Bakı-Daşkənd müttəfiqliyi nələri dəyişəcək? – Şərh

Avqustun 24-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb. Buxara Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva yola salıblar. Qeyd edək ki, bu səfər çərvçivəsində iki ölkə arasında “Əbədi dostluq haqqında Müqavilə” imzalanıb. Qarşılıqlı əlaqələrin inkişafı fonunda keçirilən görüşdə mühüm məsələlərə toxunulub.
Maraqlıdır, bu səfər Azərbaycan siyasətində, iqtisadi və digər sahələrdə hansı nəticələri özündə ehtiva edəcək?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Zahid Oruc Sfera.az-a açıqlama verib.
O bildirib ki, Daşkənddə aparılan danışıqlar, imzalanan “Əbədi dostluq haqqında Müqavilə”, iqtisadi layihələr, Qarabağla Özbəkistan şəhərləri arasında qurulan yeni əlaqələr və səfər ərəfəsində Prezidentin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə irəli sürdüyü tezislər daha böyük strategiyanın konturlarını göstərir:
“Azərbaycanla Özbəkistan arasında son illərdə qurulan müttəfiqlik Xəzərin iki sahilini birləşdirir, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında geosiyasi vahidliyi təmin edir. Prezident İlham Əliyevin 2025-ci ildə Daşkənddə söylədiyi fikir baş verən dəyişikliyin siyasi tərifidir: Azərbaycan Cənubi Qafqazda yerləşsə də, Mərkəzi Asiya və Azərbaycan artıq “vahid geosiyasi və geoiqtisadi region” kimi çıxış edir. İki ölkəni yaxınlaşdıran ortaq türk mənşəyi, dil, mədəniyyət, tarixi yaddaş və mənəvi dəyərlər xalqlarımızın qədim tarixdən başlayan qardaşlıq münasibətlərinin təbii əsasını təşkil edir. Lakin çoxəsrlik yaxınlıq öz-özlüyündə müasir strateji tərəfdaşlıq yaratmır. Bunun üçün siyasi iradə, qarşılıqlı maraqlar və uzunmüddətli dövlət strategiyası lazımdır. İlham Əliyevlə Şavkat Mirziyoyev son illərdə həmin tarixi yaxınlığı dövlətlərarası müttəfiqliyə və iqtisadi əməkdaşlığın real institutlarına çeviriblər”.
Deputat İlham Əliyevin UzA-ya müsahibəsində açıqladığı staisitik rəqəmlərə də diqqət çəkib:
“Prezident Əliyevin UzA-ya müsahibəsində açıqladığı bir rəqəm münasibətlərin intensivliyini göstərməyə kifayətdir: son beş ildə ən yüksək səviyyədə 15 qarşılıqlı səfər həyata keçirilib. Azərbaycan Prezidenti iki ölkə arasındakı münasibətlərin ən yüksək pilləyə, yəni müttəfiqlik səviyyəsinə çatdığını bildirib və qazanılan uğurlarda Şavkat Mirziyoyevlə şəxsi dostluq, qarşılıqlı hörmət və etimadın xüsusi rolunu vurğulayıb.
Şavkat Mirziyoyevin Azərbaycanla dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafındakı xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilməsi də həmin siyasi xəttin qiymətləndirilməsidir. Ulu Öndərin adı və böyük siyasi irsinin Azərbaycanın coğrafiyasından qat-qat geniş məkanda tanınması, xüsusilə ötən əsrin 70-80-ci illərində Azərbaycanla Özbəkistan arasında yaranmış münasibətlərin tarixi yaddaşda qorunması bugünkü əlaqələrə mənəvi varislik verir. Özbəkistanın İlham Əliyevi ali dərəcəli “Dostluq” ordeni ilə təltif etməsi qarşılıqlı ehtiramın digər ifadəsidir.
Dövlətlərarası münasibətlərdə şəxsi etimad mürəkkəb geosiyasi dövrlərdə xüsusilə böyük siyasi kapitaldır. Bakı-Daşkənd xəttində həmin kapital artıq konkret nəticələrə çevrilib.
23 avqust 2026-cı ildə Daşkənddə imzalanmış “Əbədi dostluq haqqında Müqavilə” son illərdə aparılan siyasətin hüquqi-siyasi ifadəsidir. Şavkat Mirziyoyev İlham Əliyevin dövlət səfərini “tarixi əhəmiyyət” daşıyan hadisə adlandırdı. Tərəflər Ali Dövlətlərarası Şuranın üçüncü iclasının qərarını da imzaladılar.
Sənədlər paketində ən mühüm iqtisadi hədəflərdən biri 2030-cu ilədək qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılmasıdır. Beləliklə, siyasi müttəfiqlik artıq iqtisadiyyat qarşısında konkret rəqəmlərlə ölçülən vəzifələr qoyur. Özbəkistanın Azərbaycana münasibətini fərqləndirən mühüm cəhətlərdən biri isə Qarabağ məsələsində tutduğu mövqedir. Şavkat Mirziyoyev Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Qarabağa səfər edən ilk xarici liderlər sırasında oldu və münasibətini yalnız siyasi bəyanatlarla məhdudlaşdırmadı. Füzulidə özbək xalqının hədiyyəsi olaraq Mirzə Uluqbəy adına 960 şagirdlik məktəb tikildi. Prezident İlham Əliyev 2025-ci ildə Daşkənddə Mərkəzi Asiya liderləri qarşısında Füzulidəki Mirzə Uluqbəy məktəbini, Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzini və Ağdamdakı Qırğızıstan layihəsi olan Manas məktəbini Mərkəzi Asiya xalqlarının Azərbaycanın bərpa prosesinə qardaşlıq dəstəyi kimi xüsusi qeyd etmişdi”.
Parlamentari Özbəkistan şəhərlərinin Xankəndi və Laçınla birbaşa münasibətlər qurmasının postmüharibə dövrünün yeni diplomatik coğrafiyası olduğunu bildirib:
“Bir neçə il əvvəl Füzulidə məktəb tikən Özbəkistan indi Xankəndi və Laçınla şəhərlər diplomatiyası qurur. Qarabağ Azərbaycan-Özbəkistan münasibətlərinin artıq ortaq quruculuq və gələcək əməkdaşlıq məkanına çevrilib. 2025-ci ilin noyabrında Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət Görüşündə Azərbaycanın tamhüquqlu iştirakı haqqında qərarın yekdilliklə qəbul edilməsi region anlayışının özünü dəyişdirdi. Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistanın yaratdığı regional siyasi dialoq ilk dəfə Xəzərin qərb sahilinə çıxdı. Prezident Əliyevin həmin sammitdəki “Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi regiondur” fikri buna görə sadəcə siyasi bəyanat deyil. Azərbaycan coğrafi baxımdan Cənubi Qafqaz dövlətidir. Lakin XXI əsrin geosiyasətində regionların sərhədlərini yalnız xəritə müəyyənləşdirmir. Nəqliyyat yolları, enerji şəbəkələri, investisiyalar, siyasi ittifaqlar və təhlükəsizlik maraqları yeni məkanlar yaradır. Xəzərin hər iki sahilində məhz belə dəyişiklik baş verir. Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatı çərçivəsində yaxınlaşması da türk dövlətləri arasında əməkdaşlığın yalnız ortaq dil və tarixi yaddaş üzərində qurulmadığını göstərir. Enerji, nəqliyyat, gömrük, investisiya, rəqəmsallaşma və təhlükəsizlik artıq türk birliyinin iqtisadi-siyasi məzmununu dəyişir. Türk Dövlətləri Təşkilatı Xəzərin iki sahilini siyasi, tarixi və mədəni mənsubiyyət üzərindən yaxınlaşdırırsa, Orta Dəhliz həmin yaxınlığı fiziki və iqtisadi bağlantıya çevirir. Azərbaycanla Mərkəzi Asiyanın vahid geoiqtisadi məkana çevrilməsi isə Xəzərin əhəmiyyətini qat-qat yüksəldir. Deməli, Azərbaycan Mərkəzi Asiya ilə Qərb arasında aparılan yeni strategiyalarda masa arxasında formal olaraq hər formatın üzvü olmasa da, xəritə üzərində yan keçilməsi çətin olan dövlətdir.
Beləliklə, İlham Əliyevin Özbəkistana səfərinin nəticəsini yalnız imzalanan sənədlərin sayı ilə ölçmək olmaz. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqazın siyasi və nəqliyyat xəritəsində yeni imkanlar açıb. Özbəkistan isə Mirziyoyev dövründə Mərkəzi Asiyanın iqtisadi və siyasi çəkisini artıran əsas dövlətlərdən birinə çevrilib.
İlham Əliyev və Şavkat Mirziyoyev Azərbaycan–Özbəkistan müttəfiqliyini möhkəmləndirməklə yanaşı, Mərkəzi Asiya ilə Cənubi Qafqazın birləşdiyi yeni siyasi və iqtisadi məkanın qurucuları sırasında çıxış edirlər. “Əbədi dostluq haqqında Müqavilə” həmin böyük coğrafiyada iki dövlətin gələcəyə yönələn siyasi iradəsinin ifadəsidir”.
Bəsti Rəfizadə






