Putin hərbi bazanı Ermənistandan çıxaracaq? - AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Gümrüdəki Rusiya hərbi bazasının ölkə üçün lazım olmadığını düşünəcəyi təqdirdə, Moskvanın hərbi bazanı çıxarmağa hazır olduğunu açıqlayıb.
Putin bu barədə Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin yekunlarına dair keçirdiyi mətbuat konfransında danışıb.
“Əgər Ermənistan hesab edirsə ki, Rusiya hərbi bazasına ehtiyacı yoxdur, biz hətta sabah da gedərik. Amma Ermənistan buna hazırdırmı? Buyurun. Biz heç kimə heç nəyi məcbur etməyəcəyik. Əgər erməni xalqı yanında Rusiyanın hansısa hərbi qüvvəsinin olmasını istəyirsə, biz qalacağıq, işləyəcək və əməkdaşlıq edəcəyik”, – deyə Putin bildirib.
Rusiya asanlıqla bazanı Ermənistandan çıxaracaqmı? Yoxsa bu sadəcə blefdir?
Mövzu ilə bağlı siyasi şərhçi Tural İrfan Sfera.az-a açıqlama verib. O bildirib ki, Putinin bu açıqlaması sadəcə blef olmasa da, dərhal və heç bir maneəsiz yerinə yetiriləcək sadə bir addım da sayılmamalıdır:

“Çünki bu, İrəvanı təhlükəsizlik riskləri barədə düşünməyə məcbur edən siyasi-retorik tələyə daha çox bənzəyir. Putin “Ermənistan hazırdırmı?” sualını verməklə Rusiya özünü, zorla heç kəsə qəbul etdirməyən müttəfiq kimi göstərmək istəyir. Əgər Ermənistan rəhbərliyi real olaraq bazanın çıxarılmasını tələb etsə, Moskva bu vəziyyətdən Qərbə və ya digər qüvvələrə qarşı, biz gedirdik, özləri istəmədi arqumenti ilə istifadə edə bilər”.
Ekspert Rusiyanın hərbi bazanı asanlıqla Ermənistandan çıxarmasının indiki halda o qədər də asan görünmədiyini bildirib:
“Çünki Gümrüdəki 102-ci hərbi baza Rusiyanın Cənubi Qafqazdakı hərbi-siyasi mövcudluğunun və təsir rıçağının əsas sütunlarından biridir. Moskva bu platsdarmdan asanlıqla əl çəkmək istəməz. Üstəlik də iki ölkə arasında 1995-ci ildə imzalanmış və sonradan 2044-cü ilə qədər uzadılmış rəsmi müqavilə var. Rusiya rəsmiləri daha əvvəl də bildiriblər ki, Ermənistan tərəfindən Gümrü bazasının ləğvi ilə bağlı onlara heç bir rəsmi və qəti dövlət siqnalı daxil olmayıb.
Putin bu açıqlama ilə topu Ermənistan tərəfinə atır. Rusiya bazanı birdən-birə və heç bir geosiyasi ticarət, yaxud təzyiq olmadan tərk etməyəcək, lakin Ermənistan Qərblə yaxınlaşma və Rusiya təsirindən tam imtina xəttini sərtləşdirməyə davam edərsə, bu məsələ real böhran müstəvisinə keçə bilər. Putinin bu bəyanatını İrəvana sətiraltı təhdid kimi də qiymətləndirmək olar. Yəni Ermənistanı bu bazaya ehtiyaclı duruma salmağa özündə güc, təsir rıçaqlarının olduğuna inanır”.
Bəsti Rəfizadə
Sfera.az






