Laçın – yenidən doğulan bir Vətən

Azərbaycanın qədim yurd yerlərindən biri Laçın sadəcə coğrafi ərazisinə görə deyil, həm də tarixi, təbii sərvətləri, mədəni irsi və milli yaddaşımızdakı xüsusi yeri ilə seçilən bölgələrimizdəndir. Əsası ötən əsrin əvvəllərində qoyulan Laçın 1923-cü ildə şəhər statusu qazanıb, 1930-cu ildə isə rayon kimi formalaşıb.
Kəlbəcər, Şuşa, Xocalı, Xocavənd və Qubadlı ilə qonşu olan, qərbdən Ermənistanla sərhədlənən bu rayon 1835 kvadratkilometrlik ərazisi, zəngin meşələri, geniş yaylaqları və əlverişli coğrafi mövqeyi ilə Azərbaycanın strateji bölgələrindən biridir.
Uzun illər işğal altında qalan, sakinləri doğma yurd həsrəti yaşayan bu qədim diyar bu gün Azərbaycanın ən böyük quruculuq və inkişaf məkanlarından birinə çevrilib. Laçının bugünkü siması göstərir ki, güclü dövlət iradəsi, məqsədyönlü inkişaf siyasəti və xalqın milli birliyi ən ağır dağıntılara məruz qalmış yurd yerlərimizi tərəqqi və inkişaf nümunəsinə çevirə bilir.
1992-ci il mayın 18-də Laçın işğal olundu. On minlərlə insan doğma ev-eşiyindən didərgin salındı, yaşayış məntəqələri dağıdıldı, tarixi və mədəni irs məqsədli şəkildə məhv edildi. Bu işğal təkcə bir rayonun itirilməsi deyil, Azərbaycanın ərazi bütövlüyünə və milli yaddaşına vurulan ağır zərbə idi.
Lakin tarix sübut etdi ki, heç bir işğal əbədi olmur. 2020-ci ildə Azərbaycan Ordusunun qazandığı möhtəşəm Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Üçtərəfli Bəyanata əsasən Laçının Azərbaycana qaytarılması, daha sonra şəhərin, Zabux və Sus kəndlərinin tam nəzarətə götürülməsi xalqımızın çoxillik həsrətinə son qoydu. Bu, Azərbaycanın güclü dövlətçilik ənənələrinin, ordumuzun peşəkarlığının və xalqımızın sarsılmaz birliyinin parlaq təntənəsi idi.
Azadlıqdan sonra qarşıya qoyulan əsas məqsəd Laçını əvvəlkindən daha müasir, daha abad və daha inkişaf etmiş şəhərə çevirmək idi. Bu gün şəhərdə həyata keçirilən genişmiqyaslı layihələr sübut edir ki, məqsəd sadəcə dağıdılmış infrastrukturu bərpa etmək deyil, Laçını XXI əsrin ən müasir yaşayış məkanlarından birinə çevirməkdir.
Bu baxımdan Prezident İlham Əliyevin Sərəncamı ilə 26 avqust tarixinin "Laçın Şəhəri Günü" elan olunması xüsusi əhəmiyyət daşıyır. Bu qərar Laçının Azərbaycanın dövlətçilik tarixində tutduğu xüsusi yerin göstərixisidir. Hər il qeyd olunan Laçın Şəhəri Günü doğma yurdlarına qayıdan insanların sevincini, dövlətin güclü siyasi iradəsini və Azərbaycanın davamlı inkişaf strategiyasını əks etdirən əlamətdar tarix kimi xüsusi məna daşıyır.
Bu gün Laçın Azərbaycanın "yaşıl enerji" strategiyasının əsas mərkəzlərindən biridir. Rayonun zəngin su ehtiyatlarından istifadə edilməklə yaradılan su elektrik stansiyaları bölgənin enerji təminatını bərpa olunan mənbələr hesabına həyata keçirməyə imkan verir. Bu, həm ekoloji dayanıqlılığın, həm də ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində atılan mühüm addımdır.
Müasir şəhərsalma konsepsiyası əsasında hazırlanan Baş Plan çərçivəsində yeni yaşayış məhəllələri, məktəblər, xəstəxanalar, mədəniyyət müəssisələri, parklar və digər sosial obyektlər inşa edilir.
Nəqliyyat infrastrukturunun inkişafı da xüsusi diqqət mərkəzindədir. Yeni avtomobil yolları, tunellər və körpülərlə yanaşı, Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi şəhərin iqtisadi və turizm potensialını daha da artırır. Bu layihələr Laçını regionun mühüm nəqliyyat qovşaqlarından birinə çevirmək məqsədi daşıyır.
Laçında sənaye, kənd təsərrüfatı və turizm sahələrinin inkişafı üçün geniş imkanlar yaradılır. Yeni sənaye müəssisələri, turizm kompleksləri, kənd təsərrüfatı layihələri və xidmət sektoru həm yeni iş yerlərinin açılmasına, həm də regionun iqtisadi potensialının güclənməsinə xidmət edir. Rayonun zəngin təbii ehtiyatları heyvandarlıq, arıçılıq və digər kənd təsərrüfatı sahələrinin inkişafı üçün əlverişli şərait yaradır.
Laçının dirçəlişi Böyük Qayıdış proqramının ən uğurlu layihələrindən biridir. Uzun illər doğma yurd həsrəti ilə yaşayan ailələrin yenidən Laçına qayıtması tarixi ədalətin bərpasının ən parlaq nümunəsidir. Müasir yaşayış evləri, sosial infrastruktur, məktəblər, tibb müəssisələri və yeni iş yerləri insanların təhlükəsiz və rahat həyatını təmin edir. Bu, dövlət tərəfindən irəli sürülən bütün layihələrin mərkəzində insan amilinin dayandığını bir daha nümayiş etdirir.
Bu gün Laçına baxanda artıq dağıdılmış bir şəhəri deyil, yenidən doğulan bir vətəni görürük. Burada inşa edilən hər bina, istifadəyə verilən hər bir müəssisə, çəkilən hər yol və doğma ocağına qayıdan hər ailə Azərbaycanın Zəfər tarixinin canlı şahidləridir.
Laçın artıq təkcə işğaldan azad olunmuş şəhər deyil. O müasir şəhərsalmanın ən gözəl örnəklərindən biri, iqtisadi inkişafın yeni ünvanı və Böyük Qayıdış proqramının ən uğurlu seqmentlərindən biridir. Laçının bugünkü inkişafı dövlətin uzaqgörən siyasətinin, xalqın milli həmrəyliyinin və Azərbaycanın gələcəyə inamının ən parlaq təcəssümüdür.
Cavanşir Feyziyev, Milli Məclisin deputatı





