir çox xarici şirkətlər üçün cəlbedici olduğundan, regional sülhün təmin olunmasına və sülhün bərqərar edilməsinə ciddi töhfə verən layihədir. Belə vəziyyətdə Rusiyanın bu layihənin təhlükəsizliyində iştirakı və təhlükəsizliyi təmin etməsi Qərb və digər xarici şirkətlər üçün müəyyən risklər yarada bilər. Çünki Rusiya ciddi şəkildə sanksiyalar altındadır. Prosesdə Rusiyanın iştirakı həmin şirkətlərdə müəyyən narahatlıq və risklər yarada bilər. Böyük investisiyaların qoyulması zamanı bütün risk amilləri nəzərə alınır. Ona görə də Ermənistan buna razı ola bilməz”.

Politoloq Ermənistan Təhlükəsizlik Şurasının katibi və ya Baş nazirin müavini səviyyəsində İrana xüsusi səfərin təşkil olunacağını da vurğulayıb:

“Sadəcə olaraq, Ermənistan Baş nazirinin mövqeyi növbəti dəfə İran rəsmiləri ilə görüşdə və yaxud öz açıqlamalarında birmənalı şəkildə ifadə ediləcək. Ermənistan rəhbərliyi tam təhlükəsizliyə təminat verəcək və TRİPP layihəsinin təhlükəsizlik prosesində ABŞ hərbi qoşunlarının iştirak etməyəcəyini bir daha bəyan edəcək. Mənə elə gəlir ki, dövlət səviyyəsində verilən belə bir təminat yetərlidir. Paralel olaraq bu narahatlıqları aradan qaldırmaq üçün Ermənistan dövlət rəsmilərindən birinin, məsələn, Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın və yaxud Baş nazirin müavininin səviyyəsində İrana konkret səfər təşkil olunsun.

Həmin səfər çərçivəsində İran rəsmiləri ilə, yəni həm hökumət, həm də təhlükəsizlik strukturlarının, o cümlədən SEPAH rəhbərliyinin nümayəndələri ilə görüşlər keçirilə bilər. Ən azı bu görüşlər zamanı Ermənistan tərəfindən ABŞ-nin prosesdə hərbi iştirakının istisna olunduğu ilə bağlı təminat verilə bilər. Məsələ bu şəkildə olacaq. Çünki Ermənistan bundan çox da irəli gedə bilməz, bu, Ermənistanın daxili məsələsidir. Əgər bu məsələ həqiqətən də çıxılmaz vəziyyətə çevrilərsə, Ermənistan-İran münasibətləri korlana bilər. Bu isə uzunmüddətli İran xarici siyasətinə uyğun gəlməz. Yəni hər bir halda İran Türk dünyasının ortasında fiziki əngəl kimi mövcudluğuna hər zaman dəstək verdiyi, İranın qohum hesab etdiyi Ermənistanı itirmək istəməz”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR