Logo

Putin hansı şərtlə sülhə hazırdır? - AÇIQLAMA

Putin hansı şərtlə sülhə hazırdır? - AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Rusiya Ukrayna ilə mümkün enerji atəşkəsi məsələsində mövqeyini dəyişməyib. Moskva müvəqqəti atəşkəs deyil, sülhə nail olmağa çalışır”.

Bunu Kremlin sözçüsü Dmitri Peskov Sankt-Peterburqda keçirdiyi mətbuat konfransında bildirib.

Moskvanın mümkün enerji atəşkəsi ilə bağlı mövqeyinin dəyişib-dəyişmədiyi barədə suala cavab verən Peskov deyib: “Heç nə dəyişməyib. Bizə atəşkəs deyil, sülh lazımdır”.

Kremlin sözçüsü Ukrayna böhranının hərtərəfli həllinin yalnız Kiyevin nümayəndələrinin iştirakı ilə mümkün olduğunu vurğulayıb. Onun sözlərinə görə, Ukrayna məsələsini Kiyevdən hər hansı bir nümayəndənin iştirakı olmadan tam həll etmək mümkün deyil.

Peskov Finlandiya Prezidenti Aleksandr Stubun Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün qorunması, təhlükəsizlik təminatlarının verilməsi, eləcə də Ukraynanın iştirakı ilə ədalətli və davamlı sülhə nail olunması barədə açıqlamalarını da şərh edib.

Moskva indiki vəziyyətdə hansı şərtlər daxilində sülhə razı olacaq?

Bu barədə politoloq Natiq Miri Sfera.az-a açıqlama verib. O, Peskovun fikrini ziddiyyətli adlandırıb:

Putin hansı şərtlə sülhə hazırdır? - AÇIQLAMA

“Çünki hər bir sülh öncə atəşkəsdən keçir. Silahlar susmasa, sülh necə mövcud ola bilər? Eyni zamanda, bu fikir Rusiyanın özündən böyük iddialarının olduğunu da ortaya qoyur. Yəni bu, atəşkəsin yalnız Rusiya bütün istəklərinə nail olduqdan sonra mümkün olacağı deməkdir. Bu da əslində sülh danışıqlarına və müharibənin bitməsinə ən böyük əngəldir. Rusiya indiki vəziyyətdə, əlbəttə ki, Donbas vilayətinin bütövlükdə hərbi nəzarəti altına keçməsini istəyir. Halbuki Rusiya bunu beş ildir hərbi yolla həyata keçirə bilmir və bundan sonra da buna nail olacağı ehtimalı o qədər də yüksək deyil. Yəni Rusiya ordusu tükənib. Bu gün cəbhə xəttində üstünlük Ukrayna ordusunun tərəfindədir.

Digər tərəfdən, Rusiya uzaq məsafədən ballistik raketlər və reaktiv dronlarla Ukraynanın mərkəzi şəhərlərini, xüsusilə mülki infrastrukturu, yaşayış məskənlərini, mədəniyyət mərkəzlərini, hətta nəqliyyat vasitələrini və ictimai nəqliyyatı belə bombalamağa davam edir. Bununla da Rusiya bu cür dağıdıcı zərbələr endirməklə Ukraynanın təslim olacağını düşünür. Yəni Rusiya vaxtilə Suriyada, Bəşər Əsədin hakimiyyəti dövründə etdiklərini Ukraynada təkrarlayır. Xatırlayın, Hələb şəhərini və digər şəhərləri yerlə-yeksan edən Rusiya təyyarələrinin atdığı ağır bombalar idi. Bu gün Rusiya eyni üsulları Ukrayna dövlətinə qarşı tətbiq edir”.

Politoloq Rusiyanın maksimalist tələbləri olduğunu açıqlayıb:

“Rusiya Ukraynanın NATO-ya üzvlükdən birdəfəlik imtina etməsini istəyir. Ancaq Ukrayna NATO-dan imtina edəcəyi təqdirdə alternativ təhlükəsizlik zəmanətlərinin təmin olunmasını tələb edir. Buraya, ilk növbədə, güclü Ukrayna ordusu, daha sonra isə NATO, ABŞ və Avropa İttifaqı səviyyəsində hərbi təminatlar və təhlükəsizlik zəmanətləri daxildir. Bundan başqa, Rusiya rus dilinin Ukraynada yenidən ikinci dövlət dili statusunun bərpasını tələb edir. Eyni zamanda, Ukrayna dini qurumlarının və kilsələrinin əvvəlki qaydada yenidən Rusiyanın mərkəzi dini qurumlarına tabe olmasını istəyir ki, ideoloji baxımdan da Ukraynanı rahatlıqla idarə edə bilsin. Bütün bunlar maksimalist tələblərdir və onların sonu görünmür. Belə tələblər və iddialar irəli sürülür, ancaq digər tərəfdən, Rusiyaya müəyyən imkanlar da yaradılır. Donald Trampın Rusiyaya tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması, xüsusilə də dizel yanacağının satışına icazə verilməsi ilə bağlı addımları Rusiya üçün yeni maliyyə imkanları deməkdir. Bu, neft satışının həyata keçirilməsi üçün yeni bir nəfəs, yeni bir qapı, yeni bir pəncərə deməkdir.

Bundan başqa, Donald Tramp Rusiya Prezidenti Vladimir Putini təcrid vəziyyətindən çıxarır. Bəli, o, Mayamidə keçiriləcək Böyük iyirmiliyin (G20) tədbirinə Vladimir Putini və Lavrovu dəvət edib. Bu, açıq şəkildə Rusiya prezidentinin beynəlxalq təcriddən çıxması deməkdir. Digər tərəfdən, bilirsiniz ki, Çində keçiriləcək beynəlxalq bir tədbir də var. Sakit və Hind okeanları hövzəsi ölkələrinin iştirak edəcəyi bu sammit çərçivəsində üçtərəfli görüşün keçirilməsi ilə bağlı artıq müzakirələr aparılır və ABŞ-nin buna etiraz etmədiyi bildirilir. Bu, dolayısı ilə Rusiyaya qlobal güc statusuna malik olması görüntüsünü yaratmaq imkanı verir. Halbuki Rusiya artıq bu statusa heç bir vəchlə uyğun gəlmir. Çünki beş ildir davam edən müharibədə Donbas vilayətini belə tamamilə işğal etməyə nail ola bilməyən bir dövlət və ordu Ukrayna qarşısında aciz vəziyyətdədir. Belə bir görüşün təşkil olunması Rusiyaya edilən ən böyük güzəştlərdən biridir. Çünki iqtisadi imkanlar, ehtiyatlar, ordunun gücü, elmi və texnoloji nailiyyətlər, eləcə də inkişaf baxımından Rusiya nə Çinlə, nə də ABŞ ilə müqayisə edilə biləcək səviyyədədir. Bu göstəricilərə görə, Rusiya hər iki ölkədən xeyli zəifdir.
Buna baxmayaraq, əgər belə bir görüş baş tutarsa, bu, Rusiya üçün ən azı görüntü baxımından çox ciddi imic formalaşdıracaq. Rusiya özünü qlobal güc kimi təqdim etmək imkanı qazanacaq. Bütün bunlar Rusiyanın Rusiya-Ukrayna müharibəsindəki maksimalist iddialarından vaz keçməsi üçün edilir".

Ekspert sonda qeyd edib ki, əgər Rusiya rəhbərliyi həqiqətən də ölkənin iqtisadiyyatının tamamilə çökməsini, ordusunun məhv olmasını və dövlətin parçalanmasını istəmirsə, sülh sazişinə getmək məcburiyyətində qalacaq.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR