İranın Trampa Xark adası ilə bağlı cavabı gecikmədi

İran Milli Neft Şirkəti ABŞ Prezidenti Donald Trampın İranın əsas neft ixrac terminallarından biri olan Xark adasının bombalandığı və “havaya uçurulduğu” barədə paylaşımını təkzib edib.
Sfera.az xəbər verir ki, İran Milli Neft Şirkətinin baş direktoru Həmid Bord “Fars” xəbər agentliyinə açıqlamasında Trampın Xark adası ilə bağlı paylaşımına münasibət bildirib. Trampın paylaşımını dəyərləndirən Bord deyib ki, Trampın tvitləri gülməlidir. Xarkdakı vəziyyət isə sakit və normaldır. Bord adada neft fəaliyyətinin davam etdiyini və əməliyyatların heç bir şəkildə pozulmadığını qeyd edib.
Həmçinin, Xark adasının daha əvvəl də ABŞ və İsrail tərəfindən bir neçə dəfə bombalandığını deyən Bord, hücumlara baxmayaraq neft sektorundakı fəaliyyətlərin davam etdiyini vurğulayıb. İran Milli Neft Şirkətinin açıqlamasından sonra Tehran Trampın Xark adasına hücum edildiyi və adanın dağıdıldığı barədə iddialarını rədd edib. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İranın ən mühüm neft ixrac terminallarından biri olan Xark adasının bombalandığını iddia edərək sosial media hesabında iki görüntü paylaşmışdı. Süni intellektlə hazırlandığı bildirilən görüntülərdə adanın bombalanaraq böyük dağıntıya məruz qaldığı göstərilirdi. Tramp paylaşımında “Xark adası havaya uçurulur” ifadəsini işlətmişdi.
İradə Elsevər
Sfera.az






