Kamaləddin Qafarov: “26 Avqust Laçının yenidən doğulduğu gündür”

“26 avqust təqvimdə sadəcə bir tarix deyil. Bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda əldə olunan tarixi qələbənin, xalqımızın iradəsinin və dövlətimizin gücünün rəmzinə çevrilmiş Laçın şəhərinin yenidən doğulmasını ifadə edir.”
Sfera.az bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata açıqlamasında bildirib.
O, xatırladıb ki, məhz buna görə də Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 26 avqustun Laçın Şəhəri Günü kimi təsis edilməsi xüsusi siyasi və mənəvi məna daşıyır.
“Laçın tarixən Qarabağla Şərqi Zəngəzuru birləşdirən mühüm strateji məkan olub. 1923-cü ildə şəhər statusu alan, 1930-cu ildə rayon kimi formalaşan Laçın öz zəngin təbiəti, geniş yaylaqları, meşələri və əlverişli coğrafi mövqeyi ilə hər zaman seçilib. Məhz bu strateji mövqe Ermənistanın işğalçılıq planlarında Laçını əsas hədəflərdən birinə çevirmişdi”.
Millət vəkili bildirib ki, 1992-ci il mayın 18-də Laçının işğalı Azərbaycanın ən ağır faciələrindən biri olub:
“Rayonun işğalı nəticəsində Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında birbaşa əlaqə yaradıldı və sonrakı hərbi-siyasi proseslərin gedişinə ciddi təsir göstərən təhlükəli vəziyyət formalaşdı. Yüzlərlə insan həlak oldu və itkin düşdü, on minlərlə sakin doğma yurdundan didərgin salındı. Tarixi, dini və mədəni irs nümunələri dağıdıldı, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları və digər sosial obyektlər talan edildi. İşğal dövründə coğrafi adların dəyişdirilməsi, qanunsuz məskunlaşdırma siyasəti və təbii sərvətlərin talanı beynəlxalq hüququn kobud şəkildə pozulduğunu bir daha göstərirdi.
Lakin Azərbaycan xalqı bu ədalətsizliklə heç vaxt barışmadı. Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər tarixi ədaləti bərpa etdi. Üçtərəfli Bəyanata uyğun olaraq 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı, 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri tam nəzarətə götürüldü. Həmin gün Azərbaycan Bayrağının yenidən Laçında dalğalanması xalqımızın yaddaşına əbədi həkk olundu. Laçının azad olunması uğrunda döyüşlərdə göstərilən qəhrəmanlıq dövlət tərəfindən yüksək qiymətləndirildi.
Minlərlə hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi. Bu mükafat yalnız fərdi şücaətin deyil, bütövlükdə Azərbaycan Ordusunun peşəkarlığının və xalq-dövlət birliyinin təntənəsinin ifadəsidir. Bu gün Laçın artıq işğalın acı xatirələri ilə deyil, azadlığın qüruru ilə xatırlanır. 26 Avqust- Laçın Şəhəri Günü keçmiş ağrıların deyil, gələcəyə inamın, milli həmrəyliyin və Zəfərin simvoludur. Azərbaycanın hər bir vətəndaşı üçün bu tarix bir daha sübut edir ki, xalqın iradəsinə söykənən güclü dövlət qarşısına qoyduğu bütün strateji hədəflərə nail olmağa qadirdir”.





