İrana görə 7 ölkə bir araya gəlir: Nələr dəyişəcək?

Avqustun 30-da İstanbulda İranla 2015-ci ildə imzalanmış nüvə sazişinin E3 kimi tanınan Avropa tərəfləri – Böyük Britaniya, Fransa və Almaniya, eləcə də Misir, Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin xarici işlər nazirlərinin iştirakı ilə görüş keçiriləcək.
Məlumata görə, danışıqların təşəbbüskarları Almaniya və Türkiyə olub. Nazirlər gündəlikdə duran aktual mövzularla yanaşı, Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin edilməsi yolları və regiondakı təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.
7 ölkənin İstanbulda İran məsələsini müzakirə etməsi hansı diplomatik mesajı ötürür? Görüşdən hansı nəticələr gözlənilir?
Sfera.az-a bu haqda açıqlama verən siyasi şərhçi Şakir Ağayev bu görüşün əhəmiyyətin izah edib:

“Yaxın Şərqdə İran-Amerika münaqişəsinin elə bir həddə çatdığı bir dövrdür ki, bundan nəinki Yaxın Şərq və region ölkələri, ümumiyyətlə, dünya ölkələri həm siyasi, həm iqtisadi, həm də enerji baxımından dərin bir böhran keçirirlər. Yəni bu münaqişə, Hörmüz boğazının İran tərəfindən bağlanması və Amerika tərəfindən blokadaya alınması dünyada çox güclü və böyük enerji böhranı yaradıb və bu böhran getdikcə dərinləşir. Ona görə də həm region ölkələrinin, yəni Yaxın Şərq ölkələrinin, həm də ona qonşu olan digər region ölkələrinin marağındadır ki, hər kəs öz diplomatik səylərini göstərərək, müəyyən mənada bu böhranın qarşısını alsın və bu müharibənin sona çatmasına çalışsın. Məlumdur ki, İran-Amerika münaqişəsində bütün dövlətlər münaqişənin bitməsinin tərəfdarıdır və bunu çox istəyirlər. Bu dövlətlərin diplomatik mesajı da ondan ibarətdir ki, İran və Yaxın Şərq ölkələri, o cümlədən region dövlətləri danışıqlar aparmaqla mövqelərini ortaya qoyur və münaqişənin başa çatmasını istədiklərini bildirirlər”.
Ekspert görüşün əhəmiyyətli olduğunu vurğulayıb, amma yekun bir nəticənin əldə olunacağını ehtimal etmir:
“Belə görüşlər müxtəlif formatlarda keçirilir. Müxtəlif dövlətlər İranla bu məsələləri müzakirə edirlər, amma çox təəssüflər olsun ki, hələ də nəticə yoxdur. Eyni zamanda, Yaxın Şərq ölkələri, ərəb dövlətləri Amerika ilə də müzakirələr aparırlar, lakin hələ də effektiv bir nəticə əldə olunmayıb. Çünki İranla Amerikanın şərtləri tamamilə bir-birinə ziddir. Ona görə də belə görüşlər, təbii ki, təqdirəlayiqdir, alqışlanasıdır. Amma yenə deyirəm, güman etmirəm ki, bu görüşlər tezliklə bir nəticə versin. 2015-ci ildə imzalanmış Nüvə sazişində üç Avropa ölkəsi var, amma əsas oyunçu olan Amerika yoxdur, Çin yoxdur, Rusiya yoxdur. Ona görə də bu, bir növ, regiona aid olan dövlətlərin narahatlığının ifadəsidir. Amma hər halda, İstanbul və Türkiyə əvvəldən bu münaqişənin yatırılmasında mühüm rol oynayan dövlətlərdən biridir. Türkiyə çalışır ki, onun da aid olduğu regionda problem tezliklə həll olunsun. Təkrar edirəm, bu görüşlər faydalıdır və əhəmiyyətlidir. Amma onların o qədər də güclü nəticə verəcəyinə, düzü, mən inanmıram”.
Bəsti Rəfizadə






