Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər

Avropa İttifaqı Almaniyanın Leypsiq hava limanında baş verdiyi iddia olunan diversiya ilə bağlı Rusiyaya qarşı yeni sanksiyaları müzakirə etməyə hazırlaşır.
Sfera.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Agentliyin mənbələrinə görə, Aİ nümayəndələri qarşıdakı həftələrdə Leypsiq hava limanında təxminən bir ay əvvəl içərisində partlayıcı maddələr olduğu bildirilən pilotsuz uçuş aparatının aşkarlanması ilə bağlı hadisəyə mümkün cavab tədbirlərini müzakirə edəcəklər.
Almaniya hadisənin arxasında Rusiyanın dayandığını iddia edib. Müzakirə ediləcək mümkün tədbirlər arasında Rusiya vətəndaşlarına turist vizalarının verilməsinin məhdudlaşdırılması, rusiyalı diplomatların hərəkətlərinə əlavə məhdudiyyətlərin tətbiqi və Rusiya neftinin qanunsuz daşınmasında istifadə edilən “kölgə donanması”na daxil olan daha çox gəmiyə qarşı sanksiyaların tətbiqi də var.
Bundan başqa, məlumata görə, Aİ Rusiyanın hərbi əməliyyatları ilə əlaqəli təxminən 1 600 fiziki şəxs və təşkilata qarşı yeni sanksiyalar tətbiq etmək üzərində işləyir. Təklif qəbul olunarsa, bu, Aİ-nin indiyədək tətbiq etdiyi ən böyük sanksiya paketlərindən birinə çevrilə bilər.
Almaniyanın Rusiyanı diversiya cəhdində rəsmi şəkildə ittiham etməsindən sonra Berlin Bonnda Rusiyanın konsulluğunu və Berlindəki Rusiya Evini bağlayacağını açıqlayıb. Moskva isə buna cavab olaraq Almaniyanın Höte İnstitutunun Rusiyadakı mədəniyyət mərkəzlərini bağlamaqla bağlı addımlar atacağını bildirib.
Firuzə Əliyeva






