Deputat: “ŞƏT-də Azərbaycanın ən böyük strateji üstünlüyü Orta Dəhliz və Zəngəzur Dəhlizidir”

"ŞƏT-in genişlənməsi, şübhəsiz ki, onun geosiyasi çəkisini və beynəlxalq münasibətlər sistemində rolunu daha da artırır".
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov deyib. O bildirib ki, Çin, Rusiya, Pakistan, Hindistan, İran və Mərkəzi Asiya ölkələri kimi böyük iqtisadi və siyasi potensiala malik dövlətlərin eyni platformada təmsil olunması ŞƏT-i Avrasiya məkanında mühüm əməkdaşlıq formatlarından birinə çevirir.
"Azərbaycan üçün isə bu platformanın əhəmiyyəti ilk növbədə ölkəmizin artan nüfuzu, güclü iqtisadi potensialı və əlverişli geostrateji mövqeyi ilə bağlıdır. Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm nəqliyyat qovşağı olmaqla yanaşı, enerji təhlükəsizliyinin təmin edilməsində də mühüm rol oynayır.
Xüsusilə Orta Dəhlizin imkanları Azərbaycanın ŞƏT çərçivəsində təqdim etdiyi ən mühüm imkanlardan biridir. Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa arasında yükdaşımaların həcminin artması fonunda Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və digər nəqliyyat infrastrukturu ölkəmizin tranzit imkanlarını daha da cəlbedici edir. Eyni zamanda, Şimal–Cənub nəqliyyat dəhlizi Azərbaycanın həm regional, həm də qlobal logistika xəritəsindəki əhəmiyyətini artırır.
Azərbaycanın ŞƏT platformasından istifadəsi yalnız tranzit və logistika ilə məhdudlaşmamalıdır. Ölkəmizin enerji resursları, təbii qaz infrastrukturu, bərpaolunan enerji potensialı və yaşıl enerji layihələri də burada mühüm əməkdaşlıq istiqamətlərinə çevrilə bilər. Azərbayan ənənəvi enerji ilə yanaşı, yaşıl enerjinin istehsalı və ixracı istiqamətində də ciddi addımlar atır",- millət vəkili qeyd edib.
Parlamentari əlavə edib ki, Azərbaycanın regionda lider mövqeyi, müstəqil və balanslaşdırılmış xarici siyasəti, geniş nəqliyyat-logistika və artan iqtisadi gücü ölkəmizə və ŞƏT üzvülərinə əlavə imkanlar açır. Əsas məqsəd bu platformalarda iştirak etməklə Azərbaycanın milli maraqlarına uyğun iqtisadi, nəqliyyat və enerji layihələrinin sayını artırmaqdır:
"Hesab edirəm ki, Azərbaycan ŞƏT-də fəal iştirak etməklə yalnız öz imkanlarını təqdim edən ölkə deyil, eyni zamanda Avrasiya məkanında müxtəlif dövlətləri və iqtisadi mərkəzləri birləşdirən mühüm tərəfdaş kimi çıxış edir. Bu baxımdan Orta Dəhliz və Zəngəzur Dəhlizi (TRİPP) Azərbaycanın ŞƏT təşkilatında ən böyük strateji üstünlüklərindən biridir".






